“QAPANIB MƏSCİDLƏR, KİLSƏLƏR İNDİ…”

09.04. 2020

Qapanıb məscidlər, kilsələr indi,
Yəhudi bağlayıb sinaqoqları.

Çıxaraq möhtəşəm tikililərdən,

Yaşayır möminin içində Tanrı.

 

 

Gecəli-gündüzlü asan iş deyil,
Tanrıyla bir canda yaşamaq amma.

Adam var taleyə başını əyir,
Çalışır, özünü salır nizama.

 

 

Dilə nəzarəti ciddi bərkidir,
Gözü ayağının altına baxır.

Sözündə, işində bütövdür indi —

Bilir Tanrı görür, eşidir axı…

 

 

Adam da var çaşır keçməmiş həftə,
Səbrini daraldır Tanrı hüzuru.

Suallar yağdırır, öcəşir hələ,

Cavabı öz bəsit dilində umur.

 

 

Anlamır öz qəlbi indi məbəddir,
Çırpınır, beyninə cin vuran kimi.

Vəhşi qiyamıyla içini didir,

Tanrının evini dağıdan kimi.

 

09. 04. 2020, Samara