BU DİSTANT TƏHSİLDƏ TƏZƏ NƏ VAR Kİ…   

SONY DSC

Bu distant təhsildə təzə nə var ki?

Həqir nökəriniz ağlı kəsəndən
Belə oxumurmu? Yaxındakının

Dərsi, düzü desək, axı nə dərsdi?…

 

 

Əsil müəllimlər uzaqdaydılar,
Arada zaman ya yol məsafəsi.

Haçan ki, sualım vardı onlara,
Yarırdı kosmosu onların səsi.

 

 

Nitqini yarımçıq kəsirdi Sokrat,

Ali məhkəmədən üzr istəyib.

Sonra sualıma qulaq asaraq,
Səbrlə verirdi cavab mən kütə.

 

 

Sualım çatırdı Sokrata bəzən,
Zəhər dolu camı qaldıran anda.

Müdrik hər qurtumla səifləsə də,
Yenə çalışırdı məni qandıra…

 

 

Saxlayır yazdığı kitabı birdən,
Padşah Mark Avreli gedirdi fikrə.

Gərək sadə deyə, maraqlı həm də.

Mənim kimisinin başına girə…

 

 

Şopenhauer də, Kant da beləcə,
Mənə dərs deyiblər on il, on beş il.

Çatır hövsələləri lap indiyəcən,
Heç biri sualdan yayınan deyil…

 

 

Mirzə Ələkbərdən, Mirzə Cəlildən,
Distant dərs alıram yaşın bu vaxtı.

Gülürlər: “Mirzəsən indi özün sən…”

Mirzəyəm,.. bu var ki, “Əlil”əm axı…

 

12.04. 2020, Samara