YAŞADIĞIN ÖLKƏ RUSİYADIRSA…

U LENİ. KİNO

Yaşadığın ölkə Rusiyadırsa,
Və özgə dildəsə yazdığın əgər —
Nə şeir, nə də ki, əsər sayılar,

Dəyəri oyuncaq əskinas qədər.

 

 

Pula bənzəsə də, yox məzənnəsi,
Uşağın başını bəlkə aldadar.

Özün qızarırsan, kiməsə versən,

İtirər özünü, çaşar alan da.

 

 

Oyuncaq biletdir yazdığın ya da,
Nə səni aparar, nə də özgəni.

Qatarlar nizamla keçər yanından,

Durarsan, yollara gözün zillənər.

 

 

Elə bil uşaqsan, qələbəlikdə,
Birdən itirmisən ata-ananı.

Yumşaq ürəklilər tökülüb gəlir,
Soruşurlar kimsən, nədir ünvanın.

 

 

Duruxub qalırsan, tutulur dilin –

Beləcə bir ömrün zəhməti itir…
Misralar yazmısan bəlkə neçə min,

Ünvana möhtacsan ikicə sətir.

 

05.05.2020, Samara