AH, ÖMRÜN GÜNLƏRİ NƏ SÜRƏTLİDİR…

08.06 2020

Ah, ömrün günləri nə sürətlidir,

Su ovuc içindən sızır elə bil.

Sən xəbər tutmamış həndəvərindən,
Günəş yer üzünü hərlənib gedər.

Yayın istisiylə canın qızmamış,
Bir də görürsən ki, qapındadır qış.

Yarı ömür keçir gözləmələrdə,

Gözümüz də yolda, gedir ömür də.

Görüşdən doymamış haqlar ayrılıq,
Nə qədər tələsək, geri qalırıq.

Qarıyar ağaclar, çiçəklər solar,
Güldana qoyula, kolda ya qala.

O qız dünənəcən çiçək kimiydi,
İndisə… Baxmasan yaxşıdır indi…

15-16.07. 2020, Samara