Nəinki atadan, anadan – hətta,
Qardaşdan xəlvəti siqaret çəkən,
İçməyən, bilməyən nə dad şərabda,
Evin min işinə yollanan erkən;
=
Böyük işi görən uşaqlığından,
Ancaq danlanan və məzəmmətlənən,
Görməyən doyunca anadan sığal,
Atası üstünə zəhmlə gələn;
=
Dünyanı telefon ekranı boyda,
Görüb xəyalında dünya dolaşan.
Ürəyi yurduna bağlı olsa da,
Uzaqlar eşqiylə canı alışan;
=
Hələ məclislərə çağırılmayan,
Qıraqda dayanan, toya getsə də.
“Ay uşaq” deyilən çağrılan zaman,
Xəlvəti nə vaxtdan qız istəsə də;
=
İndi bu sütülün yeri cəbhədir,
Böyüklər arxada, uşaqlar öndə.
Bəlkə hər addımla ölümə gedir,
Bəlkə sonuncudur hər anı indi.
=
Dünən nə iş görsə məzəmmətlənən
Uşağın bu günsə döyüşü haqdır.
Ona ümidini bağlayıb Vətən,
Milləti yerdən o qaldıracaqdır.
=
Şüar söyləyənlər, bayraq öpənlər,
Arxasında deyil, arxadadırlar.
Millətin varını gözə təpənlər,
Qaçıb soxulmağa yer axtarırlar.
=
Gedir, od içındən keçir bu uşaq,
Qeyrəti uğrunda xalqın, ölkənin.
Böyüklər, yekələr hay vurur ancaq,
Yığılıb baxırlar futbola sanki.
=
Yer-göy alovlanır, gedir əsgərim,
Ata qulluğuna gedir elə bil.
Salamat dönəsən, igidim, geri,
Ölkəni bilmirəm, anan gözləyir…
13-15. 10. 2020, Samara