YETİM ŞƏHİDİN XATİRƏSİNƏ

20.03. 2020

Tanrı mənə ömür verə nə qədər,
Qarabağ da cənnət ola təzədən,

O yerlərə ayaq qoysam mən əgər,
İlan çalsın dabanımdan gəzəndə.

=

Gedər olsam, ayaqlarım tutulsun,
Ödə dönsün, içsəm əgər suyundan.

Barı qalsın boğazımda, qan qusum,
Gülə baxsam, gözlərimi tuta qan.

=

Bu güllələr belə hardan atıldı,

Sütül əsgər, nə yıxıldın qəfil sən…
Yoxdu anan, yoxdu, oğul, atan da,
Ögeyliyi gördün həm də Vətəndən.

=

Bəlkə əsgər şəhidliyi şərəfdir,
Həlakının mənası da alidir.

Niyə yetim qabaqdadır, hədəfdir –

Mənə çatmır, anlamıram, vur öldür!

=

Qarabağa, oğul, ayaq qoymaram,

Azad ola, cənnət ola təzədən.

Yarı hopub, yarı yerdə qalır qan,
Hünər gərək orda gedib gəzəndə…

19.10. 2020, Samara