Əlbəttə, bir məna yoxdur həyatda:
İstər Platon ol, istər Arximed,
Dünyanın üstünü, altını kəşf et –
Məna çıxarmazsan, çıxarsan ad da.
=
İstər Aleksandr Makedonski,
İstər Çingiz xan ol, ya da ki, Sokrat.
Ən uca zurvəyə çıxara həyat,
Məna çıxmayacaq, yoxdur o çünki.
=
Məna əlaməti yox ölümdə də,
Ölümdə həyatın mücərrədliyi.
Ölümlə yaranır dəyər dediyin,
Qiymətə mindirir ölüm ömrü də.
=
Həyatda məna yox, hər kim olasan,
Toza, külə dönür Napoleonlar.
Nə fəth, nə kəşf ilə o, mənalanar.
Hardandır? Niyədir – anlamır insan…
=
Həyatda məna yox. Sevinc var ancaq,
Dərd də var. Həyatda sevgilər də var.
Bir gözümüz gülər, birisə ağlar,
Şirindir ilahi neməti duymaq.
=
Şəhid gənc! Bığ yerin tərləməmişdən,
Dağıtdı sinəni yağı gülləsi.
Daha sən nə sevinc, nə dərd bilərsən,
Dodağın dodağa dəyməmiş öldün.
=
Həyatda məna yox, dərd isə ümman.
Atanı, ananı yasın sarsıdar.
Üzülər, bükülər, bacın da varsa,
Dərd və ağrı tapır məna axtaran…
09. 11. 2020, Samara