Daha sən əvvəlki adam deyilsən,
Sönükmür içində, yaran ağrıdır.
Bəlkə qədim yunan faciəsindən,
Sənin müsibətin daha ağırdır.
=
Qapalı tabutda gəldi tək balan,
Əslində övladın hər biri təkdir…
Açmağın, baxmağın qəti qadağan,
Sığalı tabuta, bayrağa çəkdin…
=
Şəhidlər yüksəlir zirvəyə guya?
Görüb o zirvəni gələnlər hanı?
Min hoqqadan çıxar, nağıl uydurar,
Ölümə göndərən sənin balanı…
=
Budurmu Vətənin müharibəsi?
Xalqmı yayınaraq qalan harınlar?
Getdilər zülmətə həqir və səssiz,
Qurbanlıq quzu tək aparılanlar…
=
Sarsıdar yunanı, ingilisi də,
Sənin müsibətin, şəhid atası.
Yeganə oğluna ümid bəslədin,
İndi qiyamətə uzanar yası.
=
Yalan ayaq tutub, yeriyir indi,
Zirvə söhbətiylə baş aldadırlar.
Yerinə oğlunu göndərənindi,
Rütbə də, şöhrət də — dünyada nə var…
=
Qurbanlıq quzu tək getdi cəbhəyə,
Qapalı tabutda oğlunu aldın,
“Ölmədi, zirvəyə ucaldı” deyən
Harınlar çıxırlar indi daldadan…
=
Rəhbərin verdiyi dəmir medalı,
Saxla yaxşı yerdə, qoyma pas atsın.
Canı dişə yığıb başını qaldır,
Dərdin böyüksə də, əsgər atası!…
25. 12. 2020, Samara