Günaşırı gəlir, ya hər gün gəlir,
Parkın qırağında tutur yerini.
Bir anda məhəllə göyərçinləri,
Yığışıb doldurur həndəvərini.
—
Yaşının dibi yox, qədimdir qarı,
Sulu gözlərində işıq var ancaq.
İncəlib, gödəlib, çəlimsiz, arıq,
Qonsa bir budağa, saxlayar budaq.
—
Plastik paketdə gətirdiyiylə,
Fikirli yemləyir göyərçinləri.
Havada qapılır, udulur gilə,
Quşlar bir-birinin çiyninə minir.
—
Eyni bir nöqtəyə göz dikib qarı,
Hay-küyü kəsilmir göyərçinlərin.
Özü heç yeməyib bəlkə naharı,
Yesə də, bir quşdan az yeyir yəqin.
—
Bükür torbasının ağzını birdən,
Canlanır, çəliyə söykənib durur.
Yelləyir, çığırır, söyür deyəsən –
Dəvətsiz sərçəni süfrədən qovur.
—
Qalır boğazında qapdığı gilə,
Qaçır pırıltıyla sərçə pərt kimi.
Zəngin ziyafətə baxır həsədlə,
Bu həyat hoqqası başına girmir…
—
Elə insanlar da quşlara oxşar,
Fərqimiz çox deyil qanadlılardan.
Ruzi alan da var, sevilən də var,
Süfrədən qovulan, burunlanan da.
—
Tanrıdır, əlbəttə, ruzi verən də,
Mərhəmət yiyəsi, sevən də tanrı.
Ayrı-seçkiliklər fəqət görəndə,
Gəlir göz önünə torbalı qarı…
31. 12. 2020, Samara