Komandan çay içir Cıdır düzündə,
Sağında arvadı, solunda qızı,
Ya da ki, tərsinə. Ana qızından,
Cavandır elə bil beş-on yaş azı.
—
Görünür dumanlı dağlar arxada,
Görünən heç nə yox həndəvərdəsə.
Çay içir komandan, qızı, arvadı,
Çəkənlər vurnuxur önlərindəsə.
—
Görünmür bu çayı qoyan, dəmləyən,
Paxlava bişirən görünür nə də.
Belində bu masa, stullar gələn,
Əsgər indi durub hardasa gendə.
—
Yox bu paxlavalı masa dalında,
Şəhəri yağıdan qanıyla alan.
Yalınıəl əsgərin sağ qalanından,
Paxlavalı çaya yox çağırılan.
—
Çay içir komandan, qızı, arvadı,
Üçü də oturub hərbi geyimlə.
Yüz ildir l ölkəni idarə edir,
Bir əsgər verməyib ailə hələ…
—
Yatır torpaq altda sütül uşaqlar,
Dəmirdən medaldır onların haqqı.
Ali Baş Komandan! Soruşmaq olar? –
Sizin öz oğlunuz hardadır axı?…
!7. 01. 2021, Samara