Təpəgöz qolunu yaradan insan!
Əsirəm, aşiqəm istedadına!
Sənin əsərini oxusam haçan,
Yenə yaş axıtdım, ağladım yenə…
—
Getməsin heç kimin uzağa fikri,
Məni ayrı şeydir ağladan tamam.
Məni Təpəgözün törətdikləri,
Necə sarsıtsa da, yaş axıtmıram.
—
Elə ki, tək gözdən olur Təpəgöz,
Naləsi ucalır göyə elə ki,
O anda bəs deyil mənə iki göz,
Axıdam qan-yaşı, gedə sel kimi.
—
Təpəgəz boyunu yaradan düha!
Tanrı vergisiylə doğulan insan!
Qopur Təpəgözün elə ki, ahı,
Mənim ürəyimdən qara axır qan!
—
“Məni ala gözdən, yigit, ayırdın,
Səni tatlu candan ayıra Tanrı…
Göz dağı verməsin heç kimə Qadir…”
—
Bəlkə bir oxumuş, ya da ziyalı,
Tibbə, fəlsəfəyə baş vurar indi.
Qatilə, caniyə canıyananlıq,
Deyər Stokholm sindromudur.
—
Nə deyim…Bəlkə də… Oxuyun ancaq,
Bir də Təpəgözün monoloqunu.
Tanrı hüzuruna yaxınlaşınca,
Haçan, nə törədib, alır boynuna!
—
Baxın dünyamıza! Adamyeyənlər,
Görün nə qədərdir! Azmı ağladan
Qocanı, qarını? Görün nə qədər,
Xınalı gəlinin həyatı viran!
—
Nə maldan, nə puldan gözləri doyan,
Azmı həndəvərdə? Yad ömürlərə,
Qəsd edən, yetimə, kasıba qıyan,
Minləri qırdıran bircə əmrlə?
—
Qız-gəlin qarğışı, qarı qarğışı,
Birini tutubmu? Ya da haçansa,
Lap ölüm qabağı, axıdıb yaşı,
Üzr və mərhəmət diləyib hansı?
—
Talayır dünyanı ikigözlülər,
Nə sapsız qılınc var, Basat var nə də.
Dayanmaz, yaş axar, qan da tökülər,
Yenə yalnız gözün çıxan yerindən…
23.02. 2021, Samara