HACIBABA HÜSEYNOV: ONDA JAN QABENDƏ, BERT LANKASTERDƏ OLAN KİŞİ GÖZƏLLİYİ VƏ MƏLAHƏTİ VARDI…

HACIBABA HÜSEYNOV

Hacıbaba Hüseynovu bir  dəfə yaxından gömüşəm. Keçən əsrin yetmişinci illərinin ortasında yay sessiyası vaxtı təsadüfən Yasamalda bir məhəllə toyunun yanından keçirdik. Küçədə yekə kənd toyxanası qurulmuşdu. Çox ertə idi. İçəridə adam az idi, çoxu da gənclər və uşaqlar: tum çırtlayan kim, dondurma soran kim…İş yaşında olan gənclərin üzləri  ya ağır əməkdən, ya anaşadan, ya qıt və keyfiyyətsis yeməkdən və ya bunlraın hamısından təbii rəngini itirmiş, bozarmışdı.Toy yəqin ki, kasıb toyu idi və yığılanlar da zəngin deyildilər. Ancaq burda bir nəfər oturuşu, baxışı, ədaları ilə rəiyyətini yoxlamağa çıxmış padşaha oxşayırdı.

Bu adam müğənni Hacıbaba Hüseynov idi. Yanında da Ağasələim Abdullayev. Tarzən də padşahın yanında əyana bənzəyirdi…

Hacıbaba Hüseynov elə şahanə oturmuşdu ki, elə ləyaqət göstərirdi ki, bu kasıb toyxanada yaranan əzəmətə böyük konsert salonları həsəd apara bilərdilər…

Hacıbaba Hüseynovda Jan Qabendə, Bert Lankasterd olan kişi gözəlliyi və məlahəti vardı. O da müxtəlif keşməkeşlər səbəbiylə sosial dibə ensə də, ləyaqətini saxlayan, qadınları bir anda məftun edən, onlarla qalant, şahanə rəftar edən və bu kübar rəftarla ən düşgün qadında belə şəxsi ləyaqət duyğusu oyadan nadir kişilərin rolunu oynaya bilərdi. Təəssüf ki, Azərbaycanda kinematoqraf yoxdur…

Azərbaycanda ssenarini prezidetən doyub-dolanmadan pul, ev istəyən Ramiz Rövşən yazır. Belə şərəfsiz adamın yaratdığı kişi surətində hardan ləyaqət olar?

Siz Hacıbaba Hüseynovun şəkillərinə baxın. Necə geyim zövqü varmış! Hələ sovet dövründə necə eleqant paltolar, plaşlar tapırmış! Şlyapa başında necə oturur!

Mən son vaxtlar Hacıbaba Hüseynovun yazılarına qulaq asıram, toyda yazılanlara da. Həmişə məni güldürən bəy tərifini də Hacıbaba Hüseynov elə şirin, elə ürəkdən oxuyur ki, gözlərimdən yaş axır…

Alim Qasımovun ifasında çox məziyyətlərin mənşəyi Hacıbaba Hüseynovun sənətindədir. Hacıbaba sənətə heçyerdən gəlib, yəni öz oxu üslubunu özü yaradıb, ondan əvvəlki müğənnilərin içində eləsi yoxdur ki, deyəsən Hacı ondan nəsə öyrənib. Ancaq Hacının məktəbi var. Alim Qasımov başqa olmaqla çoxlu tanınmış müğənni bu məktəbin şagirdidir.

Hacıbaba Hüseynov şeir vurğunu olub, əruzlu şeiri hamıdan yaxşı bilib, yəni sinədəftər olub, özü də yazıb. Düzdür, Hacının yazdığı şeirlər onun vokalı səviyyəsində deyil, ancaq indiki müğənnilər üçün Hacının poeziyaya münasibəti örnək olmalıdır.

Yasamal toyu yadımdan çıxmır. Hacı şahanə oturuşuyla gözümün qabağındadır. Yəqin Napoleon Lonqvudda sürgündə olarkən beləcə ləyaqətini saxlayırmış.

Xatirən önündə baş əyirəm, sənətkar!

Xeyrulla Xəyal

26.02. 2021