YAĞI ƏLİNƏ KEÇƏN SALUR QAZANIN QOPUZ ALIB DEDİYİ:

Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boyu

Min-min yağı gördüm, “oyundur” dedim,
Məni qorxutmadı iyirmi min də.

Ot saydım mən otuz min yağını da,

Qırx minə çıxanda zəhmli baxdım.

Əlli min ər gördüm əl də vermədim,

Altmış min gəldi, dindirilmədi.

Səksən min ər gördüm, qorxu bilmədim.
Doxsan mini gəldi, yalındı əlim.

Yüz mini gələndə üzüm dönmədi,
Çəkdim üzü dönməz qılıncı qından.

Dilimdə Məhəmməd adı, tələsdim,

Meydanda çox başı top kimi kəsdim.

Ancaq “ərəm!” deyib öyünmədim mən,
Öyünən ərləri bəyənmədim mən!

Öldür məni kafər, əsirinəmsə,
Qara qılıncınla başımı kəs sən.

Bil ki, qılıncından çəkinmirəm mən,
Kökümdən, nəslimdən, öləm, dönmərəm!

DAHA SONRA DEDİYİ:

Uca qara dağdan yuvarlansa daş,
Mən onu dizimlə gerilədərdim.

Torpaqda ehramlar qaldırarsa baş,
Basıb dabanımla pərçim elərdim.

Qovğa qaldıranda bəy oğulları,
Yığıb qamçılayan Qazan ər idim.

Dağı duman ala, dolu da yağa,

Görünməyə qara atın qulağı,
Bələdçisiz igid yolundan çıxa,
Özü yol bacaran Qazan ər idim

Yeddibaş əjdaha üstünə vardım,
Heybətdən gözümün biri yaşardı,

“Gözüm, bu ilandan nə qorxdun”, — dedim,
Yendim əjdahanı, heç öyünmədim,

Öyünən bəyləri mən bəyənmədim.
Öldür məni, kafər, əsirinəmsə,

Qara qılıncınla başımı kəs sən.

Bil ki, qılıncından çəkinmirəm mən,
Kökümdən, nəslimdən, öləm, dönmərəm!

Kafər, igidlər var Oğuz elində,
Onlar dura-dura səni öymərəm!

26. 04. 2021, Samara