SON QIRX İLDƏ ANAR XUDADAT BƏYİN NƏVƏSİNƏ YOX, XUDAYAR BƏYİN NƏVƏSİNƏ BƏNZƏYİR…

19 dekabr, 2019-cu il. Leonid İliç Brejnevin doğum günüdür. Azərbaycan Yazıçılar İttifaqının 85 illiyi keçirilir. Anar Rəsul oğlu Rzayev çıxış edir.

“Doqquz il əvvəl mən yazıçılar üçün ev tikilməsi barədə müraciət etsəm də, müəyyən səbəblərdən həll edilməmişdi. Bunu da Prezidentə dedim, bu da öz həllini tapdı”.

Gurultulu və sürəkli alqışlar. Hamı qalxır.

“Nəhayət, Şabranda yaradıcı insanlar üçün şəhərcik salınmasını da ölkə başçısından xahiş etdim. Bu da müsbət həll olundu. Artıq orada tikinti işləri aparılır”.

Hamı çəpik çalır.

Yaradıcı insanlar üçün şəhərcik? Yəni yazarlar ayrı şəhərcikdə yaşayacaqlar? Sovetin axırına yaxın korlar üçün ya Tula ya da ora yaxın bir vilayətdə korlar üçün ayrı şəhər salırdılar. Orda ancaq korlar yaşayacaqdılar. Kor kişilər, kor kişilərin kor arvadları, onların kor uşaqları… Bilmirəm, bu layihə başa çatdırıldı ya yox… Deyəsən, Putin bütün Rusiyanı belə bir şəhərə çevirmək istəyir. Heç kim heç nə görmür…

Yazarlar şəhəri…Yazar kişilər, onların yazar arvadları, yazar oynaşlar…

Gurultula alqışlar…

Anarın ilhamlı çıxışı davam edir:

“Güman edirəm ki, 85 il yaşamışıqsa, şərəflə yaşamışıq”. 

Yalançının lap… Nə güman, a kişi, danılmaz faktlar var. 85 il bir-birinin ətini yeyiblər. on minlərlə donos yazıblar, bir-birini  edama, sürgünə göndəriblər. Şərəf hardaydı, rəhmətliyin oğlu, kimə gəlirsən…

“Lenin” poeması yazıb Stalin mükafatı almaqda nə şərəf? A kişi, heç olmasa, bu yaşında ürəyində Allah xofu olsun, dörd yol ayrıcında diz çöküb Yaradana yalvar ki, atanın da, sənn də günahlarından keçsin…

“Yazıçılar Birliyi Azərbaycan dilini, ədəbiyyatını, mənəviyyatını qoruyub…”

Yəni ambar sıçovulu kimi büdcə pulunu və əmlakını içəri ötürən Rəşad Məcid mənəviyyat qoruyur?

Mənəviyyat  Cəlil Məmmədquluzadədir, Sabirdir – onların vaxtında Yazçılar ittifaqı vardı? Yazıçılar İttifaqı Müşfiqi nə günə qoydu? Hələ Yazıçılar İttifaqı yaranmamış bolşeviklər Cəfər Cəbbarlını nə hala saldı? Şiller talantı ilə doğulmuş insan cəfəng pyeslərlə öz reputasiyasını məhv elədi…

“Bu ilin may ayında Azərbaycan Yazıçılar Birliyinin üzvü olan üç şairə Xalq şairi adı verildi…”

Kimdir o üç şair? Füzuli, Nəsimi, Vaqif?

“Üç yazıçıya Xalq yazıçısı…”

M.F. Axundov, C. Məmmədquluzadə, Çəmənzəminli?

Anar məruzəsində nədənsə demir ki, bir yazıçıya, yəni Yazçılar İttifaqında onun müavini, mənzil komitəsinin(!) sədri Rauf Aslanova “Əməkdar idman ustası” adı verilib. Xüsusi nailiyyətinə görə. Anarın qoçaq və qoçu  müavini Rauf Aslanov şair Fəzail İsmayılı elə Anarın qəbul otağında salıb təpiyinin altına, qol-qabırğasını sındırıb. Bu xəbər prezidentə çatan kimi dərhal sərəncamla ona “Əməkdar idman ustası” adı verib. Deyirlər ki, hələ Rauf Salmanova əməkdar bankir adı da veriləcək, çünki faizlə pul buraxır. Rauf Salmanov “Əməkdar dəllal” adı da ala bilər, İnternetdə onun mənzil fırldaqlarından da yazırlar…

Bir sözlə, Anar ədəbiyyatımızın Leninidirsə. Rauf Aslanov onun vuran əli, Stalinidir…

Yox, necə yəni “mənzil komitəsi”? Bu Rauf Aslanov hardan çıxıb? Anarın müavini… Yox, burda Lenin-Stalin bənzətmələri şişirtmədir. Bu yazıçılar ittifaqı Danabaş kəndi kimi bir şeydir. Anar qlavadır, Rauf Aslanov isə Xudayar bəy. Xudayar da ona görə bəydir ki, Qlava bunun anasını siğə eləyib…

Belə çıxır ki, Anar da bunun anasını…

Lənət şeytana!  Min lənət!

Bütün bu bulvarlara, göydələnlərə və başqa müasir hoqqalara baxmayaraq, Azərbaycan vəhşi feodal ölkə olaraq qalır. Böyük bir Danabaş kəndi. Cəlil Məmmədquıuadənin vaxtında ümid vardı, 1905-ci ilin Konstitusiya azadlıqları vardı, mədəni paytaxtımıxz Tiflis vardı, kapitalist Bakı vardı…

İndi hər şey, mədnəniyyət də, aqressiv nadanların əsarətindədir.

Ədəbiyyat isə yoxdur. Gədəbiyyat var.

Anar isə qırx ildir ki, Xudadat bəyin nəvəsinə yox, Xudayar bəyin nəvəsinə bənzəyir…

 

30.04. 2021, Samara