TƏKİN SÜFRƏSİ

Kef ya məzə deyil təkin süfrəsi,

Mükəlləfiyyətdir boynuna düşən.

Tikə boğazından sovuşur çətin,
Dadı duyulmadan yeyilir bişən.

Neçə göz  izləyir onu elə bil,

Görürlər çənəsi necə işləyir,

Görürlər hülqumu əsir, tərpənir,

Sayılır ağzında bəlkə dişləri.

Quş payı olsa da qabağındakı,

Ona elə gəlir yeyir mal kimi,
Tıxır, gövşəmir də, içəri basır,

Ötürür diliylə ya da yal kimi.

Hərdən elə gəlir süfrəsindəki,

Oğurluq matahdır, haramdır yəqin,

Ağzından yetimin tikəni çəkib,

Ya da çantasından yatan əsgərin.

Görüünr gözünə bəzən anası,
Bəzən atası da baxır dumandan.

Qalıb boğazında boğur tikəsi,

Borcludur onlara boğazınacan.

Qardaşı, bacısı yığılıb gələr,
Süfrəyə baxmazlar, ona baxarlar.

Eə bil deyərlər “yeyirsən hələ,

Tamamla, qabaqda səyahətin var…”

Ölümə məhkuma edam qabağı,
Açılan süfrədir təkin süfrəsi,
Hamının axırı eynidir axı,
Qurulub həngamə, yeyən tələsir…

Dadı duyulmadan yeyilir bişən,
Nə şoruna baxır, nə də şitinə.

Yeyib şükr deyir Tanrıya bəzən — 
Bəlkə işgəncəni bitirdiyinə…

24. 06. 2021, Samara