SƏMƏD VURĞUN: «AĞIR FİKİRLƏRƏ DALMIŞ ŞAUMYAN… QAFQAZIN QARTALI…»

İndi xəbər verim oxucuma mən

O “millət rəhbəri” Rəsulzadədən;

Toplamış məscidə müsəlmanları,

Yağlı vədələrə tutmuş onları;

Deyir: “Türkiyəni çağıraq gərək,

Bizə kömək olsun,  qılınc çəkərək,

Parlasın ədalət, mehri-hürriyyət,

Ucalsın göylərə şəfəqi-millət!..”

— Şarlatan

— Afərin

— Rəhbərə bir bax!..

— Vətəni yadlara bunlar satacaq!..

— Bir dayan!

— Nə dedin?

— O bir xaindir,

Sözünün pərdəsi millətdir, dindir…

Məscidi doldurur haray, qışqırıq,

Qarğış, hədələmə, söyüş, fışqırıq.

Mədənlər övladı cəsur bir insan

Yerindən sıçrayıb, danışır alan:

— “Ay rəhbər!” bəri vax! Çox 

                                           Lovğalanma

Çoşub, dəniz kimi heç dalğalanma!

Burnunu görürük bu pərdələrdən;

Ağzın köpüklənir danışanda sən. 

Süzüb gözlərini, qaşını çatma,

Ölkəni aldadıb, yadlara satma!

Yetər danışdığın millət adından,

Millət yuvasında ölür acından!

Bu yurdu talayan, dağıdan da siz,

Bugün- sabahlıqdır səadətiniz!”

Qoçular bürüyür bizim yoldaşı,

Kəsirlər xəncərlə düşünən başı,

Qoyulur köhnə bir divar üstünə…

Hörmət o yoldaşa, nifrət o günə!

……………………………………………………………

Ağır fikirlərə dalmış Şaumyan,

Xəyalı göyləri hey yara-yara,

Əlvida söyləyir qaranlıqlara…

Onsuz üzündəki fırtınaya bax!

Böyük bir həsrətlə boğulmuş rəngi;

Onmun baxışları alovlanaraq,

Əngin üfüqlərə dikilmiş gözü;

Yad edir Leninin teleqramını;

O dahi rəhbərin hər qızıl sözü

Yandırır qəlbinin sönməz şamını:

“Hələ siz gənc ikən inandım sizə,

Sizin polad kimi iradənizə.

Fəqət qarışıqdır bugünki həyat,

Cəsarət, ustalıq, bir də ehtiyat!

Siz ey cəbhələrdə sınanmış əsgər!

Bizimdir gələcək, bizimdir zəfər!”

“Haydı xına qoyun əllərinizə, 

Artıq gülümsəyir baxtımız bizə;

Gümüş qədəhləri qaldırın görək,

Bu məclis şənlənib qızışsın gərək!

Meydan bizimkidir, yaxın oturun,

Mehriban danışın, mehriban durun;

Səmti dəyişmişdir əsən rüzgarın, 

Sabah matəmidir komissarların.

Onlar bir fənd ilə keçmişdir ələ,

Qafqazın qartalı Şaumyan belə…

Torpağın üst qatı, dənizin dibi

Böyük Britaniyaya Hindistan kimi

Xəraclar verəcək bu gündən, əvət,

Gülür taleyimiz, gülür təbiət.

Bizim son ağası Azərbaycanın,

Bizimdir gələcək, artıq, inanın!”-

Dedikcə general, coşur alqışlar,

Gülür “səadətlə” kinli baxışlar.

Dinlə, ey qum çölü; dayan ey külək!

Qurtuluş istəyir döyünən ürək…

Gecənin qoynunda tıraq-tıraq-tar,

Ağcaqum çölündə uzanır qatar…

Qatar bir quş kimi havanı yarır,

Qatar xəyal kimi heçliyə varır.

Yolda nə gələn var, nə də bir gedən,

Dustaqlar boylanır pəncərələrdən…

Gecə aydınlıqdır, gecə dümağdır,

Qatar bu gecənin köksündə dağdır.

Dinlə, ey qum çölü, dayan, ey külək!

Odur, biyabanda dayanır qatar,

Türkmən paltarına girmiş saldatlar.

Bu sonsuz çöllərdə qum təpələri...