Sən elə böyüksən, adın önündə,
“Böyük” sözü özü kiçilib gedir.
Adın sadalanır hər addan öndə,
Belə yaşayırıq doqquz əsrdir.
—
Həmişə yuxarı başda yerin var,
Sən təksən, aşağı başda olan çox.
İncimir aşağı başda olanlar,
Yerinə heç kimin iddiası yox.
—
Həsrətik səninlə söhbətə çoxdan,
Susursan, susuruq — dili bilmirik.
Özgə sözləriylə sən tanınmısan,
Əslində necəsən — bilə bilmirik.
—
Dilini anlayan çoxmu adam var? —
Şair yox, heykəlsən sən bizə çünki.
Heykəl nə danışar, nə danışdırar,
Dilsiz pərəstişdir abidəninki.
—
Ulusan, böyüksən, Gəncənin oğlu,
Heyf ki, dilini bilmirik ancaq.
Qulpsuz çamadansan xəzinə dolu,
Nə aparmaq olur, nə də ki, atmaq…
15.08. 2021, Samara