MİLLİ QƏHRƏMAN ŞÜKÜR HƏMİDOVUN ATASINA: A KİŞİ, ÖZÜNÜ ƏLƏ AL, DÜNYANI BİZƏ GÜLDÜRMƏ…

Müharibə iştirakçısı olmuş hər bir əsgər, hətta döyüşlərdə yüngül yara almayan belə, xüsusu hörmətə layiqdir. Həlak olanların xatirəsini əziz tutmaq borcdur.

Azərbaycan ordusuun necə komplektləşdirildiyi heç kim üçün sirr deyil. Son müharibədə həlak olanların minindən çoxu haqqında İnternetdən məlumat toplamışam. Bu gənclər hamısı fəhlə-kəndli ailələrindəndir, şəhidlər arasında hətta aşağı səviyyəli məmurların da uşaqları yoxdur. Bir vaxt həm qərbdə, həm şərqdə imtiyazlı siniflərin nümayəndələri hərbi elitanın əsasıını təşkil ediblər. İndi Azərbaycanın əslində bütün xalqa məxsus olan sərvətləini mənimsəmiş, üstəlik ən yüksək vəzifələr tutan insanların ailələrində bir nəfər zabit, bir nəfər əsgər yoxdur. Fəhlə-kəndli balası həm vətənin şərəfini, həm də o şərəfsizlərin firavan həyatını, milyardlarını qoruyur.

Mənim keçmiş şagirdlərimdən birinin yeganə oğlu Şuşada noyabrın 8-də həlak oldu. İndi oğulsuz, uşaqsız, nəvəsiz qalmış ər-arvad necə yaşamalıdr? Saatlarla torpaqla, mal-heyvanla çalışandan sonra evə girəndə onları nə sevindirə bilər?

Heç nə!

Belə valideynlər sevinə bilmirlər, ovunmurlar! Müharibədən sonra nə qədər şəhid atasının, anasının öldüyü buna sübutdur.

Onu da deyim ki, keçmiş şagirdimin xüsusi təyinatlı oğluna ölümündən sonra dəmir medal veriblər. Bir tərəfdən deyirlər əsgərlərimiz qəhrəmanlıq göstəriblər, digər tərəfdən, canlarından keçmiş bu uşaqlara bir orden də qıymırlar.

Deputatların, icra başçılarının sinələrinə baxın –  hamısı qaraçı baronu kimi ordenlə bəzənib Yemlənməkdən buğaya dönmüş deputat Sabir Rüstəmxanlı bir ordeni özü üçün alanda, birini də arvadı üçün alır… Bu həmin Rüstəmxanlıdır ki, Aprel müharibəsinin çeyitləri yığılıb basdırılmamış qızına toy çaldırır, Ramiz Rövşənlə qol-boyun selfi çəkib paylaşırdı. Son müharibə bitməmiş Rüstəmxanlının özündəndə yoğun arvadına orden verildi. Yadınıza salıram ki, yeganə şəhid qadın Arəstə Baxışova həmin ordenlərdən birini qıymadılar!

Hanı mənim qəhrəman əsgərimin ordeni?

Niyə bu qəhrəman əsgərlərin beşinə, üçünə Milli Qəhrəman adı verilməyib? Bu ad yeganə oğlunu itirmiuş şagirdimi sevindirməsəydi də (nə sevnic…), bəlkə ovundurardı…

Ancaq sevinənlər var. Mərhum polkovnik Şükür Həmdovun atası. Oğluna Aprel döyüşlərinə görə Milli Qəhrəman adı verilib. Çox gözəl! Eşq olsun! Ancaq onu da deyim ki, bu döyüşlərə qədər uzun illər hərbi xidməti  ərzində cəsurzabit  Şükür Həmidov bircə orden də almayıb. Yəni verməyiblər. Sabir Rüstəmxanlıya, onun arvadına, Siyavuş Novruzova, indi tutulan ya hələlik iş başında olan quldur icra başçılarına veriblər, Şükür Həmidova  verməyiblər. Çoxlu medal alıb. Medal fabrikimiz əla işləyir, söz yoxdur. Yəqin o ucuz medallara Sabir Rüstəmxanlı kimi ordenli şairlər ad verirlər…

Əlbəttə, yaxşıdır ki,  Şükür Həmidov çoxdan layiq olduğu yüksək adı alıb. Ancaq bir məsələ də var. İndi Şükür Həmidovun atası Nəriman kişi nədənsə əmin olub ki, bundan sonra onun xüsusi statusu var, qəhrəman atası kimi xalqın adından danışmağa, hətta Konstitusiyaya (!) dəyişikliklər eləməyə tam ixtuyarı var. Bizim qanunverici orqanımız olan Milli Məclisdən xahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin.

Vallah, bu kişi başını itirib. Bəzi atalar oğullarının ölümündən sonra dərddən başlarını itirirlər, bu Nəriman kişi başını sevincdən itirib. Yəqin o qədər imtiyazlar verilib ki, kişi çaşıb.

A kişi, qəhrəman atasısan, bilirik. Lap qabağında baş əyməyə hazırıq. Sənin Konstitusiya ilə nə işin var? “Müzəffər ali komandan” nədir? Belə ad heç Stalində olmayıb. “Ömürlük prezident” nədir? Əslində bilirik ki, bu nədir, əslində Azərbaycanda elə belədir. Ancaq kim sənin başına yeridib ki, bu, yaxşıdır? Bəs prezident həyatını başa vurandan sonra nə olsun? Millət dəysin bir-birinə? Sən oğul itirmisən, mənim şagirdim də oğul itirib, onun itkisi səninkindən çox ağırdır, çünki onun subay və yeganə oğlu ölüb, bundan sora nəvə sevinci də dadmayacaq. Sən hansı şəhid atasından artıqsan ki, Konstitusiyanı dəyişdirmək isytəyirsən? Konstitisiya onsuz da o qədər dəyişilib ki, rus demişkən, yamaqlı yorğana dönüb… A kişi, belə bambılı hərəkətlərlə qəhrəman oğlunu da gözdən salarsan, ayıbdır, otur yerində…

Sən elə bilirsən prezident sənin məsləhətinlə oturub-duracaq? Birinci vitse-prezident vəzifəsi yaradılanda şəhid atalarıyla məsləhət eləmişdilər? Bəlkə parlament seçkilərində şəhid valideynlərinin rəyi nəzərə alınır? Otur yerində, Nəriman kişi, Olur, hamının ağlı çaşa bilər, özünü ələ al. Oğul itirmisən, sonra ad-filan, pul, mənzil, ora çəkirlər, bura çəkirlər… Buna hər beyin davam gətirməz…

Özünü ələ al, kişi! Oğlunun yasını saxla ölənəcən. Şah Davud oğlu Absalamın öldürüldüyünü eşidəndə yaxasını cırıb ağladığı kimi sən də ağla… Sənin Konstitusiya ilə nə işin var? Sən niyə öz xalqına hörmət eləmirsən? Sən Azərbaycan xalqıı naqis, mağmın, geri, yarımçıq sayırsan ki, ona demokratik idarəçiliyi yaraşdırmırsan. Yaxşı deyil!

Dişiylə-dırnağıyla, həyatı bahasına yurdu işğaldan, milləti rüsvayçılıqdan qurtaran soydaşlarımız öz kəndlərini, şəhərlərini, dövlətlərini idarə edə bilməzlər? Kiçik Neftçala rayonu Bakıdan on qat artıq şəhid verib, ancaq rayona ömrü boyu bir gün də ictimai-faydalı işlə məşğul olmamış bir tüfeyli gədəni başçı qoyurlar ki, onun da gözü ayağının altını görmür, qoyunları adama, adamı qoyunlara qatıb maşınla vurur. Bəlkə sən prezidentdən kindersürpriz Mirhəsən Seyidov haqqında soruşaydın? Neftçalallı Milli Qəhrəman Samid İmanov kimi oğullar cəbhədə öləndə onların yurdunu quldur icra başçısı, polis, deputat yağmalayır…

Şuşada canını qurban vermiş və dəmir medala layiq görülmüş qəhrəman kəndçimi Azərbaycanda kim tanıyır? Onu dünyaya gətirmiş, böyütmüş atanı, ananı tanıyan yoxdur, onlar prezidentlə Cıdır düzündə çay süfrəsinə dəvət olunmurlar…. Ancaq yüzlərlə lotu lotu-potunu, artisti, qafiyəbazı, oğru məmuru avtobuslara yükləyib daşıyırlar Şuşaya. Hamısı da deyir «qələbəmiz».  Qəlbə hardan sizin oldu? Kiminiz o qələbə uğrunda qan axıtdı?

İndi Anar Şuşada yazıçı qurultayı keçirmək arzusundadır. Bəlkə Anarın kimisə Şuşada vuruşib? Bəlkə on min üzvü olan Yazıçılar İttifaqı şəhid verib? İndi bir neçə min cızmaqaraçı gedib fəhlə-kəndli balalarının qan axıtdığı torpağa işəyəcək.. 

Nəriman kişi, dövlət başçısından xahiş eləməyə fürsət düşmüşdü? Xahiş eləyəydin  prezident xalqa icazə versin ki, heç olmasa, bələdiyyə deputatlarını özü seçə bilsin… Deyəydin ki, ay cənab prezident, niyə pulluların, vəzifəliləriun uşaqları  cəbhəyə getmirlər, onlar ordudan necə yayınırlar — rüşvətlə? Niyə prezidentin öz ətrafından bir nəfərinin uşağının sorağı ordudan gəlmir?

Yox, yaxşısı budur ki, susasan. Ləyaqətlə…

Nəriman kişi, sənin oğlun qəhrəmandır. Mənim şagirdimin oğlu Şahlar da qəhrəmandır. Sənin oğlunun rəsmi adı onu Şahlardan yüksəyə qaldrmır. Və sənə də ixtiyar vermir ki, özünü sirk artisi kimi aparıb dünyanı bizim millətə güldürəsən.

Ukraynalıların dediyi kimi: Qəhrəmanlara eşq olsun!

Qəhrəmanlar yetirən fəhlə-kəndli atalara və analara eşq olsun!

Xeyrulla Xəyal

25.10. 2021, Samara

===============

27 SENTYABR 2020-Cİ İL

Dan yeri qızarıb, tələsmir ay da,
Çəkilib getməyə göydən hələ ki.

Bəlkə son yuxudan durub piyada,
Baxmır aya, günə, gözü yol çəkir.

Nizam-intizamla dayanmış əsgər.

Geyim mükəmməldir, təzədir yaraq.
Baxışdan, üzdənsə uşağa bənzər,

Oda atılacaq indi bu uşaq.

Yersizdir Şekspir tərəddüdləri,
Burda “olum” yoxdur, “ölüm” var ancaq.

Hamletin taleyi öz əlindədir,

Beş əsr düşünür qərardan qabaq.

Səninsə taleyin bir əmrə bənddir,
Sahibi deyilsən öz həyatının.

Komandir “İrəli” qışqırar indi,

Gedərsən, minadır ayağın altı…

“Can, bala!” deyərək ağlayan anan,

Tikan qanadanda ayaqlarını,
Duyar aparanda səni qızıl qan,
Əl atıb dağıdar yanaqlarını…

Ay və gün yox olar, yer və göy itər,

Son verər bu savaş gənc həyatına,

Artırar Bakıda çevik fəhlələr,

Dəmir medalların hasilatını…

Şəklinə baxıram, şəklin ağladır,
Baxışdan uşaqsan, üzdən uşaqsan.

Zirvə söhbətləri hoqqa və lağdır,
Ölmüsən, haqqın var möhtəşəm yasa.

Məzarın önünə gəlib baş əyə,
Parket generalı, vəkil və nazir.

Ölkəni hərləyən, xalqı hərləyən,

Gəlib torpağına üz qoya bir-bir.

Qara bağlanaraq ensin bayraqlar,
Balaban çalınsın, Albinoni də.

Ali baş komandan, dizini qatla!

Müzəffər əsgərin borcunu ödə!

27. 01. 2021, Samara

========================================

P.S.

“VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI” ADI HAQQINDA

“Vətən müharibəsi qəhrəmanı” fəxri adı yəqin heyvərə bir məmurun fantaziyasındn doğub. Ümumiyyətə belə təsəvvür yaranır ki, fəhlə-kəndli balalarını müharibəyə göndərib özləri Bakıda və ya daha yaxşı yerlərdə keflərindən qalmayan məmurlar cürbəcür dəmuir medallar, adlar uydurmaqla xalqla başaldatdı oynayırlar. Böyük ədəbiyyat məmuru Çingiz Abdullayev təklif edir ki, şəhid anaları üçün “Şəhid anası” medalı təsis olunsun. Yəni ürəyi dağlanmış, günü qara olmuş, yediyi-içdiyi zəhrmara dönmüş ana boynundan oyuncaq asıb gəzdirsin… Çingiz Abdullayev və onun kimi boynuyoğunlar belə “mükafatları” xalq üçün təsis edirlər, çünki özlərinin şəhidləri yoxdur, arvadları, anaları boyunlarından başqa şeylər asırlar…

“Milli Qəhrəman”la yanaşı ikinci oxşar ad nəinki dolaşıqlıq yaradır, hətta onların hər birini şübhəli edir: “milli qəhrəman”ın qəhrəmanlığı “vətən müharibəsi qəhrəmanı”nın qəhrəmanlığından nə ilə fərqlənir? “Vətən müharibəsi qəhrəmanı” fəxri adı həm də 44 günlük müharibədə canlarından keçmiş və yalnız dəmir medala layiq görülmüş əsgər və zabitlərin şücaətini gözdən salır. Füzulinin, Ağdamın mina sahələrini adlamış, Şuşanı almış əsgərin hər biri qəhrəman deyilmi? Niyə iki-üçü nəfəri seçib sonralar rəsmi görüşlərə çəkmək, teleşoulara dartmaq üçün  üçün ad verirlər, qalanlarına isə dəmir medal? Deyirlər əsgərlərimiz fövqəladə qəhrəmanlıq göstəriblər. Fövqəladə qəhrəmanlığa görə dəmir medal? Dəmir medalı təlimdə özünü yaxşı göstərənə, üsy-başını təmiz saxlayana verərlər, həyatını itirənə yox…

Əlbəttə, fəxri adların və orden və medalların verilməsində həm təsadüfilik, həm də korrupsiya elementi var. Bizdə hərbi bürokratiya da başdan-ayağa korrupsionerdir, korrupsiya olmasaydı, ordu ümumxalq ordusu olardı, fəhlə-kəndli ordusu yox. Polad Həşimov, onu tanıyanların, onunla xidmət etmiş əsgər və zabitlərin dediyinə görə, doğrudan da yaxşı insan və yüksək səviyyəli hərbçi , komandir olub, ailə üzvləri də özlərini  ləyaqətli aparırlar. Ancaq ona “Milli Qəhrəman” adının verilməsi sitüativ qərar idi, ermənilərin vurduğu ağır yaranı soyutmaq cəhdi idi. Polad Həşimovun qəhrəman zabit olduğuna şübhə yoxdur, ancaq vurulduğu epizodda nə qəhrəmanlıq? O ki qaldı ölkəıni rüsvayçılıqdan qurtarmış, sağlamlıqlarını, həyatlarını itirmiş gənclərinizin yalnız dəmir medalla təltif olunmağına, bu həm sağ qalanlara, həm də ölənlərin xatirəsinə təhqirdir.

QƏHRƏMANLAR VƏ LOTULAR