Yazılan, deyilən bəlkə doğrudur:
Qiyamət günü var, cəhənnəm də var.
Yandıqca yanacaq orda günahkar,
Bir an sönməyəcək cəhənnəm odu.
—
Dəridən-qabıqdan çıxacaq yanan,
Dəri dönə-dönə təzələnəcək
Yalvarıb bir qurtum su istəyən tək,
Ərimiş qurğuşun alacaq insan…
—
Günahsız kim var ki? Bilirəm yəqin,
Cəhənnən doğrusa – yerim var orda,
Məni tikə-tikə doğrasalar da,
Ya da yandırsalar – buna layiqəm.
—
Hazıram tiyanda yanam əbədi,
Qurğuşun içməyə hazıram belə.
Anlaya bilmirəm mən ancaq hələ,
Əbədi cəzanın nədir məqsədi?
—
Ölən dirildilib oda atıla,
Qurğuşun verilə su istəyəndə —
Bu Tanrı adına yaraşır, nə də,
Anlamaq mümkündür adi ağılla.
—
Bəlkə işlədilə günahkar insan?
Ağır zəhmət çəkə, qan-tər axıda?
Qarnı ac, görməyə gözü yuxu da,
Şumlaya, becərə, biçə durmadan.
—
Hazıram işləyəm gündüz, həm gecə.
Qoşalar kotana, xışa – hazıram.
Sudan korluq çəkəm, ac ola qarnım,
Giley eləmərəm inciyəm necə.
—
Min il çalışaram, yüz il, yüz min il,
Bilirəm sayı yox günahlarımın,
Söndür bu əbədi tonqalı, Tanrı!
O, böyük adına yaraşan deyil!
12.02. 2022, Samara