Ah, nə ola ki, gələ,
Mənə elə bir ilham,
Qələmi alıb ələ,
Sevgidən şeir yazam.
—
Yatmayam uzun gecə,
Yazam şam işığıyla,
İsladam neçə-neçə
Vərəqi göz yaşıyla.
—
Ya qoşma Vaqif sayaq,
Ya Füzuıi tək qəzəl.
Vəzni taraz, cağbacağ,
Qafiyələri gözəl.
—
Yazam “kirprikləri ox”,
“Bel nazik, sinə meydan”,
Yazam iztirabım çox,
“Usanmışam canımdan”.
—
Sübh çağı şeir bitə,
Nöqtəsini qoyam mən.
Son bənddə ya beytdə,
Təxəllüsüm də hökmən.
—
Dərhal xəbər tutalar,
Şeirdən xanəndələr.
Alim Qasımov hətta,
Neçə adam göndərə.
—
Toylarda, AzTv-də,
Oxuna həftəbaşı,
Eşidib neçə evdə,
Axıdalar göz yaşı…
—
Ah, nə ola bir anlıq,
Tanrımın qüdrətiylə,
Qayıdaydı cavanlıq —
Bəsimdir bu an elə.
—
Ötəri bir baxışdan,
Yenə də diksinəydim.
Mənə bu baxış o an,
Heç yönəlməsəydi də…
—
Nə qoşma, qəzəl nə də,
Yazardım o baxışdan.
Əzizlər, gəzdirərdim,
Ürəyimin başında…
28. 07. 2022, Samara