Sarsıla bilərlər ilk eşidənər:
Bir baş yeddi yerə bölünüb qalıb.
Bölünüb, ölkələr gəzib nə qədər,
İtib dönə-dönə, yenə tapılıb.
—
İki min il əvvəl bu baş bədəndən,
Ayrılıb, o ancaq danışıb yenə.
Bir xanım dilinə sancıb iynə də,
Atılıb çirkabın dərin yerinə.
—
Çirkabda, torpağın dərin qatında,
Tapılıb vəftizçi Yəhyanın başı.
Yeddi ya daha çox hissəyə hətta
Bölünüb, dünyanı gəzib-dolaşıb.
—
Hələ çəkməmişdən tiyəni cəllad,
Bəlkə itirmişdi başını Yəhya.
Həbsinin xəbəri yetişən saat,
İsa çəkilmişdi tez Cəliləyə.
—
Orda öz işində: işıq bəxş edir
Korlara, lal olan dilləri açır.
Qaldırır tabutdan, ölü dirildir,
Tüpürür — ən ağır xəstəlik keçir.
—
Zindandadır onu vəftiz edənsə,
Cəllad itiləyir tiyəni artıq.
Tələsmir köməyə İsa nədənsə,
Onun Cəlilədə başı qarışıq.
—
Bircə tüpürcəyi, çırtmasıyla ya,
Zindan divarları çökəydi gərək.
Tanrını özünün atası sayan,
Biganə ya aciz – adi adam tək.
—
İtirib başını Yəhya Öngələn:
Omu həqiqətən göndərilən kəs?
Odursa ruhundan Tanrının gələn,
Zindan qapısını açmır niyə bəs?..
—
Bu vaxt izdihamlı yenə Cəlilə
Kütlə bayılmada möcüzələrdən.
Tabutdan sıçrayıb qalxır ölülər,
Sağalır bir anda cüzamlı bədən.
—
Vəftizçi Yəhyanı yox yada salan,
Cəllad tiyəsini indi endirər.
Böyük bir layihə varsa qabaqda
Tanrıya maraqlı deyil bir nəfər.
—
Özünü Tanrının övladı bilən.
Baxmır gözucu da Yəhudiyyəyə.
Öləcək tezliklə Yəhya Öngələn,
Tanrı fikri icra olunsun deyə…
—
Hələ çiyinlərdə, kəsilməmişdən,
Başını hər kəsin itirməyi var
Tanrının əmriylə görülən işdən,
Zehnin, intellektin varsa, baş çıxar.
—
Aclıq, pandemiya, müharibələr,
Uşaqlı-böyüklü bəşər qırılır.
Buludda ruh kimi görünsə əgər,
Yatırdar, əlbəttə, bir anda Tanrı.
—
Görünmür, yatırtmır…Yaşayar insan,
Beləcə, duası cavabsız qalar.
Bəlkə də fikrində Tanrının bu an,
Möhtəşəm bir işin layihəsi var.
—
Özü günahımdan, İlahi, keç sən! —
Prioritetlərin var sənin yəqin.
Dünən prioritet — Yəhya Öngələn
Bu gün və sabahsa İsadır yəni.
—
Səni Osventsimdə çağırırdılar,
Başı ağrıyan da səni səsləyər.
Səninsə möhtəşəm planların var,
Yayınarsan, bizi eşitsən əgər.
—
Bilmir layihənin sirrini bəşər,
Ali fikrindəki bilinmir nədir..
Başımız dağırlır düşünsək əgər,
Hər hissə elə bil yeddi yerdədir.
02.08. 2022, Samara