«QƏFİL GƏLMƏSƏ DƏ BİZƏ QOCALIQ…»

2021 лето

Qəfil gəlməsə də bizə qocalıq,
Gözlənilməz olur, sarsıdır hətta.

Hər gün özümüzdə azar tapırıq,

Vurnuxur, çıxırıq min hoqqadan da.

 —

Onlayn həkimlər, həkimxanalar,

İynə, dava-dərman, türkəçarələr.

Cürbəcür pəhrizlər sınaqdan çıxar.
Orucluq – taqətdən düşənə qədər.

 —

Birdən cin elə bil bizə buyurar  —

Qaçarıq – parklarda, yol qırağında.

Sprinterə dönüb quş tək uçan var,
At kimi çapan da, yorğa gedən də.

 —

Qaçırıq, qanrılıb dala baxmadan,

Eşitməsək də səs, duyuruq hənir.

Qəlbdə, əzalarda artır həyəcan:

Dabanbasma ölüm mələyi gəlir…

 —

A dost! Yaşıdımsan, bəlkə cavansan,
Ayaq saxla, eşit mən deyənləri.

Nə qaçış, nə pəhriz, həkim və dərman? –

Əzrail bunlara aldanan deyil.

 —

Qalın bir kitabı hər gün aç oxu
Ya da yığ yanına yüzünü birdən.

Oxu yatağında gəlincə yuxu,
Oxu birnəfəsə, ara vermədən.

 —

Almanları oxu, Kantı xüsusən.

Oxu yunanları, oxu farsları,
“Min bir gecəni” də elə oxu sən,
Yaşa ərəbdəki ehtirasları.

 —

Oxu Şekspiri, oxu Bodleri,

Jül Vern yaxşıdır yataqda gecə.
Mirzə Cəlili də oxu arabir,
Oxü gözlərinə yuxu gəlincə.

 —

Hər gün təzə kitab, təzə əhvalat,

Yeni bir aləmdir yeni səhifə.

Çiyninin üstündən boylanıb bu vaxt,

Bəlkə oxuyan var səninlə birgə.

 —

Tanrı özü ya da ölüm mələyi,
Elə təsirlənər sən oxuyandan,

Ömrünün üstünə qoyar ay və il —
Çıxar hətta ölüm söhbəti yaddan…

 

04. 08. 2022, Samara