Dönüb yaşasaydım vətəndə əgər,
Özümü, əlbəttə, yığışdırardım.
Saçı və saqqalı nizama çəkər,
Özümü vətənə yaraşdırardım.
+
Hökmən gödəldərdim dilimi orda,
Özümü lallığa bəlkə qoyardım.
Poqonlu qarşıma çıxarsa harda,
Mil durub mən onu salamlayardım.
+
Ayı tək yuxuya qışda gedərdim,
Beləcə keçərdi ilin yarısı,
Nə qayğım olardı, nə də ki, dərdim,
Nə dəyənək, nə də yumruq ağrısı.
+
Soxardım özümü yayda kol-kosa,
Ot yeyər, suyu da içərdim arxdan.
Yaxından keçəndə şübhəli kimsə,
Ürəkdən mələrdim hətta qorxudan.
+
Yəqin çıxarardım yazmağı yaddan,
Əlifba da yaddan çıxardı yəqin,
Xəta çıxa bilər orda nə yazsan,
Başa ziyanı var mütaliənin.
+
Hərdən çıxardımsa adam içinə,
Gəzərdin dinməzcə, başıaşağı.
Şükr eləyərdim hər keçən günə,
Təlaşla gözlərdim yenə sabahı.
+
Səhər açılanda əsərdi canım,
Rəhbərin şəklini görüb divarda.
Başıma bir neçə qapaz salardım,
Səhər idmanıdır bu guya orda…
20.12. 2022, Samara