“Fəlakət, qəzadır bir insan ölsə,
Statistikadır – ölürsə yüz min”.
Bir vaxt bunu deyən Kurt Tuxolski,
Özü dəhşətini yaşayıb hərbin.
+
Qovğası hələ də rusun tükənmir,
On minlər, yüz minlər qırılıb gedir.
Sayını boş yerə can verənlərin,
Bəlkə bilənlər var, millətə sirdir.
+
İndi statistik rəqəm qədər də,
Hərbi ölümlərdə sanki yox dəyər.
Qapıya vurulan, ya da səbətə,
Salınan hər topu qeyd edir bəşər.
+
İndi “layk”lardır statistika,
Sevinc də, qüssə də bəyənmələrdə.
Uzağı sayırıq topu ya tankı,
Əsgərdə dəyər yox mərmi qədər də…
+
“Bir insan ölümü – fəlakət, qəza”,
Deyirdi bir zaman Kurt Tuxolski.
İndi sosşəbəkə yas tutur bizə,
Görən layklayıb keçir tələsik…
!5. 01. 2023, Samara