SEVİNCİN XATİRƏSİ

sevinc.jpg

Noyabrın 19-da qardaşım qızı Sevincin 45 yaşı tamam olardı…

1984-cü ilin son və 1985-ci ilin bir neçə ayı ərzində Mskvada Karpovla Kasparov arasında şahmat tacı uğrunda sonu görünməyən final yarışı keçirilirdi. Mən Moskvadan təzə gəlmişdim, işsizdim, tez-tez Süleymangildə olurdum. Bir dəfə on iki yaşlı Sevinc məndən soruşdu:

  • Əmi, Kasparovgil nə qədər pul alacaqlar?

Dedim ki, ikisinə beş milyon dollar (səhv etmirəmsə, mükafat fondu bu qədərdi).

Sevinc, əlbəttə, beş milyon dolların nə qədər olduğunu təsəvvür edə bilməzdi, ancaq başa düşürdü ki, bu, çox puldur. Bir az fikrə gedib dedi:

  • Mən də yaxşı şahmatçı olsaydım, çoxlu pul udardım…
  • Çoxlu pulu udub neyləyəcəksən? – soruşdum.

-Xərcləyərdik də, — Sevinc dedi. Sonra məni gözdən keçirib əlavə etdi:

— Əmimə də üst-baş alardım…

Bir neçə ay idi ki, işsiz və pulsuz idim. Əynim köhnəlirdi…

On iki yaşlı Sevincin dediyi uzun ömrüm boyu eşitdiyim ən yaxşı sözlərdəndir…

Dərman kimi xatirələr var, ürəyin tutanda qoyursan dilinin altına…

Sevincin xatirəsi belə xatirədir…

23.11.2017

Samara

 

 

 

Реклама

QIRX GÜN, QIRX GECƏ GETDİ…

ANAMIN XATİRƏSİNƏ

          7

Qırx gün, qrx gecə getdi,
Sanki quş qanadında.

Ömür elə ki bitdi,

Ay da, il də bir andır.

============

Nida işarəsidir,

Elə bil məzar daşın.

Unudulub gedərsən,

Daşın da aşılanar.

====================

Oğulların ən pisi

Olsam da, qəlbimdəsən.

Qulağımdadır səsin,

Həmişə dilimdə sən.

================

Ölürüksə də burda

Bəlkə hardasa varıq.

Bəlkə səni sevən var,

Qırx min oğuldan artıq…

 

06 oktyabr 2015 Samara

BU BOZ PIŞİYİN DAHA…

ANAMIN XATİRƏSİNƏ

           5

 

Bu boz pişiyin daha,

İşi qaldı allaha.

Miyoldayır, vurnuxur,

Boyun burub duruxur.

Sığal üçün öləndi,

Sığaldan qaçır indi.

Girir-çıxır otağa,

Burun sürtür yatağa.

Dizinə dırmaşdığı,

Başına da çıxdığı.

Hərdən coşub əssə də,

Qarğısa da, söysə də,

Ağzının tikəsini,

Onunla bölüb-kəsən,

Qarı yox həndəvərdə —

Gəzir gözündə dərdi,

Evi, həyəti pişik —

Allaha qalıb işi…

 

  1. 09. 2015 Samara

 

 

ANAMIN BAŞI ÜSTÜNDƏN ASDIĞI ŞƏKİL

SABIR

Bu şəklin «şəklini» məməm öləndən sonra çəkdim — otuz ildən çox idi ki, böyütdürüb başının üstündən asmışdı…

Sabir Cəbrayıl oğlu Zeynalov anamın üç qardaşından ən böyüyü,  özündənsə kiçik idi. 1980-ci ildə xərçəngdən ölüb. Sabir Zeynalov yeniyetməlikdən ədəbi istedadı ilə təkcə Salyanda yox, həm də Bakıda tanınmış, qəzəlləri, qoşmaları, bədahətən dediyi meyxanalarıyla sevgi və hörmət qazanmışdır. Təəssüf ki, sovet dövründə bu janrlara münasibət mənfi olduğundan sağlığıda dayımın əsərləri çap olunmayb. Onu yaxından tanıdığıma görə deyə bilərəm ki, özü də heç vaxt çap olunmağa can atmayıb. Əlyazmalarını da saxlayıb arxiv yaratmaq qayğısına qalmayıb. Əsil faciə isə öləndən sonra baş verib. Dayımdan qalan yazıları da bir  fırıldaqçı guya aparıb çap etdirəcək vədi ilə ailə üzvlərindən alıb aparıb və o gedən olub…

Ancaq salyanlılar Sabir Arbatanlını unutmurlar. Toylarda indiyəcən dayımın qəzəlləri oxunur. Ümid edirəm ki, gec-tez onu itmiş ya oğurlanmış şerləri özünə qayıdacaq…

 BİR YAXŞI İŞ GÖRMÜŞƏM, ONUN DA MÜKAFATI LOPAQDIR…

 Bu yaxınlarda bir nəfərlə epistolyar janrda davam oldu. Davalaşdığım adam uzaqdan-uzağa, yəni Azərbaycanda elə qeyzlənmişdi ki, yəqin qolunun iki min kilometr uzunluqda olmadığına çox təəssüf elədi, yoxsa uzadıb ağzıma bir yumruq vurardı. Dedi ki, “sən ömrün boyu heç kimə bir qəpiklik yaxşılıq eləməmisən, ancaq faydalanmısan”.

O dəqiqədən gecəm-gündüzüm olmadı, yuxum qeybə çəkildi, çox çallışdım ki, yadıma haçansa kiməsə bir yaxşılıq elədiyimi yadıma salım, mümkün olmadı. Gördüm ki, doğrudan da elə mənə yaxşılıq eləyiblər, məndən isə yaxşılıq görən olmayıb, çoxlu insan ziyan da çəkib.

Üç gün, bir həftə…On günün tamamında birdən yadıma düşdü ki, mən bu davalaşdığım adamı bir dəfə Kürdə boğulanda xilas eləmişəm…

Bu hadisə sovet dövründə baş verib. O vaxtlar sudan adam çıxaranlara döş nişanı verirdilər. Bəlkə hələ üstündə beş-on manat da üstündə. Qəzetdə yazırdılar. Rusiyada indi də belədir. Ancaq, görünür, indi Azərbycanda sudan adam çıxarmaq yaxşılıq sayılmır və belə adamın mükafatı lopaqdır. Yaxşılıq toya bir bağlı pul salmaqdır, gəlirli işə, məsələn, vergiyə, gömrüyə düzəltməkdir, maşın bağışlamaqdır. Əslində bunda ədalət var. Çünki sudan adam çıxarmaqda yaxşı bir şey yoxdur. Bunu hamı bacarır. Sən çıxarmayacaqsan, gəlib bir başqası çıxaracaq, bəlkə başqası bir az gec gələcək, ancaq axır ki gələcək…

Çox fikirləşib gördüm ki, elə məni də kimsə xilas etsəydi, mən ona qarşı heç bir minnətdarlıq hissi duymazdım. Bəlkə də acıqlı olardım ona. Bəlkə də çalışıb bir yolla üstünə pul da kəsdirərdim: çıxarıb atmısan qırağa, indi dolandır məni…

Belə-belə işlər…

24.04 2015

Samara