Azərbaycanlılar haqqında onların özü tərəfindən inadla yayılan miflərdən biri millətin “qonaqpərvərliyi”dir. Mən otuz ildən çoxdur ki, öz vətənimə qonaq kimi gedirəm və bu “qonaqpərvərlik” haqqında geniş və dəqiq təsəvvürüm var.
Salyanda yaşı otuzdan çox olanlar Nuhunu ya görüblər, ya da haqqında eşidiblər. Mən eşidənlərdənəm. Sadə kənd müəlliminin oğlu olan Nuhunun sağlığındakı statusunu təyin etmək çətindir: Qoçu? Lotu? Fırıldaqçı? Bilmirəm. Nə yolla ad çıxardığını da bilmirəm. Ancaq “yeyib-içən”, “atıb-vuran” oğlan kimi tanınmağı şübhəisizdi. Mərhum Nuhuyla bağlı əhvalatı mənə danışan ya onun dostu, ya da dostunun dostu idi. Günlərin bir günü mərhum Nuhu uzun müddət görmədiyi dostuyla rastlaşır, zorla basır maşına, aparır kənddəki evinə. Maşından düşüb girirlər həyətə. Həyətdə xeyli hindyşka gəzirmiş ki, hərəsi bir at boyda. Mərhum Nuhu çıxarar cibindən tapançanı, “part” bir güllə hinduşkaların birinə və arvad-uşağa qışqırar ki, bunu aparıb ütün, kabab çəkəcəyəm qonağa…
Məndə heç vaxt ad, sərvət tamahı olmayıb. Yəni yaxşı başa düşürəm ki, “əməkdar geoloq”, “qəhrəman neftçi”, “xalq artisti”, “əməkdar polis”, “xalq çobanı” ya “xalq müəllimi” kimi adların insan mahiyyətinə heç bir dəxli yoxdur. Məgər İsa sağlığında ad daşıyıb? Heç Məhəmmdə də daşımayıb. O ki qaldı sərvətə, bu, insana müəyyən rahatlıqlar gətirər, xoşbəxt eləməz… Ancaq bu hinduşka əhvalatını eşidəndən bəri hərdən-hərdən, iki-üç iıdən bir, fikirləşirəm ki, belə bir dostun olmağı nə yaxşıdır. Səni basa maşına, həyətə girəndə tapançayla vura yıxa hinduşkanı ayağının altına…Düzdür, mən kabab yemirəm, olsa-olsa, hinduşka ətinin həlimini içərəm. Məsələ bunda deyil, məsələ hörmətdə, məhəbbətdə, qonaqpərvərlikdədir…
İstəkli bacım Sübü öləndən əslində qonaq getməli yerim də yoxdur… Getdiyim yerlərdən həmişə məyusluqla qayıtmışam. Çay gətirirlər, stəkan-nəlbəkiyə baxırsan və görürsən ki, stəkanda sarı ləkələr var, nəlbəki də çatlaqdır. Əlbəttə, evdə yaxşı çay dəsgahları var, ancaq o çay dəsgahları ayrı qonaqlar üçün saxlanıb…
Bizdə qonaq getmək də yasa ya toya getmək kimidir. Düzdür, xərclər yazılmır, ancaq yadda saxlanılır. Qonağın nə gətirdiyi və nə qədər yediyi ciddi hesablanır. Çox olur ki, qonaq gedəndən sonra bir ay dalınca deyinirlər: “Gətirdiyindən də ikiqat artıq yeyib getdi…” “Elə bil kurorta gəlmişdi…” Ümidlərini doğrultmayanda: “Yediyi haram olsun…”
Mən bilmirəm qonaqpərvərlik nə deməkdir. Hər yoldan keçəni çağırıb yedirb-içirmək? Yox, bunu heç kim eləməz. Kasıba əl tutmaqdırsa, bu, qonaqpərvərlik deyil, xeyruyyəçilikdir. Əgər sadəcə yaxın qohumların qarşılıqlı gediş-gəlişləri nəzərdə tutulursa, burda nə qonaqpərvərlik? İnsanlar bir-birlərinə borc hörmət göstərirlərsə, burda nə qonaqpərvərlik? Və boş əllə gəlmiş qonaqlar barəsində yüzlərlə lətifə danışan xalqda nə qonaqsevərlik?
Mən azərbaycanlıyam, bilirəm ki, azərbaycanlıların evlərində hər səviyyəli qonağın özünə uyğun nəinki menysu, hətta qab-qacağı, nəinki yatacağı, hətta oturacaq yeri də ayrıdır. Bacım Sübü öləndən sonra qonaq getdiyim yerlərdə yuxarrı başda yerim, xörəyin yağlı yerindən payım ( bu, söz gəlişidir, yağlı yeyə bilmirəm) olmayıb. Ona görə də qonaq getməyi tərgitmişəm. Əslində çağıran da yoxdur. Çünki bilirlər ki, mən onların bir işinə yarayan deyiləm. Azərbaycanda isə aşnalıqdan, dostluqdan, gediş-gəlişdən çoxdan bəri mənfəət güdülür…
Ancaq hərdən-hərdən qonaq üçün tapançayla vurulan hinduşka əhvalatı yadıma düşür və mərhum Nuhunun dostuna qibtə edirəm…
14 mart 2014 Samara
Понравилось это:
Нравится Загрузка...