Архивы

SALMANIN XATİRƏSİNƏ

 

Yaşadığın nə vaxtdı ki —

Dünyamızdan qopardılar!

Hansı mələk darıxdı ki,

Səni yoldaş apardılar?

 

Sən ayrılıq, sən itkisən,

Nisgilinsə çiçəklənir.

İllər ötür – həminkisən,

Yaşı olmur mələklərin…

                                         05-06 avqust 2007 Ərəbqardaşbəyli

SÜLEYMANIN XATİRƏSİNƏ

SÜLEYMANLA

Elə ki xəstədən gələn iylərdən
Dərman iyi olur ən dözüləni,

Ən qısa ay uzun görünür ildən –

Qardaşım, fevralda gəldi ölümün.

 

Şarlatan cərrahın bıçağı bəlkə

Yıxdı səni. Məkrə aldanan igid!

Ev döndü andlılar məhkəməsinə,

Tərəddüd… tələsmə…təsəlli… verdikt…

 

Nə dünya dəyişmək? Bir ağrıdan sən

Kəsildin. Çəkildin neçə adamın

Nə vaxtdan gərilmiş sinirlərindən.

Dərd oldun kiməsə. (Bu, bir gümandır…).

 

Ömür eləmirik. Ana əlləri,

Beşik yelləməkdən yadırğamamış,

Övlad tabutuna gah sığal çəkir,

Gah da qucaqlayır qəbir daşını.

 

Lumu ağacı tək xatirən indi,

Boy atar evində ətir saçaraq.

Nə etmək? Kiminsə pəncərəsində,

Bitən bir çiçəyə torpağıq ancaq…

                                            26-27mart 2007 Samara

ARX ÜSTDƏ, BUDAĞI ÇATIR ÇƏPƏRƏ…

                                                 Adıgözəlin xatirəsinə

Arx üstdə, budağı çatır çəpərə —

Hələ də bu narın barı yeyilir.

Sən onun altında çox gecələri,

Oyaq keçirmisən, qardaş, deyirlər.

 

Deyirlər daş üstə döşəkçə salıb,

Gəzməkdən bezəndə oturmağını.

Bəlkə də sökülüb, yunu çırpılıb,

Həmin döşəkçənin. Daşsa göz dağı.

 

Ha bu xəstəliyə tanrı dərdi de –

Ağrılar cəhənnəm ağrılarıdır.

Gələni-gedəni salıb heyrətə,

Sızıldamadığın, ağlamadığın.

 

Dindən uzaq idin. Bəlkə usanıb,

Tək olan tanrını yada salmısan.

Canının odundan gecə uzunu,

Bəlkə ulduzları sadalamısan.

 

Əziz… Sağlığında, nə gizlədək ki,

“Qardaş” da demirdik bir-birimizə.

“Qardaş” qardaşına gözətçi deyil” –

Nədən qan hayqırır, yaş tutur gözü?

 

Bu nar çiçəkləyir həmin həvəsdə,

Arxdakı bu su da o suya bənzər.

Təkcə oturan yox daha daş üstdə,

Çəpərdən boylansaq, qəbrin görünər…

20-21.03.2007, Samara

KANDARDA

       

Möcüzə sayılmaz, ölkədə əgər,

Su kranlarından neft axa birdən.

Əksinə, çoxumuz təəcüblənir  —

Açırsan kranı – su gəlir hökmən.

 

Fevral. Bələdiyyə xəstəxanası,

Üçüncü mərtəbə. Ciyər şöbəsi.

Tyalet. Gəlirsə burda su səsi,

Analiz verəcək deməli kimsə.

 

Çatlaq çanağında əlüzyuyanın,

Dünəndən bəlkə də laxtalanır qan.

Dünəndən bəlkə də unitaz dolu,

Özgə bir iy gəlir burda xlordan.

 

Dəhliz. Çevrilərək üzü divara,

Çəkib burnunacan üzsüz ədyalı –

Bilmirsən qocanı yuxu aparır,

Ya sistem ovudub – xəyala dalır.

 

Evdə ya imkan yox, ayrı şey ya da,

Pulsuz palatalar burdasa çatmır.

Həkim otağının kandarındadır,

Yatağı. Gətirib deməli baxtı?

 

Şəffaf torbasında yemək və …İncil –

Bu yerdə İncildən gərəkli nədir?

Əfsus! Bu kitabda təsvir edilmir,

Şimallar və ciyər xəstəlikləri…

 

                                      4-7 martn 2007, Samara 

ƏYYUBUN SƏBRİ

 

Sevinc balanın valideynlərinə

 

Dünyada torpaq çox, dünyada kül çox –

Başa sovuranlar ovunmur ancaq.

Dünyada yarpaq çox, dünyada gül çox,

Çələng toxuyanlar ovunmaz ancaq.

Bütün dərdlilərin təsəlli yeri –

Əyyubun səbri.

 

Dünyadan köçdüyü neçə min ildir,

Səbrini irs qoyub Əyyub elə bil.

 

Əyyubun səbri

Çoxdur varlıların səxavətindən,

Çoxdur kasıbların əziyyətindən.

 

Torpaqdan cücərər, günəşdən doğar,

Buludlarda yaşar, yağışla yağar.

Üşüyənə isti, yanana sərin –

Əyyubun səbri.

 

Düzləri dolaşar, zirvədə yatar,

Meşələrdə gəzər, sularda batar.

Sönər susuzluğu bircə damladan,

Beş çörəklə doyan beş min adamın…

 

Şeytan hiyləsiylə, şeytan şəriylə,

Döşləşər, bacarar Əyyubun səbri.

Allah qəzəbinin özündən belə,

Böyükdür, ucadır Əyyubun səbri.

Yaxşı ki…

 

16-18 fevral 2007-ci il, Samara

 

 

KOLAZÇI

Kolazçı zənciri ovuclayaraq

Tullayır kolaza. Onun yerini

Tutub çəpləyirəm, gedir yararaq,

Qoca kolaz Kürün ləpələrini.

 

Beləcə düz qırx il lələmin əli,

Çəpdən ayrılmadı gün batanacan.

Varını verəndən bolşeviklərə,

Keçid kolazıydı çörək ağacı.

 

Firqədən aralı, cərgədən uzaq –

Bilindi cərgəyə qoşulan deyil.

Kolazında nə gerb, nə də ki bayraq,

Amma tanınırdı suverenliyi.

 

Yolunu, yönünü dəyişdi Kür də,

Bağını, evini yudu, apardı.

İndi lal suların axdığı yerdə,

Axşamlar heç nədən dava qopardı.

 

Axara qarşıydı. Əlləri çəpdən
Qopmadı kimsəni alqışlamağa.

Axarla qovulan balıq görəndə,

Zəhmi çoxalardı qaş-qabağının…

                                                 21may 2007, Samara

 

BU TANIŞLIQ, BU GÖRÜŞ…

S.H.  — va

Bu tanışlıq, bu görüş,

Əlbəttə, bir təsadüf.

Təəssürü mənə xoş,

Bəlkə sənə — təəssüf…

 

Daha təsadüfidir,

Bəlkə yaxşı düşünsək,

Ki, biz indiyə qədər,

Görüşməmişik nəsə.

 

Müxtəlif ölkələrin,

Olsaq da vətəndaşı.

Sakiniyik bir dilin,

Yəni bir növ dildaşıq.

 

Dünyalar arasında,
Ən böyüksə dil necə.

Görüş ehtimalı da,

Burda çoxdur eləcə.

 

Söz var ki qaçaq salır,

Söz var ki yol azdırır.

Söz də var ocaq olur,

Yığılır, qızınırıq.

 

Daha biz belə xalqıq –

Sözün məəttəliyik.

Bəzən sözlə qalxırıq,

Bəzən sözə köləyik.

 

Tərifin çalışırıq,

Deyək ən şirinini.

Qardaş, heç olmamışıq,

Əlbəyaxa biz yəni?

 

Girib söz qalağına,

Saxlarıq başımızı.

A bəy, sən arxayınsan

Ki, biz görüşməmişik?

 

Hərçənd başa bəladır,

Yenə yurd tək əzizdir.

Bu dilə vətəndaşıq,

Sözük biz özümüz də.

 

Sabah torpağın tozu,

Kolların da kosuyuq.

Hələliksə biz sözük,

Kəlmə tək kəsilirik.

 

Yerli-yersiz deyilir,

Pozulur, qaralırıq.

Şayiə tək yayılır,

Qeybət tək qırılırıq.

 

Bəzən yerə düşənik,

Bəzən saylı inciyik.

Ehram kimi möhtəşəm,

Eyham kimi uncəyik.

 

Gah dodaq altındayıq,

Gah da dil ucundayıq.

Gah qulaq ardındayıq,

Gah yaddaş küncündəyik.

 

Torpağıq, ot-ələfik,

Bu gün. Sözük biz sabah.

Yəqin bu təsadüfi

Görüşün də ardı var…

 

                                                yanvar 2007, Samara

 

 

KƏLLƏ

Keçsən də əldən-ələ,

Zəfər kubokuna yox,

Əcəl camına, kəllə,

Sənin bənzəyişin çox.

 

Vaxt vardı ki baş idin,

Üstündə dəri vardı.

Beyin vardı içində,

Düşünərdin, arardın.

 

Sənə dayaq çiyinlər,

Bəlkə səhəng daşıyıb,

Bəlkə tüfəng – bilinmir

Məşğələn, yaşayışın.

 

Harda, haçan – qaranlıq,

Bu dünyaya gəldiyin.

Neçə il yaşadığın,

Niyə öldürüldüyün.

 

Üstündə nəinki qan,

Göz yox, qaş yox, ağız yox.

Kim öldürüb və haçan –

Bir şahid yox, kağız yox.

 

Çəkişirlər ölkələr,

Qətiyyətlə, inadla.

İş açır məhkəmələr,

Hərbi tribunallar.

 

Vurnuxur diplomatlar,

Ordular nizamlanır.

Nə qədər and içən var,

Ala sənin qanını.

 

Bəlkə də Habilinsən,

Qabilinsən bəlkə sən.

Qüdslü, babillisən –

Sən insan kəlləsisən.

 

Görkəmdə qlobussan,

Kiçik yer kürəsisən.

Sən hamıya məxsussan,

Sən heç kimin deyilsən

09 may2007 Samara

 

 

SƏDDAMIN EDAMI

                                                        

Bəlkə rəqəmlərdən qabaq yaranıb,

Bənzədib yaradan bəlkə də sıfra.

İyirmi birinci, ya da hər hansı

Əsr bu ilgəklə heçliyə varar.

 

Dönür sanki vurma işarəsinə,

Elə ki salınır boyun ilgəyə.

Nə hesab çəkəsən, kimlə çəkəsən,

Heçnə nəticədə alınar yenə…

 

Sabunla sürtülüb, yağa salınıb,

Neçə cür sınaqdan keçib bu ilgək.

Ölçülüb, bəlkə də kvadratlanıb,

Səddamın boynuna biçilib ilgək.

 

Canlı yayım gedir, planet indi,

Ağzını ayırıb baxır edama.

Çevrəyə salırlar prezidenti,

Mehvərə çevrilir boynu Səddamın…

 

Həyat çevrə üstdə, gediş çevrəli,

Çevrəsi bəllidir hər boyunun da.

Bu gün müstəbidi devirənlərə,

Çevrədən görünür çıxış yolu da.

 

“Allah əkbər!” dinir, çəkilir bıçaq,

Ayrılır ölü baş ölü bədəndən.

Qan axar, quruyar, qan ölməz ancaq,

Canlanar, min yerdən sızar yenidən.

 

Nöqtə fırlanırsa – xətt olacaqdır,

Çevrədə eynidir ön də, arxa da.

Hər vurulan boyun bir navalçadır,

Ki, qan sellərini yığıb axıda…

22-23 iyul 2007, Samara