DOĞUM GÜNÜ

                               XEYRULLA XƏYAL

 

Al  totuq yanaqları,

Köpürərək balaca,

Tortda yanan şamları,

Üfürür həyəcanla.

 

Çox deyil hələ şamlar,

Nəfəs güclü uşaqda.

Milyon şamın odu var,

Gözündəki işıqda…

 

Mənimsə doğulduğum,

Uzaq qədim o yurdda.

Belə günün olduğu,

Çətin düşərdi yada.

 

Sevgidə yox, günahda,

Uşaqlar yaranırdı.

Bu tarixdən ana da,
Ata da utanırdı…

 

                                       29-30 noyabr 2008, Samara

 

 

Реклама

ORDA

                                            Xeyrulla XƏYAL

     

 

Ad alan, ya almayan,

Adı qalan, qalmayan –

Orda biz bərabərik,

Ora adsız gedərik.

Tanınıb çağrılacaq,

Hərə öz günahıyla.

Orda bircə ad ancaq

Anılar, dinər: Allah!

Günə, aya bölünməz

Zaman, keçər – bilinməz.

Orda uşaq seçilməz,

Qocadan, qoca ölməz.

Kül də törəməz oddan –

Yoxdur orda yaradan…

 

01-08.10.08 Samara