Архивы

SABİR ƏLƏKBƏROVUN ÖLÜMÜNƏ

sabir.jpg

 

Niyə doğuluruq, niyə ölürük? –

Bilmirik mənası həyatın nədir.

Gah ilahi nemət, gah da ağır yük,

Sevinclə gün gəlir, ağrı tək gedir.

 

 

Mənası varsa da, o, sirdir ancaq,
Bilən yaradandır o sirri təkcə.

Tanrı tək əlçatmaz, Tantı tək uzaq,

Nə qədər düşünək, axtaraq necə.

 

 

 

Həyatda sevinc var, həyatda dərd var,
Sevir, sevilirik, aldanırıq da.

Sevən, qayğımıza qalan adamlar –

Gedəndə düşünək qalanları da.

 

 

Bilmirik mənası nədir həyatın,
Bizə açan deyil sirrini Tanrı.

Özün nə elədin, nəsə yaratdın –

Tək bunun mənası, qiyməti vardır.

 

 

Məna axtaraydın kaş bir əlli il,
Qolunun gücündən  yer-göy əsərdi.

Faciə yaratdı fəqət əllərin,
Mənasız. Dərdinsə anana bəsdir.

 

19. 08. 2019

Samara

KƏŞFLƏR, BİLİKLƏR GÜNBƏGÜN ARTIR…

KÜRÜN ÜSTÜ

Kəşflər, biliklər günbəgün artır,

Artır günbəgün də bilmədiklərim.

Başım, ha sındıram, anlamır artıq,

Ayağı biləni indikilərin.

 

Teleşəkillərin, telesəslərin,

Bilmirəm nə yolla yarandığını.

Mobil rabitənin prinsipləri,

Mənə, ha öyrənəm, qaranlıq qalır.

 

Adi hesab deyil indi rəqəmlər,

Bəs nədir? – Bu haqda yox təsəvvürüm.

İşi, idarəsi peyklərin də,

Mənə aydın olmaz, həsr edəm ömrü.

 

Aydan, ulduzlardan məlumatım az,

Ordan o yananı hələ demirəm.

Təhsilim yarımçıq, düşüncəm dayaz,

Yaşla əlaqəli geriləmələr…

 

Dünən bildiklərim çıxır yadımdan,

Yadımda qalanlar gümandır ancaq.

Bilmirəm hardayam, kiməm, hayandan,

Kimçinəm, neyçinəm və haçanacan.

 

Görəndə elmli indikiləri,

Düzü, utanıram nadanlığımdan.

Bircə təsəlli var: ən ümdə sirri,

Heç zaman, heç kimə demir yaradan…

                                                              21-25avqust 2009, Ərəbqardbəyli

SALYAN, 1973-CÜ İLİN YAYI. YUSİF ELOĞLU İLƏ GÖRÜŞ

Yekə sağ əlində iri kəlbətin,

Dirəyib sinəmə ayağını da,

Dediyinə görə guya “ən çətin”,

Dişi Teymur həkim çəkib çıxardı.

 

Bir ucdan axsa da əngimin qanı,

Ağzımda ağaca dönsə də dilim,

Daha qurtarmışdı ağrıdan canım,

Yol boyu gic kimi gülümsəyirdim.

 

“Qələbə” bağında Sabir dayımı,

Tapdım. Bir kişiylə çay vururdular.

Məni görən kimi çəkdi yanına,
Yoldaşına deidi “bacım oğludur”.

 

“Xeyrulla, yaxşı bax, gördüyün adam,

Yusif Eloğludur, bəlkə biləsən”.

Bunu eşidəndə yəqin ağardım,

Əngimin qanı da kəsdi deyəsən.

 

Ağlım söz kəsəndən bu ad tanışdı,

Salyanın ən məşhur qoçusuydu o,

Ondan əfsanələr danışırdılar,

Guya ad çıxardıb Rusiyada o.

 

Qorxuya salırmış hamını guya,

İyirmi il şimal türmələrində,

Əlli-yüz kişini düzüb sıraya,

Vururmuş beşini-onunu birdən…

 

“Sabir, nə iş görür, bizim bacoğlu?

“Yusif, müəllimdir bacoğlu kənddə.

Yaman oxuyandır. Həm yazır-pozur”.

“Sabir, onda denən sənə çəkib də…”

 

Bir qələm çıxarıb sonra cibindən,

Fikirli-fikrili dayımın dostu,

Nə isə cızmağa başladı birdən,

Bozumtul  “Avrora” qutusu üstə.

 

Çəkdiyi xətləri mənə göstərib,

Dedi “bu yazılar həyat dərsidir.

Yaxşıca öyrənmək əgər istəsən,

Həyatı, kitablar onda bəs deyil”.

 

Hər oxu, hər xətti incəliyiylə,

Salyan əfsanəsi xırdalayırdı.

Deyirdi dünyanı  başa düşməyə,

Kitablar ayrıdır, həyat ayrıdır…

 

Dişim çəkilmişdi, qarnım ac idi,

Ağzım da kilidli novokainlə.

Yadımda qalmadı kişi nə dedi,

Daha görüşmədim bir də onunla.

 

Ən vacib suala cavab bilmədən,

Yaşaram indi də sirli dünyada.

Gərək o “Avrora” qutusunu mən,

Yusif Eloğludan alaydım onda…

19.10.16

Samara

 

NƏ OĞUL BÖYÜTDÜM, NƏ AĞAC ƏKDİM…

Nə oğul böyütdüm, nə ağac əkdim,

Zəhmətə qatılıb tikmədim ev də.

Yad ağaclar altda, qərib ölkədə,

Təkliyi və yüngül həyatı sevdim.

 

 

Hərdən uşaq vaxtı Kür qırağında,

Adımı qum üstə yazıb baxardım.

Gilavar ya Xəzri kükrəyən anda,

Su qalxar, adım da yoxa çıxardı.

 

Uşaq həvəsləri qaldı arxada,

Adımı quma da yazmıram daha.

Haçansa hardasa kölgə axtaran,

Bəlkə yada salar məni, qınar da.

 

19.08.2016

Samara

 

SEYSULAN

Sən nə zirvə, nə dağsan,
Qəlbə dağ, gözə dağsan.

 

Yox çiçəyin, çəmənin,

Təpə elə adındır.

Sən Qaraca çobanın,

Sapandına sığardın!

 

Bir sıxma aparılsan,

Qəbrinə hər şəhidin,

Yerlə-yeksan olarsan,

İzin slinib gedər!

 

Hər şəhid anasının,

Başına sovurulsan,

Çatmazsan hamısına –

Adın batsın, Seysulan!

 

Sən nə zirvə, nə dağsan,

Qəlbə dağ, gözə dağsan…

 

04.07.2016

Samara

AĞƏNNƏNİN XATİRƏSİNƏ

Ağənnə bacım ölümqabağı

                                 sayıqlayrmış, deyirmiş “aparın məni evimə,

                                                               bura mənim evim deyil…”

 

Evini istədin, düzəldin yola —

O ev sənin evin deyidi, bacım!

Behişt diləmirəm, yerin ev ola —

O ev sənin evin deyildi, bacım!

 

O evdə söz sözlə tutan deyildi,

Davalar, küsülər bitən deyildi.

Yerin qəriblikdi, vətən deyildi —

O ev sənin evin deyildi, bacım!

 

Divarı soyuqdu, içi nəmişdi,

Soyuqlar, küləklər güc eləmişdi.

Sevgilər, ülfətlər köç eləmişdi —

O ev sənin evin deyildi, bacım!

 

Nə qardaşın, bacın dadına çatdı,
Nə də öz övladın səni yarıtdı.

Ərin soyuqqanlı, yad oğlu yaddı —

O ev sənin evin deyildi, bacım!

 

Bağçanın, həyətin havası durğun,

Ağacı yanıqdı, çiçəyi solğun.

Ürəyin də yorğun, canın da yorğun  —

O ev sənin evin deyildi, bacım.

 

Qapını dərd kəsib dayanmış idi,

Yığıb gətirdiyin talanmış idi,

Tanrı nəzərindən yayınmış idi –

O ev sənin evin deyildi, bacım!

 

Sözün danışılar, adın çəkilər,

Hərdən ortalığa gələr şəkillər.

Görünər bir küncdə yerin də bəlkə–

O ev sənin evin deyildi, bacım!

 

07-11.06.09 Samara

 

 

 

YARPAQLAR YERƏ ENİR…

                                             Xeyrulla XƏYAL

                              R.Aynur üçün

Yarpaqlar yerə enir,

Sarılı, qırmızılı.

Onların hər birinə,

Tanrı hökmü yazılıb.[1]

 

Təzə getcək yuxuya,

Kürünüb daşınarlar.

Oda, havaya, suya,

Yarpaqlar qarışarlar.

 

Bəlkə də bu ağaca,

Elə bu payız qalır.

Kəsilər, gedər – azca

Qalsa da, kağız qalar.

 

Bir vərəq o kağızdan,

Bəlkə mənə də düşər.

Yazaram… yazdığım da,

Yarpaq ömrünü yaşar…

13-15 noyabr 2009 Samara


[1] «…ondan xəbərsiz bir yarpaq da düşmür…” Quran, 6, 59

AY DƏYİŞİR, İL DƏYİŞİR…

Sübü bacımın xatirəsinə

Ay dəyişir, il dəyişir,

Dəyişirik, tanınmırıq.

Yurd dəyişir, el dəyişir,

Dünən ayrı, bu gün ayrı.

 

Sularında böyüdüyüm,

Çayla yenə görüşəndə

Tanımıram – ildən-ilə,

Məcrasını dəyişdirir.

 

Kölgəsiylə, meyvəsiylə,

Dolandığım ağacların

Ömrü gedir. Fəsil-fəsil

Dəyişirlər, qocalırlar.

 

Yer dəyişir, göy dəyişir,

Qəlb tanımır göz görəni.

Yubanıram görüşlərə,

Küsüb gedir gözləyənim.

 

Külək döyüb, yağış hopub,

Zaman əyib, daş dəyişib.

Neçə gözün yaşı hopub,

Yazıları düyün düşüb.

 

Başqalanır daş üstü də,

Daş altı da başqalanır.

Dərddir, illər ötüşsə də,

Nə dəyişir, nə yaşlanır.

 

Tələsirəm. Nə vaxtdı ki,

Qalxıb nəslin köçü gedir.

İndi  kimdi qabaqdakı?-

Qardaş gedir, bacı gedir…

                                16-21mart2009 Samara