UİLYAM ŞEKSPİR. 140-CI SONET

 

Sonnet_140_1609.jpg

Be wise as thou art cruel; do not press

Müdrik ol amansız olduğun qədər,
Bir belə nifrətlə səbrimi kəsmə.

Yoxsa ki, dil açar içimdə kədər,

Danışar nə əzab verirsən mənə.

 

Məni eşitsəydin, yaxşı olardı,
Deyərdin sevirəm, sevməsən də sən.

Xəstəni necə ki, həkim aldadır,
Can üstdə də deyir cana gəlirsən.

 

İtər ağlım axı,  itsə ümidim,
Səndən pis nə varsa dilimə gələr.

Elə xarab olub bu dünya indi.

Danışan dəlidir, inanan dəli.

 

                Gözlərin qoy məndə olsun, eləsə,
                Özün harda oldu gəzə bilərəsən.

İngiliscədən tərcümə

04.05. 2018

Samara

Реклама

ANAMIN YAXIN QONŞULARI

Qovar vahiməni, xofu dağıdar.

Həniri, hürüşü qonşu itinin.

Uzaq qohumlardan, oğuldan qabaq

Yaxşn qonşulardır haraya yetən.

 

Qonşu işıqları ay işığına

Qarışar, süzülər pəncərələrdən

Ümid kəsiləndə qohum aşına,

Süfrəyə çəkilər qonşudan gələn.

 

 

Çəpərlər, hasarlar, arakəsmələr,

Nə qədər ucala, bərkiyə — yenə

Xəstəlik, qocalıq yıxırsa əgər,

Söykənirik yaxın qonşu çiyninə.

 

31 dekabr 2013  Samara

QOCALIQ

             

Səngərə girəsən, pusqu qurasan,

Gecəli-gündüzlü sayıq durasan,

 

Başına yığıla canı yananlar,

İmkanı, sərvəti, pulu olanlar,

 

Bütün qonşuların verə əl-ələ,

Uzaq qohumların yığılıb gələ,

Xəzinə xərclərib ordu yığasan,

Səfərbər edəsən, yurdu yığasan,

 

Alnını səcdələr sürtə, qanada,
Dilin dualardan qabarlana da,

 

Yenə də alınmaz onun qarşısı,

Üstünə adlayar Tanrı qarğısı.

 

Üz verər təbii fəlakət kimi,

Qalar həmişəlik əsarət kimi…

 

 

            10-11.10.2013 Samara

 

 

SAXLAYIN, QÜRBƏTDƏ BASDIRIN MƏNİ…

 

Ölənə vətənin nəyi yaxşıdı? –

Tabutu göturüb ölüxanadan,

Maşına qoyarlar. Qarmı, yağışnı,

Bürkümü – fərqi yox, yola çıxarsan.

 

Sürücü gecəni gündüzə qatar,
Sərhədə yetişər. Yüksən indi sən

Ancaq nə dəyərin, nə qiymətin var,

Hərbini, gömrüyü sevindirəsən…

 

Türmə qapısı tək sərhəd açılar,
Torpaq… Doğma iyi duyulmaz indi
Ruhuna zindandı üstü haçansa,

Altına gömülər ölü bədənin…

 

…Uzaq məzarlıqda tikə yer alın,

Aparın, sakitcə basdırın məni.

Xaçlı qəbirlərdən xeyli aralı,

Abidəsiz məzar bəsimdir mənim.

 

Bir ağac parçası torpağa sancın,

Yazmayın üstünə nə tarix, nə ad.

Müsəlman adımı görən bir cənab,

Tüpürüb deməsin …tvoyu mat…

 

09. 10. 2013 Samara

 

 

DAŞ DƏYİR DÜZ YOLDA AYAĞA BİRDƏN…

Daş dəyir düz yolda ayağa birdən,

Başa da daş düşür qəribə yerdən.

Belə yük yığılır, daşımaq olmur,

Çətindi, Tanrısız yaşamaq olmur.

 

Bəzən həftələrlə hava açılmır,

Dünyanın qarası, ağı seçilmir.

Dünəni dumanlı, sabahı yağmur —

Çətindi, Tanrısız yaşamaq olmur.

 

Gedir əzizlərin – ürək dağlanır,

Üzünə gündə bir qapı  bağlanır.

Yasla, ağlamaqla adam ovunmur,

Çətindi, Tanrısız yaşamaq olmur.

 

Tanrı hava deyil, Tanrı su deyil,

Varsa da gün gedir, yoxsa da gedir.

Axır pis də gedir, yaxşı da gedir,

Gümandır, ümiddir yaşayır, ölmür,

Çətindi, Tanrısız yaşamaq olmur.

 

Payız gözəlliyi, yaz gözəlliyi,

Çiçək gözəlliyi qız gözəlliyi.

Qürub gözəlliyi, dan gözəlliyi,

İldırım qüdrətli an gözəlliyi,

Ruhu elə yaxır – gözlərin dolur,

Dilin dua deyir, dizin yumulur –

Çətindi, Tanrısız yaşamaq olmur…

 

11-13 iyun 2013 Samara

 

 

ŞUŞANIN DAĞLARI

ШУША ХАНСКИЙ ДВОРЕЦ.jpg

Şuşanın dağları başı dumanlı,

Qışı həqiqətdir, yazı gümanlı.

Hər daşı, qayası güllə nişanlı,

Sinəsi yaralı, ətəyi qanlı,

Ölərəm, hey…

Şuşada axşamlar yanar ulduzlar,

Uzaqdan görərik, ürək sızıldar.

Yol üstdə qarıyan gəlinlər, qızlar,

Ərin, adaxlının yolunu gözlər,

Ölərəm, hey…

Şuşanın hər yerdən gəlir sorağı,

Orda ziyafətlər düzəldir yağı.

Orda millətimin sönüb ocağı,

Getməz o dağların ürəkdən dağı,

Ölərəm, hey…

09 may 2013 Samara

BAŞI BULUDA QALXAN…

                 talış dost Ramiz Hüseynova

Başı buluda qalxan,

Qədim dağlar sizindir.

Tarixlər sızıb axar,

Bulaqların gözündən.

 

Meşələriniz qədim,

Çaylarınız qədimdir.

Yolu düşüb bu yerdən,

Bəlkə lap Adəmin də.

 

Əsrlərin izləri,

Məzar yazılarında.

Sizin tarixinizdən,

Qədim bircə Zamandır.

 

Sən anbaan qanrılıb,

Baxma qüssəli fəqət.

Dalda əsrlər qalıb,

Öndəsə — əbədiyyət.

13 mart 2013 Samara

 

 

ƏKRƏM ƏYLİSLİNİN BİR ŞERİNƏ NƏZİRƏ

 

“İstəmədim bu yerlədə qalasan…”

                                                    Ə. Əylisli

 

 

İstəməzdik bu dastanı yazaydın,

Yağılara deməyəydin “göz aydın!”

Bir vaxt gələr bu sözləri bilərsən,

Elindən, yurdundan üzr dilərsən.

İSA QƏMBƏRƏ

                                    O gün Lənkərana baxa bilmədim…

İsa İsmayılzadə

O gün Lənkərana baxa bilmədin –

Yollar yumurlanıb yumağa döndü, —

Kələfin ucuna çıxa bilmədin.

Təpələr zəhmli yumruğa döndü,

Sən bu əjdahanı yıxa bilmədin, —

O gün Lənkərana baxa bilmədin.

 

Poqonlar düzülüb yol qırağına,

Polispapaqlıdır dağların başı.

Yol bir ilan kimi qıvrılıb qalıb,

Canından bezəndir adlayıb aşa,

Gedə dayanmadan, qorxu bilmədən,

O gün Lənkərana baxa bilmədin.

 

İrəli — qadağa, geri – qadağa,

Əli silahlılar düşüb dalınca.

Əl içi boydadlır ölkə torpağı,

Bu başdan o başa çatmır əl ancaq.

Zaman dumanlanıb, kəsib qabağı,

Nə insan görünür, nə od, nə  ocaq —

Dumandan, çiskindən çıxa bilmədin,

O gün Lənkərana baxa bilmədin.

06.02. 2013-02-06  Samara