Архивы

AVROPANIN QAPISINDA

 

Döydü yağış bizi, döydü qar bizi,

Açın qapıları, buraxın gələk.

Acıq, üzür həm də min azar bizi,
Buraxın yuyunaq, yeyək, dincələk.

 

 

Qaçmışıq əlindən müstəbidlərin,

Zülmdən, zalımdan qaçıb gəlmişik.

Yarımız yollarda qırıldı qaldı,

Bizsə cəhənnəmdən keçib gəlmişik.

 

 

Sizin ölkələrdə gözəldir həyat,

Nə çox soyuq olur, nə də çox isti.

İnsanın gedişi-gəlişi rahat,

Küçələr, meydanlar abad, təmizdi.

 

 

Qaydalı sürülür sizdə maşınlar,

Cədvəl əsasında qatarlar gedir.

Alır cəzasını həddi aşanlar,

Sizdə hökm verən məhkəmələrdir.

 

 

Mətbəxdə, hamamda, əlüzyuyanda,
Soyuq, həm isti su axır həmişə.

Sizdə çox ev var ki, ayaqyolunda,

Aftafa özü də avtomatlaşıb.

 

Açın qapıları, buraxın girək,

Bilirik tünlükdür, sıxlaşın azca.

Bizə də bir tikə tapılar çörək,

Tapılar ev-eşik, tapılar ocaq.

 

 

Burda uşaq-muşaq gün görər. Gedər,

Biri top dalınca, biri məktəbə.

Ya da tanrınızı göydən endirər,

Çarmıxa çəkərlər ikinci dəfə…

 

 

27-28 noyabr 2015 Samara

 

 

 

 

QIRX GÜN, QIRX GECƏ GETDİ…

ANAMIN XATİRƏSİNƏ

          7

Qırx gün, qrx gecə getdi,
Sanki quş qanadında.

Ömür elə ki bitdi,

Ay da, il də bir andır.

============

Nida işarəsidir,

Elə bil məzar daşın.

Unudulub gedərsən,

Daşın da aşılanar.

====================

Oğulların ən pisi

Olsam da, qəlbimdəsən.

Qulağımdadır səsin,

Həmişə dilimdə sən.

================

Ölürüksə də burda

Bəlkə hardasa varıq.

Bəlkə səni sevən var,

Qırx min oğuldan artıq…

 

06 oktyabr 2015 Samara

SİNOPTİKLƏR KƏNDƏ YAĞIŞ DEYİRLƏR…

ANAMIN XATİRƏSİNƏ

              4.

Sinoptiklər kəndə yağış deyirlər,

Yağış da başladı kənddə, dayanmır.

Yolları istəyər keçəndən hünər,

Bəzən bir neçə gün işıq da yanmır.

======

Axşama bənzəyər gündüzü kəndin,

Nə ay işiqlanar, nə ulduz amma.

Gur yağış ikinci günə keçəndə,

Qədim evimizin damından damar.

======

İsladar tavandan süzülən sular,

Qədim şifoneri, yatağı-yeri.

İslanar kitabla dolu qutular,

Nəm çəkər dünyanın klassikləri.

========

Neçə ildlən bəri ilk dəfədir ki,

Qorxmuram mən hava proqnozundan.

Yox daha günlərlə yola göz dikib,

Çürük tavan altda yaşayan insan.

=========

Qədim evimizi Nuh seli yuya,

Nigaran deyiləm anamdan daha.

O köçən dünyanın yox qışı, yayı,

Nə payız var orda, nə də ki bahar…

25.09. 2015 Samara

ADAMLA DOLUDUR EVIN QABAĞI…

Adamla doludur evin qabağı,

Avtobus dayanıb sovetdən qalan.

Ağaca söykənib tabut qapağı,

Qaradır çələngin üstdəki qaytan.

 

Əsnəyə-əsnəyə durub çalanlar.
Hərənin aləti hazır əlində.

Şopeni qəbirdə ağladacaqlar,

Cənazə mənzildən götürüləndə.

 

Hamı pıçıltıyla səbəb söyləyir,

Hamı başbiləndir, hamı da həkim.

Sabah özünün də öləcəyini,

Dəfndə nədəsə düşünmür heç kim…

 

Ağalar, xanımlar! Nə səbəb-filan?-

Qırğındır dünyanın hər qarışında.

Bizi hədəfləyən, bizi qıran var,

Qocanı-cavanı qarışdıran da.

 

Kimsə avtobusa qoyulub gedir,

Kimsə limuzində. Haçan önümə,

Çıxsa – sarsılıram… Müharibədir…

Cəbhədən yayınan fərariyəm mən.

 

02.05. 2015 Samara