Архивы

BİLMƏDƏN VƏTƏNİ İTİRMİŞƏMSƏ…

Haramız ağrısa, elə gəlir ki,

Bizi öldürəcək elə bu ağrı.

Ağrılı dişimiz çəkilən kimi,
Bizə bu dünyanı bağışlayırlar.

 

Ürəyin ağrısı qorxudur bizi,

Qorxuruq başımız ağrıyanda da.

Gözü üzvlərin bilib əzizi,

Ağrısa, divara dırmanarıq da.

 

Vətən ağrısı var… ağrıdır bu da

Tutanda bilmirsən haran ağrımır…
Birdən itib gedir həyatın dadı,

Səmada zəhrmar, yerdə zəhrmar…

 

Haçandır çəkilib gedib bu ağrı,

Canımda, başımda yoxdu əsəri.

Vətən ayrılığı kəsib-doğramır,

Daha ürəyimi nə vaxtdan bəri…

 

Ağrıyan yerim yox, amma nədənsə,
Təlaş içərimi bürüdü birdən.

Bilmədən Vətəni itirmişəmsə,

İtkimin fikridir məni öldürən…

 

27.12.2017

Samara

        BİTKOİN

Bir az ağlın ola, bir az cürətin,

Çapıb-talayasan bu İnterneti.

Zəngin hesabları girib siləsən,

Bir kisə bitkoina yiyələnəsən.

Burdakı keflərdən dadıb nə varsa,

Taksi sürdürəsən birbaşa Marsa.

Pasport yoxlayana bitkoin basıb,

Gəzəsən bir xeyli piyada Marsı.

Görəsən su da var Marsda, çörək də,

Hər cür ağac da var, gül də, çiçək də.

Görəsən kişi var burda, qadın da,

Hərənin bir neçə uşaq yanında…

Adi Mars adamı prezident də,
Söyür televizor, söyür qəzet də…

Marsın bu başından düz o başına,

Pay-piyada gedir hər gün işinə…

Yığıla başına Mars əhalisi,

Neçə sual verə sənə hərəsi.

Suyu soruşalar, deyəsən su var,

Yerin sularında üzür balıqlar.

Hava da pis deyil, boğulan azdır,

Yediyimiz neftdir, bir də ki, qazdır…

“Bəs Yerdə həyat var?” – soruşan olsa,

Cavab tapmayasan, donub qalasan.

Deyəsən: “özüm də bilmirəm hələ”,
Mars adamlarının gözü bərələ…

Gözəl planetin adamlarıyla,

Marsa-mars öpüşüb düşəsən yola…

Pasportyoxlayansa görəndə səni,

Bitkoinlərini çırpa təpənə.

Elə yağlı təpik vura dalına,

Yerdən qaldırasan bir də alnını…

 

19-20.2017

Samara

YUXUMA UŞAQ VAXTI…

Yuxuma uşaq vaxtı,

Tez-tez ilan girirdi.

Tək girsəydi, yaxşıdı,
Çox idi, sürü idi.

 

Zəhərli fısıltılar,

Qulağımı deşirdi.

Mənim dilim tutulur,
İlanlar danışırdı!

 

Aşırdım dağı, daşı,

Kəsilirdi nəfəsim.

Günü qara uşağın,

Cəhənnəmdi gecəsi.

 

Ağzımda dilim yanır,

Yıxılırdım, dururdum,

Dilləri ilanların,

Dabanımı yalardı.

 

Yer də necə yerdisə,

Nə gələn, nə də gedən.

Sürünənlər ordusu,

Qabağında tək idim.

 

Diksinir, ayılırdım,

Yazıq, üzülmüş halda.

Elə bil yaralıydım,

Ödüm əzilmüş halda.

 

Gecənin bir aləmi,

Evdə hamı yuxuda.

Kəmhövsələ lələmim,

Ağır zəhmi yuxuda…

 

Səhəri kəndin  yenə,

Bir azdan açılacaq.

Mən havayı yeyəni,
Hamı acılayacaq…

 

Durub ancaq hər dəfə,

İlanlı yuxulardan,

Bu yad, soyuq evdə də,

Dincəlir, toxdayırdım…

 

15-16.12.2017

Samara

AQŞİNİN ÖLÜMÜNƏ

В ПАПАХЕ aqşin.jpg

       AQŞİNİN ÖLÜMÜNƏ

 

Bu gün ağlayarıq, bəlkə sabah da,

Sonra gözümüzün yaşı tükənər.

Bu gün ölüb-getmək arzulasaq da,

Sabah həyat eşqi güc gələr yenə.

 

Yenə sinə dolu nəfəs alarıq,
Havasız yaşamaq həyat deyil ki.

Qarnımız acıyar- süfrə salarıq,

Allah verdiyindən ortaya töküb.

 

Yağışdan, küləkdən yenə qorxarıq,

Yenə üşüyərik qarda-şaxtada.

Bürkülərdə sərin yer axtararıq,

Yatıb dincələrik rahat otaqda.

 

Hıqqana-hıqqana klinikaya,

Gedib analiz də verərik hərdən.

Yaxşı cavab üçün elərik dua,

Alanda paylarıq bəlkə nəzir də.

 

Gedib beşdə-üçdə iynələnərik,
Ya da həkim gələr ayağımıza.

Ayaqdan düşəndə iməkləyərik,

Qara günümüzə ağlayarıq biz…

 

Ancaq unudulmaz bircə an belə,

Birdən açılmamış qönçə tək solan,

Özü öz əliylə gülləyə gələn,

Bir dünya bəzəyi, ümidi oğlan…

 

Ürək ağrısından, baş ağrısından,

Daha ağır olar xəcalətimiz.

İndi yaşadıqca hər saat, hər an,

Elə bil ən ayıb iş tuturuq biz…

 

05.12.2017

Samara

«SAHİLİ HAÇANDAN BAŞINA ALIB…»

23.11.17.jpg

Sahili haçandan başına alıb,

Uca qıyyaları qağayıların.

Məhəccər yanında dayanan ahıl,

Torbadan çıxarıb çörək doğrayır.

 

Beş deyil, on deyil, qoşundu quşlar,

Bu qədər qağayı Volqalıq deyil.

Bəlkə dənizlərdən uçub gələn var,

Gətirib onları çörəyin iyi.

 

Qoşulub xəlvətcə qağayılara,

Qara qarğalar da yeməyə cumur.

Xırda gilələri sərçələr yığır,
Təklifsiz gələnə qoca göz yumur…

 

Kəsib boğazından, pensiyasından,

Aldığı çörəyi verir quşlara…

Bir çörək doydurub beş min insanı,

Haçansa… Quşun da öz allahı var…

 

Quşlara, yiyəsiz itə, pişiyə,

Ağzından tikəni çıxarıb verən!

Haçansa bir çörək verib beş mini,

Doyduran o kəsə yaxındır yerin!

25.11.2017

Samara

ŞƏKİL

Obyektiv önündə dayanan insan,

Özünü nə yaxşı yığışdırmısan!

Gözlərin çəkilib dünya malından

Danışsan, bal damar bəlkə dilindən.

Üzün gülümsəyir, işıqlanır da,

Acığın soyuyub yaxına, yada.

Hazırsan hamını bağışlamağa.

Hazırsan çəkilib belə qalmağa.

Albomda, divarda, baş daşında da,

Əzizin, yaxının yaddaşında da.

 

Obyektiv önündən çəkilən insan!

Yenə çəkilirsən bəlkə sən bu an!

Heç nə itib-batmır tanrı yanında
Çəkilir, saxlanır ən kiçik an da.

Ciddi ol indi də, gələn zaman da,

Dolandır beynində möhtəşəm fikir,

Elə bil ki,  kimsə şəklini çəkir.

Sonra çalış fikrin həyata keçsin,

Qoy çəkən səni iş görəndə çəksin.

Yaxşıdır əlbəttə, üzdə təbəssüm,

Pis olmaz ürəkdən kin də silinsə,

Təkcə üzü çəkmir çəkən, yəqin ki,

Çəkir ürəkdəki dərinlikləri.

İçini-çölünü səliqəyə sal,

Düşün, bəlkə hər an səni çəkən var!

 

22.11.2017

Samara

DƏNİZ    

                              Bəs harda yaxşıdır?  -“Biz harda yoxsaq!”

                                    A.Qriboyedov

Bəlkə səbəb yaşdır, ayrı şey ya da,
Keçir ürəyimdən dəniz qırağı.

Düyünçə bağlayıb düşəsən yola,
Gedəsən adamsız bir yerə doğru.

 

Tapasan bu yeri son nəfəsində,

Çınqıl ola burda, qum ola burda.

Başqa səs olmaya dəniz səsindən,

Hərdən qıyya çəkə qağayılar da.

 

Göy üzü ağappaq, sularsa gömgöy,

Yalı dalğaların baş hərləndirə.

Nə sərhəd biləsən, nə də ki gömrük,

Gecələr nə qonşu itləri hürə.

 

Sahilə çırpılan taxta-tuxtadan,

Çalışıb bir koma qaralayasan.

Gün keçə, xəbərin olmaya vaxtdan,

Tapdığın, tutduğun bəs ola sənə.

 

İlğım tək görünə sənə uzaqdan,

Sən olmayan yerdən gələn gəmilər.

Yəqin ürəyini sızıldadar da,

Sən olmayan yerə gedən gəmilər.

 

Baxar bəlkə uzaq göyərtələrdən,

Əlini qoyaraq kimsə alnına.

Bəlkə sən olduğun qərib bu yer də,

Cənnət guşəsi tək görünər ona…

 

18.11.17

Samara

QIŞIN YUBANMAĞINDAN NARAHAT OLAN QOCA…

Qışın yubanmağından,

Narahat olan qoca!

Nahaqdır darıxmağın –

Gələr, harda qalacaq?

 

Oğul deyil, qız deyil,

Qoya gözünü yolda.

Bir də görərsən qəfil

Gəlib qapını aldı.

 

Gələr soyuqlarıyla,

Şaxtasıyla, qarıyla.

Bəlkə tamam üç ayı,

Canın-başın ağrıyar.

 

Bəlkə heç halın olmaz,

Pəncərədən baxasan.

Qış gələn kimi də yaz,

Gözləyərsən axı sən…

 

Çətin çıxarsan ancaq,

Pəncərə qabağına.

Bəlkə də qızdıracaq,

Günəş boş yatağını…

 

17.11.17

Samara

 

 

ALLAH ÜZÜMƏ BAXDI…

Sıldırım qayalıqdan,

Yıxıldım, qanım axdı.

Ölmədim, yaralandım,

Allah üzümə baxdı.

 

Dayanmasa da qanım,

Tutub kol-kosu qalxdım.

Yenə gördüm dünyanı —

Allah üzümə baxdı.

 

Yoldaşı harayladım,

Səsimi toplayaraq.

Yoldaş da yubanmadı —

Üzümə baxdı Allah.

 

Qurutdular qanımı,

Ağrımı yatırtdlar.

Düzəltdilər sınanı —
Üzümə baxdı Allah.

 

İlk dəfə deyil axı,

Yıxılmağım həyatda.

Hər dəfə arxayınam –

Allah üzümə baxdı!

 

Qorxuram bir gün amma,

Hamar yerdə büdrəyəm,

Yoldaşa səs çatmaya,

Tanrı da üz döndərə.

4 noyabr 2017

Samara

MOZART

Gələcəyi görmək yaxşı olardı —

Yüz il, iki yüz il, min il sonranı.

Bircə an ekranda, ayrı cür ya da,

Ancaq fərziyyə yox, əsil olanı.

 

Keçən əsirlərin qatını yaran,

Dinən gələcəyin səsidir yəqin.

Yüz il, iki yüz il, min il sonranın,

Kim bilir, bəlkə də lap qiyamətin.

07.09.2017

Samara