XARİCİ PASPORT

Xarici pasportum elə yaxşıdır,
Bilməyən deyər ki, təzə verilib,

Üzqabığı təmiz, kağızı şaxdır,

Dava-dava deyir qartal elə bil.

 

 

 

Təəssüf , müddəti haçandır keçib,

Çoxdan etibarsız sayılir sənəd.

İkibaş qartallı iddialı gerb,
Daha aça bilməz üzümə sərhəd.

 

 

Kəsilib haçandan xaricin yolu…

Mənim xaricimsə öz vətənimdi.

Bu tayda, o tayda möhür qoyulur,
Bilmirdin hardasan və kimsən indi…

 

 

 

Nə qədər ürəkdə məhəbbət ki, var —

Ana məhəbbəti, yurd məhəbbəti,

Özü yaxşı duyar, özü ayırar,

Hansı tayındadır vətən sərhədin.

 

 

Çoxdan vətənimin xaricindəyəm,
Vətən də xaricə çevrilib daha.

Pasport düzəltdirəm, keçəm sərhədi,
Yadam burda necə, yadam orda da.

 

 

Anamsa çağırır yuxuma gircək,
İndi hardadısa, ora vətəndir…

Nə qədər o sağdı,   qaçaqmalçı tək,
Pasportsuz keçərdim bəlkə sərhədi…

 

08.12. 2019, Samara

SAKİTİN XATİRƏSİNƏ

QADİROV

Elə ki bir ölüm xəbəri gələr,

Kənd qəbiristanı yadıma düşür.

Ətrafı məftildən toxunma çəpər,
Yaxından lal-dinməz axıb gedir Kür.

 

 

 

Torpağı şorluqdur, şorandır bitən,
Bu gün qırıb yandır, sabah cücərir.

Ağacın, çiçəyin qulluğu çətin,

Hərdən mal-heyvan da girir içəri…

 

 

Bura dəmir qapı qoyublar hərçənd,
Məftildən qayrılma cəftəsi də var.

Yeganə qapıdır bəlkə də kənddə,
Nə itlə qorunar, nə qıfıllanar…

 

 

Burda cürbəcürdür qəbirdaşları,
Ucuz və sadə var, dədbdəbəli var.

Yazısını külək, yağış aparan,
Uca, adamboyu abidəli var.

 

 

Bir gün ötürməyən, fəsil bilməyən,
Daşlara üz sürtən, göz yaşı tökən,
Yorulan, üzülən, evə gəlməyən,
Cavan oğul qəbri üstdə diz çökən

 

 

 

Saç yolan, üz cıran bütün analar,
Baxışda, duruşda ancaq eynidir.

Daşlara sarılıb qan ağlayanlar —

Eyni dərd onların qəddini əydi…

 

 

Duruxub dururlar səmada birdən,
Quşları çaşdırır ana qıyyası.

Sulardır lal-dinməz baş alıb gedən,

Axını döndərməz cavanın yası…

 

05. 12. 2019, Samara

SALYAN, HEYVALIQ, YAŞAR ŞÜKÜRBƏYLİ

1960-cı illər

 

Dekabr Salyanda hələ payızdır,

Ən azı əvvəli. Səhər qırovdan,
Torpaq ağarsa da, günəşdən qızır,
Günortaya yaxın yer də, hava da.

 

 

Yadıma nədənsə tez-tez Heyvalıq

Məhəlləsi düşür. O vaxtkı bağlar,
İnana bilmirəm indiyə qalıb.

Çoxdan heyvaların iyi dağılar.

 

 

İmpressionist mənzərəsi tək,
İndi də gözümün önünə gəlir,
Payızı heyvalar, gözəl gül-çiçək,
Həyətində Yaşar Şükürbəylinin.

 

 

Mane fırçasından sanki yaranıb,
Qızıl heyvaların siluetləri.

Ağdaş ev dumana batııb dayanıb,
Gəmidir elə bil, atıb lövbəri.

 

 

Xaloğlum qalırdı o evdə bir vaxt,
Mən də hərdən-hərdən gedib-gəlirdim.

Elə bil əsərdi o ev, o həyət,
Deyirdin yaşayar hələ min il də…

 
Yetim böyümüşdü Yaşar, ana da,
Ata da irtica qurbanı idi.

Həyat əsər deyil fırça yaradan:

Sonra maşın vurub Yaşarı, bildim…

 

03. 12. 2019, Sonra

“BİZ DƏ GEDƏRİYİK, MÜVƏQQƏTİYİK…”

26 SENT 2019. 2

                            Aqşinin xatirəsinə         

 

Həmişə, hər yerdə uşaq məzarı,
Ürəyə də dağdır, gözə də dağdır.

Daşı öz yaşını yadına salır,

Yazılar elə bil sənə qınaqdır.

 

 

Uşaq ölümləri, gənc ölümləri,
Bütün sınaqların ən ağırıdır.

Dində nə izah var, nə elm bilir,

İnam itirən var, bəzən ağıl da.

 

 

Öz ömrün hələlik birtəhər gedir,

Qayğı yayındırır, kef də çəkməsən.

Hərdən sıxılırsan: qapıb elə bil,

Uşaq tikəsini dişə çəkmisən…

 

 

Cəhənnəm saysan öz həyatını,
Rəzalət də görsən, zülm də görsən,
Anıb torpaq altda indi yatanı,

“Kaş ki sağ olaydı o da”, — deyirsən…

 

 

Haçan uşaq ölür, elə bil böyük,
Yarımçıq ömürdən pay ya irs alır….

Biz də gedəriyik, müvəqqətiyik,
Bu həm bəraətdir, həm də təsəlli.

 

02. 12. 2019, Samara

    TƏKLİK FƏSLİ

             26 SENT 2019. 2

anamın xatirəsinə

 

Təkliyin də fəslə bənzəyişi var,
Adına beşinci fəsil yaraşır.

Gəldimi o ancaq —  dəyişməz qalar,

Payızın yoldaşı, yazın qardaşı.

 

 

 

Var gəlişində də fəsil bənzəri.

Qıraqlar dəyişir, için də elə.

Seyrəlir sırası əzizlərinin,
Soyuyur bir yandan gedir sevgilər.

 

 

 

Bilmirsən qış haçan, bahar haçandır,
Fərqinə varmırsan payız ya yaydır.

Quşlar başın üstdə qıyya çəkəndə,

Bilmirsən köçürlər ya qayıdırlar.

 

 

Fəsil təkliyidir  başlanan indi,

Seçə ki bilmirsən fəsli fəsildən.

Ömrünü təklikdə sən başa vurdun,

Anam, bu bəd fəsli gətirənsə mən.

 

 

 

Azmış övladını bəlkə də gördün,

Qarışıq-dolaşıq yuxularda sən,

Anam, sən ölmədin, sən öldürüldün,
Boynuma alıram – qatilin də mən…

01. 12. 2019, Samara

SOFİYA CAMƏSİ

Volqa qırağının dikində təzə,
Sofiya soboru ucalır indi,

Gündüzlər elə də görünmür gözə,
Gözəldir axşamlar işıqlananda.

 

 

Az qala on beş il çəkdi tikinti,
Pul kəsilən kimi iş dayanırdı.

Pullarsa hardandı, ya da kimindi –

Xalq nə bilir, nə də maraqlanırdı.

 

 

 

Təpəsi ucadır əlli metrdən,

Quşlar qanad saxlar həndəvərində.

Gəmilər gedəndə göyərtələrdən,
Görüb xaç çəkənlər olur  bəlkə də.

 

 

 

Özbəklər, taciklər çalışırdılar,
Ortodoks soborun tikintisində.

Gör onun müxtəlif guşələrində,
Neçə sayda namaz qılınıb indi…

 

 

 

Önündə dayanıb selfi çəkən var,
Çəkirlər qıraqda durub kilsəni.
Hər saat camənin zəngi çalınar,

Görmürsən içəri girən kimsəni…

 

 

Qabağında knyaz Vladimirin,
Tünd qara heykəli büt kimi durur.

Çətin yolu düşə bura Tanrının —
Keşik çəkir Böyük İnkivizitor.

 

 

29.11. 2019, Samara

ÇEXOV TÜFƏNGİ

A– nin xatirəsinə

Anton Palıç Çexov haçansa deyib:
Birinci pərdədə səhnədə tüfəng

Əgər asılıbsa, onda pyesin,
Sonunda o hökmən atılsın gərək.

 

 

Kimin səhnə deyil  həyatı axı? —

Gah dram oynanır, faciə gah da.

Münaqişə xırda, döyüşlər ağır –

Yox dolu tüfəngi görən divarda.

 

 

Damokl qılıncı sallanıb qalır,
Tük deyil, taledir onu saxlayan.

Tamaşasa bitir… tüfəng atılır,

Həyat səhnə idi, qansa əsil qan…

 

28 11. 2019, Samara

“YAXDI SULAR MƏNİ RUHUMA QƏDƏR…”

Kitabda deyilir Yunus peyğəmbər,
Baxmadı Tanrının buyuruğuna.

Dənizə üz tutdu, mindi gəmiyə,
Tanrı nəzərindən bəlkə yayına.

 

 

 

Tanrı da əsdirdi elə bir külək,
Dalğa fırtınadan göyə ucaldı.

Gəmi çalxalanır xırda qayıq tək,

Elə bil indicə dağılacaqdı.

 

 

 

Qorxu içindəydi gəmidəkilər;

Yalvarır hər biri öz allahına.

Dedilər püşk atsaq, bəlkə bilərik,

Kimdir içimizdə günahkar buna.

 

 

Püşk Yunusa düşdü. Biləndə sonra,
Tanrı buyruğundan qaçıb bu insan,
Qorxdu gəmiçilər, Yunus onlara,

Dedin atım nəni suya durmadan.

 

 

 

Dənizdə fırtına mənəm törədən,

Yatacaq, gəmidən məni atsanız.

Yalvarıb Tanrıya gəmiçilər də,
Yunusu atdılar, uyudu dəniz.

 

 

Böyük balinaya Tanrı buyurdu,

Ki, udsun Yunusu. Yunus beləcə,
Balığın qarnında oturdu, durdu
Kitab deyən düzsə, üç gün, üç gecə.

 

 

Ordaca Tanrını  Yunus çağırdı:

İlahi, qərq etdin məni girdaba,

Axınlar itidir, həm də ağırdır.

Baş üstü sulardr, ayaq altı da.

 

 

Yaxdı sular məni ruhuma qədər,
Bürüyüb başımı dəniz otları.

Əl açsam, dağların kökünə dəyər,
Çıxar cəhənnəmdən sən məni, Tanrı.

 

 

Çıxar məni, burdan, İlahi, çıxar,

Çıxmaram hökmündən sənin bir daha…

Eşidib hökm etdi Tanrı balığa,

Yunusu quruya atdı balıq da…

 

 

Hərdən elə gəlir, Tanrı deyəndən,
Haçansa çıxmışam, yola düşmüşəm.

Gəmiyə minən tək, dənizdə birdən,
Fırtına başlanıb, püşk düşüb mənə,

 

 

Dənizə atıblar, dəniz uyuyub…
Məni ruhumacan bürüdü sular.

Üç gün? Əlli ildir boynumu əyib,
Haylaram – Tanrımsa hələ ki susar…

 

27.11. 2019, Samara

PEDMƏKTƏB YOLDAŞIM SAHİB HACIYEVƏ               

Sentyabr ayı, altmış səkkiz,

On beş yaşımız da ola-olmaya.

Çətin alışırdıq yad şəhərə biz,
Şəhər də nə şəhər – ürək dağlayan…

 

 

Adı yöndəmsizdi özündən artıq,
Evləri hamamsız, taxtabitili.

Mağazalar kasıb, bazar bahalıq,
Məktəb bufetçisi cibin qatili…

 

 

O yaşda canavar iştahı olur,
Qarnımız doymurdu, niyə gizlədək,

Amma dolanışıq, yemək korluğu,

Heç nəydi qüssəylə müqayisədə.

 

 

 

“Dura bilmirəm ey!”… dedin bir dəfə,

Məktəbin yanında sən ağlayaraq.

Mən gedə bilirdim evə hər həftə,
Sənsə Qubadlıdan… Qubadlı uzaq…

 

 

 

İl keçdi, öyrəşdin qərib həyata,

Şirvan iqliminə öyrəşən kimi.

Yaş yox, cin çıxırdı gözündən daha,

Qanı damarında qaynayan kişi…

 

 

Qardaş, indi necə? Dura bilirsən?

Təhsilmi, tətilmi Bakı həyatın?

Yoldasan? Gedirsən ya da gəlirsən?

Cibində hazırmı qatar biletin?

 

 

Dərdini nə dəvə, at çəkər nə də

Həsrətin sığışmaz eşalonlara.

Ancaq üzülməsin ümidlərin də,

Gözündən cin çıxsın yaşla bərabər.

 

26.11. 2019, Samara

BƏŞƏRİ KOMEDİYA

U LENİ. KİNO.jpg

Yaxşı kino vardı, gülməli yaman,
Mən uşaq olanda göstərərdilər.

Evdə televizor yoxdu o zaman,

Gedərdim qonşumuz Ərəstungilə.

 

 

Cib dəsmalı boyda ekran ağ-qara,

Yaxşı göstırirdi, yadımda qalan.

Məni elə bil ki qıdıqlardılar,

Ekranda yazılar görünən andan.

 

 

Elə ki, başlardı qaçdı-qovdular,
Mən daha gülməkdən ölüb-gedirdim.

Daldan təpikatama, qapazvurdular –

Qarnım cırılacaq indi, deyirdim.

 

 

Qolumu çimdiklər, qan çıxarardım,
Saxlaya bilmirdim amma gülüşü.
Ciddi, qaraqabaq Ərəstun hərdən,
Uğunub gedirdi, mənə qoşulub…

 

 

Yenə göstərirlər  o filmi  hərdən,

Televizor rəngli, ekranı yekə.

Baxıram –gülmürəm, bilmirəm nədən…

Mənim özümdədir səbəbi bəlkə.

 

 

On iki ya on üç yaşlı o uşaq,
Hanı? Elə bil ki, gedib həyatdan…

Həmin komediya, gülmürəm ancaq,

Yas tutub içimi elə o vaxtdan…

 

25.11. 2019, Samara