AH, BU XƏSTƏYƏ MƏLHƏM…

Ah, bu xəstəyə məlhəm,
İyun şüalarını,

Yığıb saxlaya biləm —
Sağaldar hər yaranı!

 

Nə qədər evdə qab var,
Hamısına yığardım.

Vedrə, qazan doldurar,
Qapaq qoyub sıxardım.

 

 

Dolandırardı məni,
Payızdan çıxanacan.

İsidərdi bədəni,
Qışın axırınacan.

 

 

İçərdim, olsa dərdim,

Bir fincan ya bir kasa.

Töküb pay da verərdim,

Birdən istəyən olsa…

 

 

Pəncərə qabağına,
Şüşə qabda qoyardım.

Keçən, boylanan, baxan,
Qızınar, yarıyardı.

 

 

Azardan da yıxılsam,
Ölməzdim, ayılardım.

Toplayıb yığa bilsəm,
Bu məlhəm şüalardan.

 

11. 06. 2019

Samara

Реклама

ARI

Dolaşır ağır-ağır.

Axtarır tələsmədən,
Şirə toplayır arı,
Bir an nəfəs dərmədən.

 

 

Başı üstdə nə rəis,
Önündə nə plan var.

Nə çox yeməyə həris,
Nə də altına yığar.

 

 

Ara vermir, işləyir,
Yorulmaq nədi, bilməz.

Yığdığından yüzdə bir,
Arı yeməyinə bəs.

 

 

Bilməz neçəyə dəyər,

Yetirdiyi bu nemət,

Hara gedər, kim yeyər,

Nə tərif, nə də şöhrət…

 

 

Çalışır yayınmadan,
İbadət eləyən tək.

Belə işləyə insan –

O da bal yetirəcək…

 

31.05. 2019
Samara

MƏNİM DOĞULDUĞUM İL…

Mənim doğulduğum il,
Uzaq  əsrdə qaldı.

Bu yaşda adam deyil,

Eksponatam adi.

 

Alın qıırışlarımda,

Əsrləri sayan var.

Kimsə baxışlarımda,

Kök və tayfa axtarar.

 

 

 

Oxşadırlar  hər irqə,
Üzümə baxıb nəsə.

Yox, qlobus demirəm,
Dünya xəritəsiyəm.

 

 

Yolumuz kəsişəndə,

Cavan qıyqacı baxır.

Durur sanki önündə,
Qədim dünya tarixi.

 

30. 05. 2019

Samara

ƏRUSƏ XALANIN XATİRƏSİNƏ

Xəbər gəldi: ölüb Ərusə xala,

Qəlbi neçə dağla yaralı qadın…

Gözləri neçə il işıqsız qalan,
Qulaqları səssiz – dayım arvadı…

 

 

Zindanı tərk edib elə bil gedir–

Kim bilir, bəlkə də işığa çıxar.
Səsi də nemət tək dadar o indi,
Tanrı hüzurunda duracaq axı…

 

 

Çıxar qabağına ciyərparası,
Yaradan rəhm elər, Hacını görər.

Baxar gicgahında güllə yarası,

Sağalıb…Dikəlib, dartınıb öpər…

 

 

Çoxlu zəhmətləri itən, dağılan
Əsəbi, davalı, hikkəli arvad!

İncidən, inciyən, qəlbi dağlanan —
Allahın rəhmiylə rahat indi yat…

 

25. 05. 2019

Samara

KÜLƏKLƏR

     Lələmin xatirəsinə

Molla məktəbində aldığı təhsil,

Qurandı və ərəb əlifbasıydı.

Keçələt kolazı çəkməyə qırx il,
Artıqlamasıyla bu da bəsiydi.

 

 

Üstünü, altını Kürün bilirdi,
Bələddi axarın xassələrinə.

Ən çox da bildiyi küləklər idi,
Bilirdi ki, hardan, haçan nə əsər.

 

 

Hər mehin adını bilirdi əzbər,
Qabaqdan duyurdu qasırğaları.

Dəiyşir çəpinin səmtini bəzən,

Bəzən suvatdan da uzaq qaçırdı.

 

 

Külək güc gələndə söyər, qınardı,
Külək tanrısıydı özü elə bil,
Küləklər içində hər cürü vardı:
Mələyə, şeytana bənzəyənləri.

 

 

Oğul-uşağıyla danışan sayaq,
Kişi danışardı küləklə bəzən.

Heyf, həm küləklər, həm oğul-uşaq,

Yayınırdı onun itaətindən…

 

 

Əlləri qabarlı həqir qəhrəman,

Əməyə sevgili, həm qoçaq kişi.

Kolxoz küləyiylə varı dağılan,
Bolşevik gözündə qolçomaq kişi.

 

 

Küləyi tanıdın sən hənirindən,
Burnunu yeləsə tutmadın ancaq.

Dünyanın bir ucqar, uzaq yerində,
Yaşadın ömrünü qasırğa sayaq.

 

14.05. 2019

Samara

BÖYÜK ADAM

Müxtəlif adamlar həyatda gördüm,
Onların çox olub yaxşıları da.

Onlar olmasaydı, çoxdan ölərdim,

Ölərdim, yaddan da çıxarardılar.

 

 

 

Ürəyi yananlar, qəlbi incələr,
Sirri saxlayanlar partizan kimi.

Söhbəti sevənlər uzun gecələr,
Qulaq kəsilənlər danışan kimi…

 

 

 

Olublar, olublar… elə indi var,
Yaxşı adamların tumu kəsilmir.

Elə ki, ya ürək, ya baş ağrıyar,
Salırsan adbaad yadına, bir-bir…

 

 

 

Böyük adamlar var həyatda ancaq,

Nə yaxşı, nə pisdir, böyükdür onlar.

Onlar həm mayakdır, onlar həm dayaq,
Onlarda rəhbərlik cəsarəti var.

 

 

 

Yaralı olasan, azarlı ya da
Çəkər keşiyini, qaldırar hökmən.

Şir ürəyi olur böyük adamda,
Və sığır kiçik bir bədənə bəzən.

 

 

 

İşi bitirməyə həvəsləndirər,
İşi bitirdinsə — göyə qaldırar.

Əlindən yapışar, səninlə gedər,

Keçməli olanda sudan ya oddan.

 

 

 

Çəkidən ağırlar, boydan ucalar,

Qolu güclülər də dost olub mənə.

Onların içində yaxşısı da var,
Ancaq eləsi yox “böyük” adlana.

 

 

Onlar dayanıblar mən dayananda,
Odu söndürüblər, sudan qaçıblar.

Olub işdən-gücdən soyudanı da,
Yaxşı adamın da cürbəcürü var…

 

 

Yaxşını çox gördüm, böyük görmədim,

İşlərim dağınıq, həyatım viran.

Kim bilir, qabağa mən də gedərdim,

Rastıma çıxsaydı, böyük bir insan.

 

 

 

Dağı dağ üstünə bəlkə qoyardm,
Dönərdim millətin qəhrəmanına,
Bəlkə zirvələrə qonardı adım,
Gərək rast gələydim böyük insana…

 

 

Rastıma çıxsaydı böyük bir insan,
Onu ümid sanar, pənah sanardım.

Onun ətəyindən yapışıb hər an,
Bəlkə də Tanrıdan mən yayınardım.

 

 

Çəkilib gedərdi dadı zəhmətin,
Ürək sevinməzdi, gəlsə də uğur.

Böyük adamdısa verən neməti,

Aldığın pay olur, sədəqə olur.

 

Gedirəm, dalımda yüküm, durmadan,
Sadə sırasında qarındaşların.

Çıxmadı qarşıma heç Böyük adam,
Şükür sənə, Tanrım, belə yaxşıdır.

 

23-24. 04. 2019

Samara

BADAM

 Ərəbqardaşbəyli, 1978

 

Qışın oğlan çağıydı, yanvardı,
Yanırdı yaydakı tək yer-göysə,
Külək əsmirdi, yağış yağmırdı,

Şoru yerin çıxırdı qar tək üzə.

 

 

 

Bəlkə də tərsə fırlanırdı o il,

Fələyin çərxi ya da yer kürəsi.

Qayğılıydı kişi-arvad elə bil,

Qayğılıydı mal-heyvanın da səsi.

 

 

 

Qayğılanmışdı kənddə bağlar da,
Hər ağac ciddi götürqoydaydı,

Şirəsi qaynayan budaqlarda,
Yaz eşqi erkən oyanmaqdaydı.

 

 

 

Bir ağac kəndin ortasında elə,
Çiçəkləmişdi ağappaq qar tək,
Yanvara aldanan badamdı belə,

Meyvəsi incə, çiçəkdən göyçək.

 

 

Gözəl, çəkirdi  keçən hər adamı,
Sinə açmışdı deyərdin birdən.

Utandırırdı baxanlar badamı,
Qızartı vardı ağ çiçəklərdə…

 

 

Mürgüdə müdrik ağaclarsa hələ,

Bilirlər istisə də, yanvardı.

Donar badam bu ağ çiçəklərlə,

Hələ fevral qabaqda, mart vardı…

 

19.04. 2019

Samara

“DONDURMA” ƏHMƏDİN KƏNDƏ GƏLMƏYİ

   Ərəbqardaşbəyli, 1960-cı illər

 

Günəş dayananda damların üstdə,
Torpaq yandıranda yalın ayağı,
Milçək də, arı da zalım istidən,
Gizlənib yarımcan dincələn çağı;

 

 

Pambıq alağından nahara gəlib,
Arvadlar kölgəyə sərilən zaman,

Pambıq arxındaca çimib dincəlib,
Duru doğramacdan qarnı curlayan

 

 

Uşaqlar əsnəyib yubadanda vaxt,

Uzaqdan tanış səs gəlirdi birdən.
Diksinib dururdu onda hər arvad,

Uşaqlarsa qulaq şəkləyirdilər.

 

 

Yaşıl köhnə moped, dalında sandıq,
İndicə Salyandan bəlkə çıxardı,

Ancaq xəbərdardı hər uşaq artıq,

Hər uşaq qulağı burda radardı.

 

 

“Məmə, Əhməd gəlir, morojnı Əhməd!”
Uşaqlar həyətdə qışqırırdılar.

“Sağ gəlib çıxmasın, Əhmədə lənət!

Marojna almağa mənim pulum var?”

 

 

Sürtərdi özünü kimsə torpağa,
Özündən gedən də olurdu bəzən.

Ana kötəkləyər, sonra qarğıyar:

“Bala, qan qusasan, ugid öləsən!”

 

 

Get-gedə artırdı səsi mopedin,
Qarı düşmən indi yaxındı kəndə.

Duyurdu hər uşaq cani Əhmədin,

Sərin hənirini həndəvərində.

 

 

Teymurləng elə bil girirdi kəndə,
Buluda qalxırdı dalınca torpaq,

Qaçırdı önünə qan-tər içində,

Qanı fırtığına qatışan uşaq.

 

 

Kimi dondurmanı alıb aşırar,
Ağzının suyunu kimi yalardı.

Cənnət nemətiydi buzlu zəhrmar,
Kənddəsə cəhənnəm havası vardı.

 

 

 

Əhməd mopedini sürüb gedərdi,
“Bir də gəlməyəsən!” – qarğıyardılar.

Arvadlar kətməni qapıb yenə də,
Pambıq tarlasına qayıdardılar.

 

 

 

Pul o vaxt az idi, düzünü deyək,
Çatmırdı çörəyə, qəndə-çaya da.

Sevgi, mehribanlıq olaydı gərək,

Canın yanğısını bir az soyuda…

17.04. 2019

Samara

AĞƏNNƏNİN ÖLÜMÜNÜN ON İLLİYİNƏ

 

Изображение 301

Qiyamət  günü var, nəhayət, gələr,

Qalxaraq hüzurda əyərik boyun.

Ümidlə ölərik, o günə qədər,

Keçər bəlkə min il, bəlkə də milyon.

 

 

Hüzurda durarsan hamı kimi sən,

Çaşar, sarsılarsan həyəcanından.

Elə bil baldızdan qorxub əsərsən,
Elə bil zəhmiylə basar öz balan.

 

 

 

Qorxarsan atandan, müəllimindən,
Ya da briqadirdən qorxduğun sayaq.

Elə bil ki polis, məmur indi də,
Burda səni söyüb yamanlayacaq.

 

 

Toxtarsan, qəfildən bir səs ucalcaq,

Danışan bilməzsən kimdi ya nədi.

Haqq-hesab istəməz,  soruşar ancaq:
“Cahangirin qızı, dincələ bildin?”

 

02. 04. 2019

Samara

ƏRƏBQARDAŞBƏYLİ

xayal

Kəndimin adında “ərəb” sözü var,
Şirindir ağızda xurma tək dadı.

O həm hədiyyədir, həm də yadigar,
Saxlayır tarixi kəndimin adı.

 

 

Ərəb gəlib çıxıb bura bir zaman,
Gəlib at belində, dəvə belində.

Sarsılıb, tutulub önünə çıxan:

Qılınc – kəmərində, kitab — əlində.

 

 

Döndərib qibləyə kəndimi ərəb,
Və açıb kitabı müəllim kimi.

Çubuq tək yellədib qılıncı qərib,

Titrədib, çaşdırıb kəndimi zəhmi.

 

 

 

Kürdən su içiblər dəvələr, atlar,

Ərəb ovuclayıb Kürü diz üstdə.

Duruydu, təmizdi Kür də o vaxtlar,
Su özü od kimi müqəddəs idi.

 

 

Ərəb əldə qılınc kəndimə deyir,

Bitirib namazı Kür qırağında:

Odu yaradandır, Allah od deyil!

Su deyil, o, suyun yaradanıdır!

 

 

 

Bir zaman yatışıb dəvələr, atlar.

Kəndimin ulduzlu səması altda,
İzləri pozulub, sözsə yadigar,

Möhür tək basılıb yaşayır adda.

 

30.03. 2019

Samara