Архивы

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-12

Altımışa çatdı yaşım,
Oğlan kimi canım var.

Mənə daha altımış il,

Millətim yaş arzular.

Altımış il, daha artıq,

Xalq deyir  bizi hərlə.

Sən olmasan qırılarıq,
Ölkə məhv olar hələ.

         Ey! Uf!

Hər vətəndaş öz evində,
Altımış şam yandırıb.

Yeyir-içir Rüstəmli də,

Aclığı dayandırıb.

Məktub aldım Yaqubludan,

Yazır: “Yaşın mübarək.
Dəmir yumruğuna heyran —

Gözüm üstə vur görək!”

            Ey! Uf!

Tort bişirir yenə Eldar,
Düz altımış metrlik.

Mİlləti yeyər, qarnı doyar,
Yaranar həm də birlik.

Təbrik elər bu gün-səhər,

Yəqin məni İrəvan,

Soruşaram eləməsə:

“Bəs nə oldu, Paşinyan?!”

    Ey! Uf!

Zəng eləmir mənə hələ.
Sülhməramlı general,
Plan cızır Araiklə,

Əleyhimə qırışmal!

Mat qalmışam mən bu hala,

Bu nə hoqqa, nə  oyun?

Fransızlar uruslarla,
Xankəndidə qol-boyun!

  Ey! Uf!

Mİrzə Əlil

23.12. 2021, Samara

YENƏ QIŞQIRIRDI ANAM YUXUMDA…

Yenə qışqırırdı yuxumda məməm,
Deyirdi: “Hardasan, gəl, ay Süleyman!”

Harayı gəlirdi mal yatağından,

Qaçdım başılovlu, qaranəfəs mən.

Aşıb süd vedrəsi, yerdə ağartı.

Sarsıldım süd üstdə qanı da görcək.

Alıb buynuzuna dəlisov inək,
İndicə çırpacaq yerə arvadı…

Diksinib ayıldım, məməmin səsi,

Getmirdi hələ də qulaqlarımdan.
Yerə süd dağılıb, süd üstündə qan,
Yandırır içimi ana tənəsi.

Sağ ikən məni də çağırıb anam,

Buynuza sancılıb hərlənən zaman.
Süd yerə calanıb, südə axıb qan,

Haray eşitsəm də, ayılmamışam.

Qışqırır, qışqırır məməm yuxumda,

Diksinib dururam, ağlayıram da.

O südü torpağa mənəm caladan,
O qanı süd üstə mənəm axıdan…

18.12. 2021, Samara

LÜDVİQ VAN BETHOVEN

Qaçaraq dünyanın tamahlarından,
Mömin monastıra çəkilər necə,
Fitnəli səslərdən o böyük alman,
Karlıqda sığıncaq tapdı eləcə.

Susdu yavaş-yavaş o vaxtdan bəri,
Dünyanın səsləri – xaric, bayağı.

Göylərdən gələndi eşitdikləri

İndi, Tanrıdaydı onun qulağı.

Dünyanın hayküyü susan, çəkilən,
Səslər cənnətiydi elə bil yeri.

Adəm tək azdırıb qovdura bilən,
Səslərin dinmirdi burda heç biri,

10.12. 2021, Samara

ATTENBORO

Uilyam Şekspir hələ gənc ikən,

Əgər BBC-nin gözləri  ilə

Baxsaydı dibinə okeanların,
Alardımı yenə qələmi ələ?

Bəlkə görən kimi sarsılasıydı,

Mavi planeti bəşər dühasi.

Anlardı bu miqyas sığışasıdır,
Nə təxəyyülünə, nə “Qlobusa”.

Möhtəşəm süjetlər, intriqalar,
Bir an kəsilməyən mübarizələr.

Elə qəhrəmanlar su altında var,

Yoxdur yer üzündə birinə bənzər.

Ehtiraslar elə qızır ki, dərin
Suların buzu da soyuda bilmir.

Qanlı savaşların, təntənələrin,
Yanında nağıldır Makbet, Kral Lir…

Özünə gələrək bəlkə də dahi,
Təzim eləyərdi Tanrıya həqir.

Bəşər faciəsi, sevgi tarixi,

Oturub yazardı yenə Şekspir.

29.11. 2021, Samara

ŞƏHİD ƏSGƏRİN MEDALI

Qəhrəman əsgərim, öldüyün ildir,

Zirvədir, deyirlər, şəhidin yeri.

Ancaq atan, anan inana bilmir,

Sağalmaz xəstədir indi hər biri.

Mükafatın gəlib ildönümünə,
Siyahısındadır adın yüzlərin.

Uzun adlı medal veriblər sənə,
Təzədir, hələlik parlayır yəqin.

Çoxsa da nə qədər cəbhədə ölən,
Çatır hər birinə bu dəmir medal.

Sanki Türkiyədən ya Çindən gələn,
Gündəlik tələbat malıdır bu mal.

Sənə qıyılmadı fəxri ad, orden,
Canının bahası dəmir medaldır.

Sən vətəndən ötrü döyüşdün, öldün,
Uzun siyahıda adın yer aldı.

Uzadıb almağa nə əllərin var,

Taxıb gəzdirməyə var nə də sinən,

Ölümündən sonra verilən medal,
Səni aşağılar, zirvədəsənsə…

Səni möcüzəylə əgər oyatsan,
Deyərdin: “Çıxarın siyahılardan!

Medal istəmirəm qızıl da olsa,

Həyat istəyirəm… lap az, bircə an…

Üşüyüm, ac olum, ağrısa can da,
Görüm başım üstdə anamı yenə,

Bircə an…bircə an… o bircə anda,

Əlim sevgilimin dəysin əlinə…

06.11. 2021, Samara

«GÜNDƏ NEÇƏ DƏFƏ ALNI MÖHÜRDƏ…»

           lələmin xatirəsinə

Gündə neçə dəfə alın möhürdə,

Dizi qatlanırdı, qul kimi həqir.

Quranı gözünə sıxıb öpərdi,
Şirin təsəlliydi, vəddi hər sətir.

Çəkilən zəhmətlər, axıdılan tər,
Əllərin qabarı, qəlb yaraları…

Deyirdi hardasa var elə dəftər,
Yazır, ötürmədən, kimsə  bunları…

Yığan, yığdığınl itirən kişi,

Atıldın geriyə məqsədə çatcaq.
Əzabla sınandın sən Əyyub kimi,

Gəlmədi Tanrıdan mükafat ancaq.

Bəlkə zəhmətlərin, axıtdığın tər,
Ürək yaraların hədər deyilmş.

Öpdüyün kitabın verdiyi vədlər,
Bəlkə də haqq olub, yerin də behişt.

İndi dincələrsən… səni dincələn,
Təsəvvür eləmək çətindir ancaq.

Yatasan xurmalar kölgəsində sən,

Pərqu mütəkkəyə kəllə ataraq.

Yatarsan beşcə gün, bir həftə bəlkə,
Bezdirər bu behişt yuxusu sonra.

Ürəyin istəyər acı tənbəki,

Cənnət meyvələri pisini vurar,

Gicişər əllərin iş həvəsiylə,

Yol eşqi sızıldar ayaqlarını.
Ovutmaz hurilər şirin səsiylə,
Qışqırıb qovarsan onları yəqin…

Hönkürüb ağlarsan sonra qüssədən,
Gözünün yaşını qurutmaz sərin.

Özünü görərsən Kür üstündə sən,
Gözünün önünə gələr kolazın.

Arvad-uşağı da xatırlayarsan,

Heç biri qəlbinə yatan deyildi.

Həyat cəhənnəmdi… burdasa hər an,

Onun xiffətini çəkərsən indi…

14-15.10. 2021, Samara

ANIM GÜNÜ

Bu gün vətənimdə yaxşı hava var,
Xəstəyə dərmandır, hava deyil ki.

Belədə keçmişi insan unudar,
Gələcək günlərdir arzusu, fikri.

Daha şirə tutub bütün meyvələr,

Günəş kefə işlər, kef verər  indi,
Doğumu möhtəşəm, batımı gözəl,
Şöləsi yandırmır, məzələndirir.

Soydaşım, yenə də gözlərin xumar,
Fikrini gələcək aparıb yenə.

Ancaq gələcəyin gələcəyi var,
Sonrasa…Aydındır sonrası sənə…

Qıfıl deşiyindən necə baxarlar,
Gözünü eləcə keçmişə zillə.

Baxdığın zamanda çoxlu ölüm var,
Sənin öz ölümün orda yox hələ.

Soydaşm… Ağalar, gözəl xanımlar!

Hava nə gözəldir, eyvana çıxın!

Ölkədə kütləvi bu gün anım var,
Çevrilib bir illik keçmişə baxın.

Orda ölümü var bir neçə minin,

Heç biri sizinki, mənimki deyil.

Getdilər, öldülər vətən naminə,

Siz də yayındınız, mən də keçən il.

Gedənlər, ölənlər özgələr idi,
Yayınıb sağ qaldıq, müzəffərik  biz,
Qaldırıb bayrağı yellədin indi,
Özünüz yellənin, utanmayın siz.

Soydaşım! Ağalar, gözəl xanımlar!

Yəqin ki, fikriniz gələcəkdədir.

Ancaq gələcəyin gələcəyi var,
Canı bilirsinz sözümün nədir…

27.09. 2021, Samara

BƏXTİYAR HACIYEVDƏN PREZİDENTƏ ŞEİR ƏRİZƏSİ

Bilmirəm ki, məndən niyə küsmüsən,

Dindirmədin üzbəüzə gələndə.

Feysbukdan ayağımı kəsmisən,
Açmadın qapını sizə gələndə.

İndi dəmir yumruğuna həsrətəm,
Ermənini vurmağına həsrətəm,
Bayraqdarlı bayrağına həsrətəm,

Mən niyə olmuşam gözə gələn də?

Ölləm həsrətindən, qalsa çox belə,

Bas yenə türməyə, sonra əhv elə,
Bəlkə yuxum gələ, iştahım gələ,
Görəndə tanımır, bizə gələn də.

Nə yazdım ki, məndən belə incidin,
Axı doğru sözdən küsən deyildin,
Sən bir analoqsuz demokrat idin,

İşdə də olmasa, sözə gələndə.

Adım Bəxtiyardır, özüm bəxtəvər,
Ancaq ayrılığın məni mələdər.

Türmə əzməmişdi məni bu qədər,
Necə ki, blokun əzər, gələndə.

Ərizə yazmışam indi, hökmdar,

Mənim səndən sənə şikayətim var.

Məhkəməlikdir iş, blokdan çıxar,
Aç gözəl qapını, sizə gələndə.

Mirzə TƏBİL
27.08. 2021, Samara

DAVA ARVAD DAVASIDIR!

Talibanın sözçüsünə

Saqqalı sıx keçə kimi,
Gözlər qara gecə kimi,
Diş ağzında otuz iki,
Hapa basır, gopa basır.

Dava arvad davasıdır.

Hərdən-hərdən gülümsəyir,
Ətli dodaqları əsir,
Arvadbaz, şəhvət əsiri,

Hapa basır, gopa basır.

Dava arvad davasıdır.

Gah şəriət, gah da Quran,

Nə dəzgah görüb, nə kotan.

Bir kitab oxumuş nadan, —

Hapa basır, gopa basır.

Dava arvad davasıdır.

Ayaqyalın  çalmalılar,
Kirli, pırpız saqqallılar,

Guya nümunədir xalqa, —

Hapa basır, gopa basır.

Dava arvad davasıdır.

Yorulmadan “dəyər” deyir,
Bilmirsən nədir dediyi.

Soxasan bir ayıb yerə,
Hapa basır, gopa basır.

Dava arvad davasıdır.

Zavod, fabrik tikən deyil,

Tarla, bostan əkən deyil,

Qamçı vurur, qapır, yeyir,

Hapa basır, gopa basır.

Dava arvad davaısıdır.

Kim nə sual versə ona,
Çalmalı bu cənab yenə,

Gətirir arvad üstünə, —

Hapa basır, gopa basır!

Dava arvad davasıdır!

Arvadına əmirdir ər,

Qamçılar, döyər, öıdürər.

Burdur islam, budur dəyər?! –

Hapa basır, gopa basır,

Dava arvad davasıdır.

Köhnəldi, al təzəsini,

Sütülünü, körpəsini,

Sındır qol-qabırğasını, —

Çərlət, elə əsir-yesir,

Dava arvad davasıdır.

Vəhşilk var, insanlıq var,
İşıqlıq var, qaranlıq var.

Yoxdur dini inqilablar,

Kim deyir var – gopa basır,
Dava arvad davasıdır!

19.08. 2021, Samara

GƏNCƏLİ NİZAMİ GƏNCƏVİYƏ

Sən elə böyüksən, adın önündə,
“Böyük” sözü özü kiçilib gedir.

Adın sadalanır hər addan öndə,

Belə yaşayırıq doqquz əsrdir.

Həmişə yuxarı başda yerin var,

Sən təksən, aşağı başda olan çox.
İncimir aşağı başda olanlar,
Yerinə heç kimin iddiası yox.

Həsrətik səninlə söhbətə çoxdan,
Susursan, susuruq — dili bilmirik.

Özgə sözləriylə sən tanınmısan,

Əslində necəsən — bilə bilmirik.

Dilini anlayan çoxmu adam var? —

Şair yox, heykəlsən sən bizə çünki.

Heykəl nə danışar, nə danışdırar,

Dilsiz pərəstişdir abidəninki.

Ulusan, böyüksən, Gəncənin oğlu,
Heyf ki, dilini bilmirik ancaq.

Qulpsuz çamadansan xəzinə dolu,

Nə aparmaq olur, nə də ki, atmaq…

15.08. 2021, Samara