Архивы

TİKƏMİ YARILADIM…

                anamın xatirəsinə

Yarıladım tikəmi,
Yarıac qalanda da.
Dözdüm sabaha kimi,
Yedim qalanını da.

Gəncdim, onda zamana,
Vardı inam, etibar.

Yox idi şübhəm buna:

Bu günün sabahı var.

Sabaha qoydun belə,
Nə qədər işimi mən.

Neçə sabahlar gələ,
Yenə bitirməmişəm.

O vaxtlar cavan idim,

Cavanda ağıl olar?

Ürəkdən inanırdım,
Sabahın sabahı var.

Hamı ağac əkən vaxt,
Dedim sabah əkərəm.

Sabah qan-tər axıdar,
Yaxşı ev də tikərəm.

Yaş az, ağıl da elə.

Tikmədim, axıdıb tər.

Sabahı gözləməklə,
Ötüb keçirdi günlər.

Anama iki kəlmə,

Deməliydim, demirdim.

Sabah nə, ay nə, il nə,
Əsri mən yelə verdim…

Deyirdim ki, deyərəm,

Mən sağam, anam da sağ.

Bu günü yola verim,
Deyərəm hökmən sabah…

… Tikəni böldüm iki,
Yoxsa boğazda qalar.

Daha inanmıram ki,

Bu günün sabahı var…

07.09. 2021, Samara

DÖYƏN YOX QAPIMI…

Döyən yox qapını, susub telefon,

Nə kağız məktub var, nə elektron.

Kimsə yox çağırsam, səsimə gələ,

Nəfəsim titrətməz yarpağı belə.

Qüssə qəlbi didər, divarlar sıxar,

Ancaq həvəs də yox qapıdan çıxam.

Otaqda təkəmsə, küçədə yadam,

Nə üzüm tanınar, nə də ki adım.

Hara baxaramsa – mən tanıyanlar,

Məni nə tanıyan, nə dindirən var.

Adımı görmürəm kitab rəfində,

Özgə kitablardır dörd tərəfimdə.

Dörd yol ayrıcında durub huylayam,

Girəm İnternetə, hay quqllayam –

Çıxar adaşlarım, soyaddaşlarım,

Mənim adım çıxmaz. Soyuq daşlara

Gəzib məzarlıqda nə qədər baxam –

Yoxam bu heçlikdə, burda da yoxam.

Daş altda yaşıdlar, məndən uşaqlar,

Burda adım yoxdur, burda yerim var.

Daşlar arasında indi yıxılsam,

Başıma yığılar nə qədər insan.

Nəfəsim oyanmaz nəfəslərindən,

Torpağa qoyulub örtülərəm mən,

Kitab oxunmamış örtülən kimi.

Nə adım bilinər, nə də kimliyim…

 

28-30 aprel 2011 Samara

 

 

 

 

DOSTA MƏSLƏHƏT

 Təksən bu dünyada sən,

Səndən başqaları çox.

Bəlkə də ehtiyac yox,

Meydanlara girəsən.

Haraya tələsmə sən,

Nə çox yumşaq ürəkli.

Nə çox bütöv çörəkli –

Niyə tikə böləsən?

Yer axtarma sırada,

Sıra sənsiz də dolar.

Yəqin ki tələb olar,

Sənə yüz il sonra da.

Ya millət ümüdüsən,

Ya da bəşər dühası.

Gərək uğuru, şansı.

Sən illərlə güdəsən.

Xırda çətinliklərin,

Həllinə başqalar var.

Başqaları baş qoyar,

Edam kötüklərinə.

Soxul, qatıl kütləyə,

İgid istəsə dövran.

Can verən, qan axıdan,

Nə çox. Özünü gözlə.

Səndən başqa kim ölsə,

Yerində başqalar var.

Sənin yerin boş qalar,
Qəfil gülləyə gəlsən.

                                       20 aprel 2011 Samara

QABAQDAKI ADAM

 

Bəxtiyar Hacıyevə

Nə qədər sıralanaq,
Dəstələnək nə qədər.

Çıxır hökmən bir nəfər,

Gedir hamıdan qabaq.

 

Yuxudan addımının,

Səsinə oyanırıq.

Dalınca yollanırıq,

Qabaqdakı adamın.

 

Bilməsək də adını,

Bilməsək də yerini.

Duyuruq hənirini,

Qabaqdakı adamın.

 

Onunla addımlayar,

Zaman. Qırar qəfəsi,

Yarar gedər məhbəsi,

Qabaqdakı adamla.

 

Min lülənin qurğuşun

Baxışını adlayar,

Qabaqda addımlayan —

Ləngiməz də yürüşü.

 

                         18-19 aprel 2011 Samara

BİNALAR GÖYÜ DƏLSƏ DƏ…

                    istəkli Rafiqin xatirəsinə

 

Binalar göyü dəlsə də,

Burda söz başı kəsdirir.

Ürəklər daş deyilsə də,

Zehinlərdə daş əsridir.

 

Tinində hər göydələnin,

Bir kəmfürsət pusqu qurar,

Hicablanar, pərdələnər,

Gəzər əli bıçaqlılar…

 

Ara vermir bütün günü,

Qar bürüyür məzarlığı.

Gəlir Sibir sürgününə,
Elə bil ki, Rafiq Tağı…

 

Həkim gedir, yazar gedir,

Beş-on nəfər ötürəni,

Çiçəklər də məzarında,

Yad ellərdən gətirilən…

 

Susur şimal, susur cənub,

Xalq dilinin girincidi.

Aç kitabı, molla cənab,

Ərəbcə de, ərəbcə de…

 

 

25-26 noyabr 2011 Samara 

PRESİDENT MAHNISI

 

 

Cib-cib cücələrim,

Cib-cib, cib-cib cücələrim.

Mənim qəşəng cücələrim,

Əti kövrək cücələrim.

Arzum budur yekələsiz,
Yeyib-içib kökələsiz.

Beçələnin, fərələnin,

Baxım sizə, fərəhlənim.

İndi gedin oynamağa,

Su qoymuşam qaynamağa.

Siz qayıdıb gələnəcən,

İtilərəm bıçağı mən.

Mənim qəşəng cücələrim,

Əti kövrək cücələrim…

 

24 may 2011 Samara

 

CAVİDİN XATİRƏSİNƏ

ANA                                            

                                            

Yıxılıb həyətin boz asfaltına,

Nəfəs almağı da bilinmir indi.

Baxır, kütlə görür həndəvərində,

Tanımır məhəllə camaatını.

 

Ana gözlərinin işığı sönüb —

Ata bərabəri, adı and oğul,

Dünən anasına qol-qanad oğul,

Yurda qol-qanadı bükülü dönüb.

 

Ağır xəstəliklə, ağır yarayla,

Yataqda qalsaydı illər uzunu.

Yalvarar, Tanrının bəlkə özünü,

Rəhmə gətirərdi dualarıyla.

 

Nazını çəkərdi son ümidinin,

Bəsləyib şəfalı bar yetirərdi.

Təzədən döşünə süd gətirərdi,

Əlac desəydilər ana südünü.

 

Əsir tutulsaydı, hərbə çıxardı,

Düşmən ordusuna həmlə çəkərdi.

Yalın əlləriylə qırıb-tökərdi.

Əlli min əsgəri. Qala yıxardı.

 

Dəf edər təbii fəlakətləri,

Alardı oğlunu sudan və oddan.

Halı yeri-göyü indi ağladan,

Göylə əlləşərdi bala xətrinə.

 

Torpağın altıdır soyuq yer indi…

Yer isti, göy isti, odlanır asfalt.

Göz dolu, qəlb dolu, yetişir saat,

Tanrıya üz çevir, Tanrını dindir…

22-23 aprel 2011 Samara

 

«YƏQİN İNDİ BAĞDA OTURMUSAN SƏN…»

anam Raziyyə üçün

Yəqin indi bağda oturmusan sən –

Orda havaları yaxşı deyirlər.

Yəqin ağacına söykənib çənən –

Yenə itməyibsə ağacın əgər.

Nə vaxtdan ot basıb, tikan bürüyüb,

İndi göz qıyaraq baxdığın yolu.

Oğul-uşaq keçib, nəvə yüyürüb,

Bu yolla. Həyətsə adamla dolu.

Gözlərin önünə şəkillər gələr,

Canlanar hər biri, danışmaz ancaq.

Sinəndən hönkürtü qopmasa əgər,

Həyətin sükutu pozulmayacaq…

Keçər quş qatarı qıyıltılarla,

Qəlbə qayğı salar, fikri azdırar.

Köçürlər görəsən? Ya qayıdırlar?

Görəsən payızdır? Bəlkə də yazdır…

Pələd əfəlləyib, cəftəsi paslı,

Nə bir açanı var, nə bağlayanı.

Həyətə girən yox, çıxanlarınsa,

Getdiyi mənzildən yox qayıdanı…

15-17 aprel 2011  Samara