XƏRÇƏNG

 

Süleymanın ölümünün ildönümünə

Ucalır hər yerdə sənin adınla,

Möhtəşəm binalar. Sayları adlar

Bəlkə məbədlərin sayını belə.

Gələr boynu bükük, gələr hüznlə,

Gələr qaşqabaqlı, canı ağrılı,

Xaça, ayparaya, bütə bağlılar.

Xəstəlik olsa da adın, özünsə,

Bəlkə də talesən, yazısan bizə.

Ya bəlkə taleyə hökm verənsən,
Ya bəlkə yazının müəllifisən.

Bu hospitalları, bu hospisləri,

Bürüyən ağrıyla dolu səslərin,

Nə gündüz, nə gecə kəsilməyi var –

Sənin qüdrətinlə ucalar onlar.

Həm ağrının özü, həm ağrıdansan,

Sən həm yaranışsan, həm yaradansan.

Varsan! – şübhəsi yox buna kiminsə,

Tanrı deylsən də, tanrı kimisən.

Açılar-örtülər qəm qapıları,

Gecəli-gündüzlü hospitalların.

Məgər onlar ağrı məbədi deyil?

Tanrının evi tək əbədi deyil?

…Həmişə, hər yerdə səcdədəyik biz,

Ya boynumuz bükük, ya da dizimiz.

 

                                          8 yanvar-11 fevral 2012 Samara

 

Реклама

ANA

                

 

Bu da zirvə, bu da doxsan –

Yaşın kimi sevindirir?

Halsız, üzgün uzanmısan,

Tükənib gəlib-gedənin.

 

Yayın ölüb, yazın ölüb,

Gedən  — payız, gələn — payız.

Oğlun ölüb, qızın ölüb.

Nə zəng gələr, nə də kağız…

 

Bilinmir evin yaşı da,

Əfəlləyib daşı-damı.

Əynin yaş, otağın yaşdı, —

Damır, otağına, damır…

 

Neçə gündür yağış yağır,

Yol yuyulub, cığır itib.

Sönüb kəndin işıqıarı,

Pəncərəni duman tutub.

 

Sular qarışır sulara,

Dolur evə vahiməsi.

Bu sel tanrı qarğışısa,

Bəs hanı Nuhun gəmisi?…

 

16-17 okt. 2012, Samara

BİZ DƏ QUŞLAR KİMİ UÇA BİLƏYDİK…

Biz də quşlar kimi uça biləydik,

İqlimdən iqlimə köçə biləydik.

 

Dənimiz-suyumuz dimdiyimizdə,

Dənizlər aşaydıq biz gəmisiz də.

 

Qıy vurub, şığıyıb, qatarlanaydıq,
Haranı bəyənsək, ora qonaydıq.

 

Biləydik dadını havalanmağın,
Sevib-sevilməyin, yuvalanmağın.

 

Bir gün qolumuzu aça biləydik,

Biz də quşlar kimi uça biləydik…

 

Avqust 2011 – dekabr 2012-12-14 Ərəbqardaşbəyli -Samara