BƏXTİYAR VAHABZADƏNİN “HƏYAT SƏN NƏ ŞİRİNSƏN!” ŞERİNƏ NƏZİRƏ

Bəli, ömür nədənsə bərabər paylanmayıb,

Xoş o kəsin halına – pay alıb, aldanmayıb.

Kim bilir üç yüz ili qarğa nə yolla alıb,

Zavallı şahinəsə vur-tut onca il qalıb.

Yəqin növbə zamanı basırıq da salıblar,

Çoxları əl altından, tanışlıqla alıblar.

Həyat, sən həm acısan, həyat, sən həm şirinsən,

Hərdənbir turşməzəsən, hərdən də kəmşirinsən.

Əgər desə bir qarı: “Ölmürəm ki qurtaram!”

Əzrailin gözünə kül üfürür, vəssalam.

Üzə demək olmasın, həyan, yaman şirinsən,

Maaş üstdən mükafat alan zaman şirinsən.

Bəli, bir gün Əzrail Loğmanla da görüşdü,

O nəcib alim kişi görün nə günə düşdü!

İstəyən utanırsa ən çoxu qurşağadək,

Verməyənlər qızarır təpədən dırnağadək.

Loğman istədi onu birtəhər tutsun dilə,

Bir gül dərib çəməndən uzatdı Əzrailə.

Söylədi: “Düşünməyin rüşvət verirəm sizə,

Kiçik bir hədiyyədir bu, xoş gəlişinizə”.

Əzrail dedi: “Alsam bu gülü səndən əgər,

Bil ki təmiz adıma min böhtan deyəcəklər.

Düşmənlər ayağımın altını qazacaqlar,

Düz allahın üstünə anonim yazacaqlar”.

…Loğman köçdü dünyadan ürəyində dərd, qubar,

Nəvələri o güllə “çilədi” oynadılar…

Demirəm ki, hər zaman belə şirinsən, həyat,

Bəzən acı zəhərə dönməyin də var, heyhat!

Bir gündə on beş toya çağrılanda yamansan,

Arvadın danlağıyla qovrulanda yamansan.

Bircə şüşə çaxırın pulu düzəlməyəndə,

Dadsız-tamsız olursan, bağışla məni, sın də.

Ancaq şirin də olsan, acı zəhər də olsan,

Hələ səndən doymayıb bu dünyada bir insan.

Necə əzizsən mənə! Yığılıb gələ aləm,

Öz payımı heç kəsə bil ki, verən deyiləm!

        20 yanvar 1978, Ərəbqardaşbəyli

 

 

Реклама

RUSİYA

Yurdun peyğəmbəri qıraqdan gələr,
Bilinmədi yurdda, qədrim, Rusiya!
Rus atar vətəni, qərbə köç elər,
Mən atdım vətəni, qərbim — Rusiya.

Onillərlə hədər getdi əməyim,
Çığıra düşmüşdüm, yolumu əydim.
Dayazlarda üzən xırda gəmiydim,
Qoynunda yetişər qərqim, Rusiya!

Yorur ayağımı yolların buzu,
Gedərəm – dalımca silinər izim.
Baharların qısa, qışların uzun,
Dözmürəm, tükənir səbrim, Rusiya!

Elə ki görünür günəşin üzü,
Gülür kilsələrin qızıl günbəzi.
Sən həm qəribliyim, sən həm əzizim,
İkiyə bölünüb qəlbim, Rusiya.

Günahlarmı belə canımda coşan,
Vicdanı göynədən, ürəyi düşən?
Özüməm özümə ən qatı düşmən,
Yalnz özümlədir hərbim, Rusiya.

Ayrıldım yurdumdan, yaman ayrıldım,
Hanı haraylayan, dönəm, qayıdam?
Nə qədər ürəkdə sevgim soyudu,
Nə qədər ürəkdə qəbrim, Rusiya!

Doğma dil eşqiylə yanar dodağım,
Mən kimə dərdimi deyim-dağıdım?
Burda bir ölkəyəm sərhədi bağlı,
Dolu ürəyimdir gerbim, Rusiya!
fevral 1987, Samara

ƏSƏRLƏRİM, YAZILARIM…

Yazılarım qəzet, jurnal deyibən

Baş alıb gedər,

Yazılarım redaktorların ürəyindən

Daş alıb gələr

Ürəyimi əzməyə.

Əsərlərim, yazılarım,

Redaksiya qapılarında qurdlara tuş olan quzularım.

Yazılarım ürəyimdən qanad alar,

Qəzet, jurnal deyibən

Uçar, uçar.

Redaktorlar

Qanadını qırar quşlarımın,

Yasını intizarım saxlar ölmüşlərimin.

Əsərlərim, yazılarım,

Çoxu ev dustağı olan

əzizlərim.

Əsərlərim, yazılarım,

niyyət dolu, sevgi dolu sözlərim,

nuru gedən gözlərim,

beş-on dostun ürəyində düşüb qalan izlərim.

Əsərlərim, yazılarım,

mənim şikəst övladlarım,

mənim xəcil balalarım.

Əsərlərim, yazılarım,

əzizlərim,

oğlanlarım, qızlarım.

                20.03. 1976 Ərəbqardaşbəyli

SAÇ AĞARMAQDA…

Saç ağarmaqda, daralmaqda nəfəs,

Qaynamır qanda o əvvəlki həvəs.

 

Hanı o nəğmə ki, yaxardı məni,

Hanı o yanğılı, göynərtili səs?

 

Bu ömür borc idi, mən xərc elədim,

Bu ağır borcu min fikir ödəməz.

 

Diləyim, tanrı, bir udum havadır,

Rəhm elə, ruhumu al məndən əvəz.

 

Vətənə üz çevir, vətən – qiblə,

Ötürərsən anı, Xeyrulla, tələs.

 

oktyabr 1989, Samara

 

SABAH TOYUNDUR

 

 

Könlümə qar yağar, qırov tökülər,

Sabah öz taxtına çıxar qış yenə.

Sabah bir boyverməz hasar çəkilər,

Görüş yerinə.

 

Bilmirəm neyləyim ürəyimlə də,

Tar-kaman səsindən diksinib qorxur.

Yəqin inciyəcək sabah bu vədə —

Axı toyundur!

 

Hicran bir ürəkdə od qalayacaq,

Axacaq bir qəlbə sevinc sel kimi.

Bir ağ rəngli maşın tapdalayacaq,

Son ümidimi.

 

Qızlar “aparmağa gəlmişik” desə,

Cavanlar qol açıb girsə meydana,

Məhəl qoymayacaq kimsə bu səsə:

“Deyin, hayana?”

 

Maşın karvanını saxlayıb bir-bir,

Nəmər istəyənlər olacaq sabah.

Bəs mənim könlümün istəyi nədir?-

Bilmirəm, vallah.

 

Sənin aprdığın bir aləm cehiz,

Qüssədir, ağrıdır mənə qalanlar.

Sevgimdən qəlbində qalıbsa bir iz –

Onu da qaytar!

                                                                    12 avqust 1974, Ərəbqardaşbəyli

 

QƏLBİMİN İSTİSİ, SEVİNCİ ANAM…

Qəlbimin istisi, sevinci anam,

Bu kasıb ömrümə tək inci anam.

 

Qoydu övlad yolunda dincliyini,

Qızının, oğlunun girinci anam.

 

Nə qədər uğradım fəlakətə mən,

Yetişdi dadıma birinci anam.

 

Məni çox qarğısa da aşkarda,

Yandı hər dərdimə gizlincə anam.

 

Atar aləm məni, atmaz Tanrım,

Əl üzər ancaq — əl üzüncə anam.

 

Canımda şerə həvəs yandırdı,

Canı atəşli, ruhu incə anam.

 

 

07-08 oktyabr 1989, Samara

BU GÖRÜŞ TƏSADÜFİ…

Bu görüş təsadüfi,

Adam çox, yer narahat.

Min baxışa hədəfik,

Bilmirik hara baxaq.

 

Bu görüş göz qırpımı,

Hər dəqiqə qənimət.

Kəsib durur qapını,

Ayrılıq-əbədiyyət.

 

Bir nəfəslik məsafə,

Səni məndən ayıran.

İstilənir nəfəsim –

Nəfəsini duyuram.

 

Bu görüşün ömrü an,-

Macal yox ki yalvarıb

Sən məni saxlayasan,

Ya mən səni aparam.

 

Bu görüşə ümid yox,

Kəpənək ömürlüdür.

Ayrılıqdan yorğunuq –

Bəlkə şirin mürgüdür?

 

Bu görüş, bu ayrılıq –

Zaman yükü çəkər an.

Əbədiyyət asılıb,

Kəpənək qanadından…

 

 

                                              12-17 mart1993, Samara

 

YÜZ İLİN QIŞIDIR ELƏ BİL GEDƏN…

Yüz ilin qışıdır elə bil gedən,

Elə bil əriyir yüz ilin qarı.

Sanki fəsil deyil, əsrdir gedən,

Bədəndə yorğunluq, ürəkdə ağrı.

 

Yer çılpaq, səmada tanış boz örpək,

Yüz illik qatlardan cücərir çəmən.

Yarpağı, çiçəyi görməyə gərək,

Yüz ilin səbrini basıb dözəsən.

 

Oyatmır ürəkdə təntənə, bayram,

Qürbətin növbəti fəsildönümü.

Bu qara sulardır yalnız ayıran,

Keçən günlərimdən gələn günümü.

 

                                mart – 05 aprel 1997, Samara

 

ANAM, AĞLAMA!

Yenə gözlərində kədər buludu,

İnan, bu halına dözə bilmirəm.

Kirpiklər bir selin önündə durub,
Haçan damcı-damcı sızar, bilmirəm.

Sızıb bir axara dönsə bu sel, su,

İnan, bu axarda üzə bilmərəm.

Anam, ağlama!

Deyirsən “başları bəxtəvər olsun,

Oğlundan, qızından yarıyanların”.

Deyirsən “bəxtimə düşmədi biri,

Ata-anasını yarıdanların”.

Astadan desəın də, vallah, ürəyim,

Sənin hər sözündən bir yara alır.

Anam, ağlama!

Ev-eşik qayğısı, süfrə qayğısı,

Hərdən cin atına mindirir səni.

Yatmır ürəyinə gəlinlərin də,

Zamanın gərdişi yandırır səni.

Yenə səbrini yığ, bu göz yaşları,

Vallah, el içində sındırır səni,

Anam, ağlama!

Hərdən günəşə də acığın tutur,

Deyirsən “istisi tamam azalıb.

Nə ağrı götürür, nə can qızdırır,

Elə günəşlikdən tək adı qalıb”.

Gəl belə danışma, ay ömrüm-günüm,

Eşidib deyərlər “anan qocalıb” –

Anam, ağlama!

Çoxdu dərdi-səri sonbeşiyin də,

Gəlbin məndən ötrü belə nigaran.

Deyirsən “özünə gün ağlamadı,

Şerə baş qoşalı qaldı avara”.

Yenə can sağ olsun, nə qəm, kim bilir,

Bəlkə mən də bir gün ağıllanaram.

Anam, ağlama!

Bulud çəkilməsə gözündən əgər,

Gəlbimin qüssəsi çəkilən deyil.

Ağlasan, sel olar gözünün yaşı,

Məni öz qoynunda batırar bu sel.

Bəlkə də mən sənin ciyərparanam,

Sən də ürəyimin parasısan, bil!

Anam, ağlama!

                                          iIyun-22 sentyabr1978, Ərəbqardaşbəyli