povest
Arif Paşa oğlu Kərimiva həsr olunur
İ. MƏHƏRRƏMİN EVLƏNMƏYİNİN TARİXİ
Hələ kiçik qızını ərə verməmişdən qabaq anası Məhərrəmi evləndirmək istəyirdi, ancaq arvadın səyləri bir nəticə vermədi, bir yandan da kiçik qız üçün adaxlı tapıldı, düzdür. O, qızdan çox yaşlı idi, ancaq qarıyıb evdə qalmaq təhlükəsi qarşısında bu adaxlı özü də göydən düşmə kimi oldu və qız ərə vermək kimi tanrı müsibətindən canı qurtarıb biir az nəfəsini dərəndən sonra Ana yeganə oğlunun taleyilə bağlı fəaliyyətini davam etdirməyə başladı. O vaxt hələ qızın rəyini öyrənib-bilməmiş elçi göndərmək dəbdəydi. Ana, başqa kənddə yaşayan qızı da daxil olmaqla, qonşu arvadlardan ibarət Dəstə-İttifaq bağlayıb adaxlanmalı qızları olan müxtəlif evlərə ekspedisiyasalar təşkil etdi, sonralar fəaliyyət dairəsi genişləndirildi, Məhərrəmi evləndirmək kimi nəcib missiyanı öz üzərinə götürmüş Dəstə qonşu kəndləri də ayaqdan saldı, lakin çoxlu uğursuzluqlardan sonra Dəstə öz mütəşıkkilliyini itirdi, onun bəzi üzvləri arasında ixtilaf başlandı və bu İttifaq qarşısına qoyduğu böyük məqsədi həyata keçirmədən dağılıb getdi. Məsələ burasındadır ki, Dəstə-İttifaq fəaliyyətinin lap başlanğıcında onu iflasa aparan bir sıra taktik və strateji səhvlərə yol vermişdi. Məhərrəmin namizədliyi bir qız ya bu qızın valideynləri tərəfindən rədd olunan kimi Dəstə əvvəlkindən az nufuzlu bir ailə və imkanları aşağı qiymətləndirilən qız seçirdi, həmin ailə və həmin qız isə “biz filankəsdən əskik deyilik, bizi əvəldən də görürdünüz” deyərək elçiləri geri qaytarırdı. Bu qayda ilə çirkin, yaşı ötmüş, ərə getməyə heç bir ümidi qalmamış qızlar yaxud onların valideynləri də Dəstəyə rədd cavabı vermiş və beləliklə də onun sonrakı mövcudluğunu qeyri-mümkün eymişdilər. Ananın kənd Camaatından incidiyini demək artıqdır. Ana Məhərrəmə qız verməyən ailələrlə, onun qohum-əqrəbalarıyla və qonşularıyla, oğlunun namizədliyinə pəl vurmuş ya pəl vurmaqda şübhələndiyi bütün şəxslərlə ünsiyyəti kəsdi. Subay, yəni bədbəxt və yazıq Məhərrəmin həyatı isə əvvəlki qaydada davam edirdi. Yemək ehtiyatını tor zənbilə qoyub Şirvan çöllərində neft quyusu qazmağa gedir, dörd gündən sonra qayıdıb gəlirdi. Evdə olduğu günlərdə həyət-bacada qurdalanır, tuğaydan yulğun qırıb çəpərin əfəlləmiş yerlərini bərkidir, yay aylarında yaxınlıqdakı pambıq tarlasınının qırağından sarmaşıq, ot biçirdi. Dörd gün neft quyusu qazandan sonra Məhərrəm dörd gün də istirahət etməliydi, əlbəttə, saydığımız işlər onun quyu qazarkən itirdiyi enerjinu bərpa etməsinə mane ola bilməzdi, başqa bir məsələ vardı ki, bu da Məhərrəmin əhvalını əməlli-başlı pozurdu, tay-tuşları Məhərrəmə yaman sataşırdııar. Evlənə bilməməyinin səbəbini ən müxtəlif səmtlərə yozan eyhamların mənasını Məhərrəm, şübhəsiz ki, başa düşürdü. Ot biçdiyi zaman yaxınlıqda işləyən qızlar barkdən gülüşürdülər, əlbəttə, qızlar astadan danışırdılar, ancaq gülərkən ona tərəf baxmaqları gülüşlərindəki mənanı hər sözdən yaxşı çatdırırdı. Bu qızlar Məhərrəmi görəndə öz aralarındakı bütün ixtilafları unudurdular, çəkişmələrə son verilirdi, çünki bu qızların çoxunu ya Məhərrəm, ya ananın Dəstə-İttifaqı istəmişdi, Məhərrəmə hamılıqla verilmiş rədd cavabı indi bu qızların həmrəyliyini təmin edirdi, onların arasında bir növ ictimai yapışqan rolunu oynayırdı. Bu işin necə qurtaracağı barədə heç kim fikirləşmirdi, əlbəttə, fikirləşmirdi deyəndə biz Ananı, Bacıları nəzərdə tutmuruq. Kim idi işini-gücünü atıb Məhərrəmin subay, yəni bədbəxt və yazıq həyatı barədə baş sındırsın, ancaq fikirləşsəydilər belə, Məhərrəmin içməyə başlayacağı ehtimalından yan keçərdilər. İçmək, hər necə olsa, cürət istəyir. Birincisi, pulundan keçirsən. Məhərəm isə pulundan keçən deyildi, o, kənd cavanlarıyla oturub-durmur, pul xərcləmirdi. İçən adam, ılbəttə, hər içən yox, müntəzəm şəkildə içən adam camaatı bir növ saya salmır, böyük-kiçikdən, qız-gəlindən həya eləmir və s. Məhərrəmdən bu hünəri də gözləmək olmazdı. Deməli, Məhərrəmin gələcəyi barədə əməlli-başlı düşünən olsaydı, Məhərrəmin içməyə, özü də müntəzəm içməyə başlayacağı ehtimalınfan yan keçəcək və indicə görəcəyimiz kimi, çox kobud bir səhvə yol verəcəkdi. Tezliklə Məhərrəm içməyə başladı. Demək olmazdı ki, içkini Məhərrəm bir intiqam vasitəsi kimi seçib, ancaq onun içməyə, özü də möhkəm içməyə başlaması Camaatı yaman pərt elədi. Bəbirxanlı kişiləri toyda-bayramda içirdilər, ancaq bu kənddə əyyaş yox idi, ona görə də Araq hələ Camaat arasında hörmətdən düşməmişdi, yəni Bəbirxanlıda hələ heç kim Arağın adına əskiklik gətirə bilən bir hərəkətə yol verməmişdi. Bundan əlavə, Camaat hələ ki əyyaşlığı uzaqdan-uzağa seyr eləmişdi, əyyaşlıq Camaat üçün hələlik qeyri-adi və həm də maraqlı bir hal idi və bunun Məhərrəmin simasında təcəssümü Camaatın ürəyindən deyiıdi. İvan Vasilyeviç, əlbəttə, içə bilər, o bunu bacarır, Şota da içə bilər, dədədən-babadan içən olublar, gəl ki bu Məhərrəm… Balam, bu o Məhərrəm deyil ki, əsgərliyi yarısınacan da çəkmədi, qaytardılar anasının üstünə, dədəsinin qaraladığı koma olmasaydı, başını soxmağa yer tapmazdı, kənddə bir kişi qızını vermədi, balam, bu həmin Məhərrəmdi də, indi bu nə gününə qudurub ki, içir… Doğrudan da adama ağır gəlirdi, toyda-bayramda ədəb-ərkanla ortalığa gələn, Bəbirxanlı kişilərinin çox götür-qoydan sonra alıb içdikləri Araq Məhərrəmin gözlənilməz əyyaşlığı nəticəsində gözdən düşürdü. Məhərrəm artıq işdən kefli gəlirdi, dörd gün başını aşağı salıb buruğunu qazır, qayıdanbaş rayon mərkəzində fəhlə avtobusundan düşüb məhkəmcə vurur, kəndə taksi sürdürürdü. Çox adam yalnız indi görürdü ki, Məhərrəmin əvvəlki mızıltılarının arxasında necə bir nitq mədəniyyəti, necə bir aktyorluq məharəti gizlənirmiş. Üzünü tuturdu amasına: “Vermədilər? Belə cəhənnəmə versinlər, papağımı köndələn qoysam, lap bakılı qızı alaram”. Məhərrəm bir neçə dəfə qol qaldırıb oynamışdı. Ana isə üz-gözünü cırmış, əllərini göyə qaldıraraq qarğış eləmişdi: “Ay balamı bu günə qoyan, əzizlərinin başına gəlsin!” Camaat da əl-ayağa düşmüşdü, Camaat müzakirə edir, tədbir tökürdü, ancaq məlum deyildi ki, Camaat Arağın ya Məhərrəmin halına yanır. Təxminən bir il belə keçdi. Bu müddət ərzində Məhərrəmin ərdə olan üç bacısı tez-tez yığışıb Bəbirxanlıya gəldi, onlar bütün vasitələrdən istifadı edib bircə qardaşlarının başına ağıl qoymağa çalışdılar, əlinə-ayağına düşdülər ki, dədələrinin yurdunda çıraq yandıran odur, özünü də, onları da bədbəxt eləməsin, düşmənləri sevindirməsin. Camaat Məhərrəmi bir an da gözdən qoymurdu, onu müşahidə edir, öyrənirdi, Əslində Məhərrəmin simasında əyyaşlıq Bəbirxanlı kəndi üçün son dərəcə maraqlı olan bir fenomen kimi tədqiq edilirdi. Ancaq Camaat öz tədqiqatını qeyri-müəyyən müddətə dayandırmalı oldu, içməyə başladığının bir ili tamam olar-olmaz Məhərrəm içkini tərgitdi. Bu hadisənini Camaata necə təsir etdiyini demək çətindir, ancaq Məhərrəmlə bağlı başqa bir hadisə Bəbirxanlını əməlli-başlı sarsıtdı. Məhərrəm nişanlanmışdı! Bu xəbər Bəbirxanlı kəndində bütün başqa xəbərlər kimi yayılmadı, bu xəbər Camata bir yanğın xəbəri kimi çatdı – kəndin bir yerindən tüstü çıxır, uzaqdan bunu görənlər əhəmiyyyət vermirlər, fikirləşirlər ki, kimsə təndir odlayır ya da zir-zibil yandırır, sonra tüstü bir az da qatılaşır, dairəsini bir az da genişləndirir, aşağıdan al-qırmızı alov dil çıxarır, yavaş-yavaş bir xoşagəlməz isti də ətrafı bürüyür, yalnız bundan sonra hansı bədbəxtinsə evinin yandığına heç bir höcətin, heç bir münkirin şübhəsi qalmır. Məhərrəmin nişanlanmaq xəbəri çıxanda Qız-Gəlinin başı möhkəm qarışıq idi, bir tərəfdən də Ana kənd ilə, demək olar ki, hər cür əlaqəni kəsmişdi, lakin bu xəbər gec-tez yayılmalıydı və aşağıda görəcəyimiz kimi yayıldı da. Son və uğurlu elçilikdə Anadan və ərdə olan bacılardan başqa dağılmış Dəstə-İttifaqın bir neçə sədaqətli üzvü də iştirak etmişdi, onlar bu uğurlu elçilik barədə kəndin özlərinə aid hissəsində məlumy vermişdilər, bu məlumatın doğruluğuna şübhə etməyə heç bir əsas yox idi. Məhərrəmin tay-tuşlarından bir çoxu bu hadisəni kiminsə uysurması kimi qələmə verməyə çalışdı, guya nişanlanmaq məsələsini lotular Məhərrəmi dolamaq üçün qondarmışdılar. Gəlinlər bu xəbərə nisbətən tez inandılar, onların müəyyən həyat təcrübəsi vardı və bilirdilər ki, qızın qaydası ərə getməkdir, oğlanın qaydası evlənməkdir, yaşları az və ağızları isti yerdə olan qızlar Məhərrəmin nişanlanmağına inanmaq istəmirdilər, onlara elə gəlirdi ki, ərə getmək də kamal attestatı almaq kimi asan bir şeydir, gedəndə də gərək, əlbəttə, yaxşısını seçib gedəsən, guya yar-yaraşıqlı oğlanlar çöldə tökülüb-qalmışdılar və Məhərrəm adam-zad deyildi. Sir-sifətdən çirkin, yaşı ötmüş və, ümumiyyətlə, imkanları aşağı qiymətləndirilən qızlar da əvvəlcə inanmaq istəmirdilər, daha doğrusu, inansalar da, yenə inanmaq istəmirdilər, onlar Məhərrəmin elçilərini rədd etmişdilər, elçini geri qaytarmış qız reputasiyası onlara müəyyən ümidlər verirdi və indi Məhərrəmin nişanlanmağından sonra bu qızların bioqrafiyasındakı yeganə əlamətdar fakt, təbii ki, öz əhəmiyyətini itirirdi. Bir sözlə, Məhərrəmin nişanlanmaq xəbəri çox ciddi baryerlər aşaraq geniş yola çıxdı və Bəbirxanlı kəndində kiminin şüurunda, kiminin ürəyində, kiminin də sinir sistemində özünə möhkəm yer elədi. Bundan əlavə, Məhərrmin içkini tərgitməyi də bu xəbərin səhihliyinə sübut idi, çünki Məhərrəm içməyə heç nədən başlamamışdı ki, heç nədən də tərgitsin. Ümumilikdə isə xəbər bu cür ifadə edilirdi: Məhərrəm nişanlanıb. Qız rayon mərkəzində olur. Qızı Məhərrəmin ortancıl bacısı tapıb. Alınan informasiyadan əslində bircə cümlə çatışmır, budur həmin cümlə: Qız çox gözəldir! Bəzən çox səfeh bir söz eşidirsən və bu söz bütün səfehliyinə baxmayaraq qanını elə qaraldır ki, ağıllı-başlı bir şey demək əvəzinə ikiqat səfeh bir iş görürsən, başını qaldırırsan yuxarı və…fit çalırsan.Əlbəttə, biz bununla Qız çox gözəldir xəbərini eşidəndə Bəbirxanlı Camaatının nəfəsli orkestr şəklində bir yerə yığılıb fit çalıdığını demək istəmirik. Məsələ burasındadır ki, Məhərrəmin nişanlanmağı xəbərinə inanmaqla Camaat bir növ taleyinə boyun əymişdi və bu hadisə onda dünyanın beşgünlük olması, həmçinin puçluğu kimi pessimist fikirlər doğurmuşdu, öz taleyinlə razılaşanda isə daim yeni-yeni zərbələrə hazır olursan və elə bu səbəbdən Camaatın şüuru, ürəyi, sinir sistemi son məlumata o qədər də müqavimət göstərmədi, ona, biz deyərdik ki, lap həvəslə yer verdi, ancaq verdiyi yerin hər cəhətdən narahat olması qayğısına da qaldı. Olar də, balam, Adəmdən Hatəmə qədər elə belə olub, kəndçi bədbəxt elə həmişə şəhərlylə alverdən ziyan çəkib, şəhərlini həmişə zirək görmüşük, zay, işə getməyən nəyi varsa, sırıyır bu bədbəxt oğlu bədbəxtə... İndiki halda bədbəxt oğlu bədbəxr deyiləndə yenə kəndçi və eyni zamanda şəxsən Məhərrəm nəzərdə tutulurdu. Əlbəttə, Məhərrəmə gələn bu ay parçası onun dolu imarətinə, bol-bol qazancına, savadına-diplomuna, boy-buxununa, yar-yaraşığına aşiq olub gəlmir. Bunların heç biri Məhərrəmdə yoxdur. Yoxdur ki? Hə, atan oldu rəhmətlik, deməli… Camaat burasını açıb-ağartmırdı, işin sonunu gözləyirdi. Şirnidə və qız toyunda Bəbirxanlı Camaatının bir qismi iştirak etdi, belə hallarda diplomatik münasibətlər müəyyən səviyyədə bərpa olunurdu. Bilavasitə obyektdən gələn informasiya əvvəllər alınmış məlumatın düzlüyünü tamamilə təsdiq edirdi. Kasıb ailədir. Qız çox gözəldir! Sözsüz ki, qız evində olanlar məlumatın son hissəsinə aid Camaatın mülahizələrini, tamam açılıb-ağardılmayan şübhələrini doğruldan ya təkzib edən heç bir şey deyə bilməzdilər. Toyu gözləmək lazım gəlirdi. Toy pambıq yığımının qızğın dövrünə düşdü.Qız-Gəlin gün çıxandan gün batanacan çöldə olurdu, kənd rəhbərləri adamların işdən yayınmasını ciddi şəkildə məhdudlaşdırırdılar, bəlkə elə buna görə də gəlin gətirməyə az adam getdi, ancaq bircə adam getsəydi də, gəlin gəlməliydi, toya qədərki bütün məcburi mərasimlər icra olunmuşdu, kəbin də kəsilmişdi. Nəhayət, gəlini gətirdilər. Həmin gün kənd rəhbərlərinin xüsusi icazəsi ilə Qız-Gəlin də pambıqdan bir az tez qayıtdı, tələsik yuyunub-darandı, özünü səliqəyə saldı və gəlini görməyə gəldi. Ümumiyyətlə, Bəbirxanlı kəndinə çox gəlinlər gəlmişdi, şəhərdən, yəni rayon mərkəzindən gələni də olmuşdu, qonşu kəndlərdən gələni də. Təzə gəlini də, məlum şeydir ki, necə yuyundururlar, necə bəzəndirirlər və elə buradaca deməliyik ki, ən çirkin qadınlar belə həyatları boyu ən azı bir gün dünyanın ən gözəl qadını olurlar. Gəldiyim bu mühüm nəticəyə nöqtə qoyub söhbətimizə davam edirəm. Bəbirxanlı kəndinə gətirilən gəlinlər, şübhəsiz ki, toy günü başqa gəlinlərdən gözəl görünmüşdülər, toydan hələ nə qədər qabaq iş-güc görməyə qoymayıblar, əlin dərisi zəriflənib, ağarıb, üz, boyun, gözlər, qaşlar… Aydın məsələdir ki, üç ay pambıq becərmiş, iki aydan da bəri onu yığmaqla məşğul olan Qız-Gəlinin qabağında Təzə gəlin necə görünəcək. Ancaq əvvəlki təzə gəlinlərin özlərindən təmiz, təravətli görünmələri Qız-Gəlinə heç toxunub-eləmirdi, o bilirdi ki, bu təmizlik, təravət, gözəllik müvəqqəti şeydir, beş gündən sonra bu gəlin də onlara qoşulub pambıq yığmağa gedəcək, qozalar barmaqlarına bir divan tutacaq ki, bir də ömrü boyu manikür yadına düşməyəcək, kollar qıçlarını cızıq-cızıq edəcək, daş-kəsək dabanlarına yeriyəcək, bədəninə hopmuş hisi-pası axşamlar yumağa qüvvəsi çatmayacaq, gözlərini yuxu aparacaq… Ancaq bu gəlinin görkəmi Qız-Gəlini yaman pərt elədi, bu gəlin pambığa gedənə oxşamırdı, getsə də, əvvəlkilərin gününə düşəcəyi ağla batmırdı, bu gəlin ətli-canlı idi, ağappaq idi, yanaqlarını rəngləyib qızartmışdılar, ancaq əslində bu rəng onun yanaqlarının gözəlliyini gizlətmişdi. Qız-Gəlin başa düşürdü ki, üzünü yuyandan sonra o daha da gözəl görünəcək, totuq ağ əllər, incə barmaqlar, hamar dərili dolğun üz, geniş, dolu sinə… Qız-Gəlin bərk dilxor olmuşdu, ona elə gəlirdi ki, çox istidir, paltarı üstündə yaxşı oturmur, ayaqlarının təmiz yuyulmadığını, qoltuqlarının möhkəmcə tərlədiyini başqaları, xüsusən qız evindən gələnlər açıq-aşkar görürlər, hiss edirlər. Yaman müsibət idi…Sabah tezdən döşlüyünü, xaralını dalına alıb get çölə… Məhərrəm… Piyaniskə…Pambığa yenə zəhər səpirdilər…Bir dəfə dünyaya gəldik, heç canımızın qədrini bilmədik. Qapançı vicdansız, əzizlərinin ehsannında xərcləsin… Camaatın görüb-götürmüş hissəsi kefini pozmurdu, işin sonunu gözləyirdi. Camaatın bu hissəsinin şübhələrindən Qız-Gəlin də az-çox xəbərdar idi və elə bircə bununla onun pərişanlığı bir az azalırdı. Sağdış seçiləndə Məhərrəmin rayi nəzərə alınmamışdı və bu vəzifəyə üzü üzlər görmüş eləsini təyin etmişdilər ki, yer üzünün bütün yengələri yığılsa da, ona kələk gələ bilməsinlər. Ancaq nə Dünya yengələrinin ittifaqına, nə də kələyə ehtiyac varmış. Toy Məhərrəmin tam və qəti qələbəsiylə başa çatdı!
TOYDAN SONRA
Məhərrəmin evlənməyi Camaatın əzabını artıq elədi, əvvəllər heç olmasa bir elçini geri qaytarmaqla öyünən qızlar təcili ərə verilməliydilər, evlənmək həvəsində olanlar Məhərrəmdən əskik-zad deyildilər və şübhəsiz ki, onlar da bundan sonra qızın gözəlini almağa çalışacaqdılar. Qız-Gəlin də gərək oturub-durub özünə fikir verəydi, bir sözlə, Camaat öz həyat fəaliyyətində bir sıra məcburi dəyişikliklər etməliydi. Toydan bir neçə gün sonra Məhərrəmin arvadı həyət-bacada göründü, daha bir neçə gün də keçdi və Məhərrəmin arvadı əlinə qoşa vedrə alıb Kürdən su daşıdı və beləliklə, Bəbirxanlıda Məhərrəmin arvadını görməyən qalmadı. Toydan sonra Şövkət yanaqlarını rəngləmirdi və buna görə də daha gözəl görünürdü. Məhərrəm də elə bil ki, dəyişən kimiydi, işə təmiz paltarda gedirdi, evdə olduğu günlərdə yaxşı geyinirdi, üzünü tez-tez qırxırdı, ətirlənirdi, ancaq Şövkət hara, Məhərrəm hara… Bəbirxanlı Camaatının yuxusu ərşa çəkilmişdi, bu, bir it əzabı idi ki, Bəbirxanlı Camaatı çəkirdi, gecə-gündüz baş sındır ki, nə olan işdir bu. Yaşı əllimi ötmüş arvadlar nisbətən nikbin ovqatda idilər, onlar belə fikirləşirdilər ki, Məhərrəmin arvadı gözəl olsa da, çox gözəl deyil, ənlik-kirşanı nə bilmisən, bizə vursan, on səkkiz yaşında qız kimi görünərik, getsin bizimkilər kimi çöldə bir az kətmən vursun, onda baxarıq. Qız-Gəlin isə ayrı fikirdə idi, Qız-Gəlin Məhərrəmin arvadıyla hamamda olmuşdu və ənlik-kirşan söhbətinin əsassız olduğunu yaxşı başa düşürdü, ancaq bircə şeyi başa düşmürdü ki, bu gözəlçə Məhərrəmə niyə gəlib. Qız-Gəlin açıq ürəklə, səmimi qəlbdən Şövkətin lap nazir oğluna getməyinə razı olardı, ancaq onun Bəbirxanlıya gəlməyi ilə heç cür barışa bilmirdi. Bəbirxanlı cavanları Məhərrəm-Şövkət ittifaqına bir növ istehza ilə baxırdılar, ətli-canlı Şövkəti onlar da görmüşdülər, Məhərrəm isə onların fikrincə 45 kq-dan artıq olmazdı, bu cavanların bəziləri hərbi xidmət keçmişdi, bir hissəsi qeydə alınmışdı, onlar dəfələrlə çəkilmişdilər, kişi xeylağına baxan kimi çəkisini gözəyarı təyin edə bilirdilər və əmin idilər ki, Məhərrəm 45 kq-dan artıq gəlməz. Yazıq Məhərrəm…Bir neçə ay keçdi. Camaat Şövkətdə onun boylu olduğunu göstərən heç bir əlamət sezmədi, əlbəttə, belə olar də, Məhərrəm ölüvayın biridir, bu yazığı da gətirib bədbəxt elədilər, ancaq yaxın qonşular gec də olsa şəkkə düşmüşdülər, gəldiyinin doqquz ayı tamam olandan bir neçə gün sonra Şövkəti rayon mərkəzinə apardılar, bəxtəvər, bədən belə olar də, boyluluğu gör heç bilinibmi. Şövkət xəstəxanadan özü kimi ətli-canlı bir oğlan uşağı ilə qayıtdı, bundan sonra Camaatın bəlkə danışmağa sözü olmazdı, ancaq oğul nəvəsini görəndən iki ay sonra Ana öldü və Camaat yığışıb əslində onun dincliyinin pozulmasının əsas səbəbkarı olan bu arvadı dəfn etdi, dördünü, yeddisini, qırxını verdi və qırxını verən kimi də Məhərrəm təzədən başladı içməyə. Bəlkə evlənməmişdən qabaqkı əyyaşlığı olmasaydı, Camat deyərdi ki, Məhərrəm anasının dərdindən içir, ancaq çətin ki, belə deyəydi, Bəbirxanlıda anası ölən təkcə Məhərrəm deyildi və hələ heç kəs bu səbəbdən içki düşgünü olmamışdı.Bu yerdə bir nəticəyə gəlmək üçün Camaat çox baş sındırmadı. “Yenə başladı, daha tərgitməz. Ölənəcən bu Araq ona yoldaşdır”. Araqla Məhərrəmin bu dəfəki ünsiyyətinin günahını bir para adam onun qayınatasında görürdü. Qayınatanın içən olduğunu Bəbirxanlıda da bilirdilər, onun Çaxır içdiyini də bilməmiş deyildilər, ancaq nə böyük şeymiş ki, özü çaxır içir, kürəkənini də Arağa qonaq edir. Məhərrəm rayondan xeyli aralıda buruq qazırdı, işdə olduğu dörd günün üçünü yoldaşlarıyla vaqonda qalırdı, dördüncü günün axşamını qayınatasıgildə keçirirdi, kəndə sabahısı gün gəlirdi, özü də lül-qəmbər, amma Qayınatanın Bəbirxanlıya gəldiyini görən olmamışdı, deyirdilər yaman iddialıdır, kəndi bəyənmir. Qayınata-Kürəkən, Çaxır-Araq ittifaqının əsası bu cür qoyuldu və demək olar ki, Qayınata ölənəcən bu cür davam etdi. Məhərrəmin əyyaşlığının səbəblərini dəqiq demək çətindir, ümumiyyətlə, əyyaşlıq çox ciddi bir bəladır və yer üzünün minlərlə alimini, onlarla dövlət başçısını dərindən düşündürən bu problemi burda həll etmək iddiasında deyilik, burda biz yalnız Məhərrəm-Araq münasibətlərinin bəzi cəhətlərinə toxunacağıq. Artıq qeyd etmişik ki, Camaat Məhərrəm haqqında düşünür, özü də çox dərindən düşünürdü, onun hər addımını qeydə alırdı, hər bir hərəkətini köklü şəkildə müzakirə edir, nəticələr çıxarırdı, ancaq demək olmaz ki, Məhərrəm Camaat haqqında heç fikirləşmirdi, əlbəttə, heç belə deyildi. Məhərrəm də kor deyildi, Camaatı görürdü və kar da deyildi ki, düdiklərini eşitməyə. Məhərrəm buruq qazsa da, az maaş alırdı, dərəcəsi aşağı idi, briqadaları da olmuşdu pis gündə, gah balta sınırdı, gah materiallar tapılmırdı, plan dolmurdu, qalırdılar quru maaşın ümidinə, Məhərrəmin də əlindən bir iş gəlmirdi ki, yaxşı briqadaya keçə bilsin. Bəbirxanlıda isə o vaxtlar mühüm sosoal-iqtisadi dəyişikliklər baş verirdi, Camaat dədədən-babadan qalmış evləri söküb təzəsini tikdirirdi. Tədricən bütün evlər təzələndi və Məhərrəmin evi, daha doğrusu atadan qalma ev kəndin keçmişini əks etdirən yeganə abidə kimi qaldı. Bu ev kəndin hər yerindən görünürdü, düzdür, ev çox alçaq idi, ancaq Camaat onu Bəbirxanlının hər yerindən görürdü, Camaat şəhərə, lap başqa respublikalara gedəndə də Məhərrəmin evini görürdü, bu evin qalması ona bir az toxunurdu, həm də Camaat bu evlə bir az qürrələnirdi, yəni baxın görün nə idik, nə olmuşuq. Haçansa ev tikdirə biləcəyinə Məhərrəmin ümidi ola bilməzdi, dolanışıqları da heç yaxşı deyildi, Ana sağ olanda yenə bir təhər keçinirdilər. Ancaq burda bir sual, yəni Məhərrəmin hansı pula içməsi məsələsi meydana çıxa bilər. Bunu biz də dəqiq deyə bilmərik, ancaq yer üzünün bütün əyyaşları təsdiq edə bilərlər ki, içmək istəyəndə həmişə pul tapılır. Biz bu tezisin nə dərəcədə doğru olub-olmadığını deyə bilməyəcəyik, Məhərrəmin pul tapıb içdiyini isə artıq qeyd eləmişik. Məhərrəm, çox güman ki, təzə ev tikmək barəsində fikirləşmirdi, ancaq o, yaxşı bilməliydi ki, o, ailə başçısıdır, bu ailəni dolandırmaq onun öhdəsinə düşür və Şövkət də başqa gəlinlər kimi pal-paltar, bər-bəzək istəyə bilər, bunlar olmasa da, gərək ailənin naharı, şamı ola, qışa odun tədarükünü görəsən gərək, toya çağırırlar, yas yerinə gedirsən, gözləmədiyin yerdən cürbəcür xərclər çıxır ortaya. Şövkət atası evindən xəzinə gətirməyib, bunların hamısını gərək Məhərrəm eləyə, ailənin böyüyəcəyi ehtimalını da Məhərrəm nəzərə almaya bilməzdi, deməli, ailə böyüyəcək, maaş da ki, çətin arta, başqa kişilər kimi evdə olduğu günlərdə belini ikiqat əyib bağ-bağçada işləmək, dirrik becərmək, göy-göyərtidən pul çıxarmaq, nəzarətçilərlə əlbir olub oğurluq balıq tutmaq, bazard kürü çalveri eləmək də əlindən gəlmir. Bütün bunlar barədə Məhərrəm düşünməyə bilməzdi və açıq-aşkar görməliydi ki, qarşıda onu fəlakətlər gözləyir, bir yandan da qayınatasının içən olması əlinə girəvə düşdü. Deməli, Məhərrəm ikinci dəfə içməyə başlayanda çox incə bir haqq-hesab güdə bilərdi, içki onun canını Dünyanın, bu zalım, rəhmsiz, daşürək Dünyanın bəlalarından qurtarırdı, içən olmasan, deyəcəklər ki, bura bax, zəhmət çək, pul ver, adam arvad alanda fikirləşər ki, onu saxlaya biləcəm, ya yox, pul yoxdur – belə yerin deşiyindən çıxar, kənddə buynuz çıxaran elə bircə sənsən? Başqa kişilər necə qazanırsa, sən də elə qazan. Şövkət bunları deyəcəkdi, əvvəl dillə deməyəcəkdi, belə, gözüylə, qaşıyla, yerişiylə deyəcəkdi, ancaq sonra dili açılacaqdı, onda qal bu dörd günü evdə, görüm necə qalırsan, günün göy əskiyə bülüləcək. Camaat da bir tərəfdən ev-eşiyini, dolanışığını soxur gözünə. Bəbirxanlının tarix müəllimi Qiyabi Pedaqoji İnstititin məzunlarından idi, savad sarıdan yarımamışdı, uşaqları da yarıtmırdı, dərsdə işi-peşəsi uşaqlara Məhərrəmin evindən danışmaqdı, yəni keçmişimiz və bu günümüz, götürək Məhərəmin evini. Ancaq elə ki başlayırsan içməyə, həftə səkkiz, mən doqquz, lül atəşsən, nə çörək dərdi çəkirsən, nə paltar. İndi nə pul istəmək, nə qonşuların varı, mülkü, düşürlər ayağına ki, tök bu daşı ətəyindən, gəl bu içkini tərgit, pulunu-zadını istəmirik, heç işə də getmə, elə otur evin bir kümcündə, nə taparıq, onu da yeyərik, ancaq iççib bizi biabır eləmə. Məhərrəmin məhz bu cür düşündüyünü iddia edə bilmərik, ancaq Bəbirxanlı kəndində Məhərrəmin simasında təcəssüm tapmış ictimai bəlanın — əyyaşlığın səbəbləri barədə yəxminən bu fikirdəyik. Camaat da Məhərrəmin nişanlanmağı ilə bağlı yarımçıq qalmış tədqiqatını davam etdirirdi, bəziləri deyirdilər ki, guya Məhərrəm dərdindən içir, guya arvadı buna üz vermir, bəyənmir bunu. Əyyaşlığın ikinci mərhələsi bəzilərində Məhərrəmə qarşı rəğbət oyatmışdı, deyirdilər ki, guya içkiyə qurşanmasaydı, o da beş kişinin biriydi, bəziləri də bütün təqsiri yıxırdı Bəbirxanlını bəyənməyən o qurumsağın, yəni Qayınatanın boynuna. Bu məsələyə Bəbirxanlı cavanlarının öz münasibəti vardı, onların fikrincə, evlənəndən sonra Məhərrəmin çəkisi lap azılmışdı və indi qırxdan çox olmazdı, bu cavanların arasında tibbi ədəbiyyat oxuyanlar da vardı, onlar spirtli içkilərin müntəzəm qəbulunun kişi orqanizminə mənfi təsiri, impotensiya və s. barədə mülahizələr yürüdürdülər. Məhərrəmin isə nə bu mülahizələrdən, nə də tibbi ədəbiyyatdan xəbəri vardı, birinci oğlunun dalınca daha iki oğlu da oldu. Bu vaxt artıq Qayınata ölmüşdü, Məhərrəm əyyaşlıq fəaliyyətini müstəqil şəkildə davam etdirirdi. Əvvəllər Şövkətin anasının göndərdiyi pay-parçanın da arası kəsilmişdi. Məhərrəmin ailəsinin necə dolanmağı qəliz bir məsələyə çevrilmiş və Bəbirxanlı Camaatının bütün zehni qüvvələri bu məsələnin həllinə yönəlmişdi.Ana öləndə erkək balası olan bir inək qalmışdı, balası kəsildi, inək özü isə satıldı, bu belə. Şövkət hərdənbir, kənd rəhbərləri artırılmış öhdəliklər götürəndə alaq vurmağa, pambıq yığmağa gedərdi, ancaq bu işlər üçün alıdığı pul çox az idi, bu pula ailə dolanmazdı, ailə isə dolanırdı,düzdür, nə uşaqların, nə Şövkətin özünün abırlı bir geyim-keçimi vardı, ancaq aclıq çəkdikləri də hiss olunmurdu, Şövkət isə nəinki gözəlliyini itirməmişdi, hələ bəlkə bir az da artıq gözəlləşmişdi. Camaat dədədən-babadan görmüşdü ki, gəlinlər doğuşdan sonra xarablaşırlar, qıçlarının damarları genişlənib eybəcərləşir, çünki zahılıq müddəti qurtarmamış bunu elə, onu elə, təndir odla, su daşı, asan deyil, üzlərini ləkə basır, ancaq hər doğuş elə bil Şövkətin olan kəm-kəsirini də yoxa çıxarırdı, bədəni, boy-buxunu daha kamil formaya düşürdü. Şövkətlə biryaş olan Qız-Gəlin artıq qocalmaqdaydı, Şövkət isə cavan və təravətliydi. Qız-Gəlinin yeni nəsli yetişmişdi, lakin o da Şövkətlə heç bir cəhətdən müqayisə edilə bilməzdi. Məhərrəmin çıxardığı çeşid-çeşid hoqqalar, qopardığı cürbəcür mərəkələr də Şövkətin saçlarını ağartmır, alnına, üzünə qırışlar salmırdı. Hətta döyüləndə gözlərinin altında görünən göyərmiş yerlər də elə bil Şövkətə yaraşırdı və Camaatın əvvəlki şübhələri zaman-zaman baş qaldırırdı, yaxşı, bu ki heç dəyişməyəcəkmiş, olan yaraşığının üstünə bir az da qoyacaqmış, bu niyə Məhərrəmə gəlirdi axı. Tərslikdən uşaqlar Şövkətə oxşadıqları qədər Məhərrəmə də oxşayırdılar, Camaat bunu diqqətlə öyrənmişdi. Bir müddət Şövkət tez-tez şəhərə getməyə başladı, Camaat xüsusi güdükçü Qrup düzəltdi, bu Qrup konspirativ şəkildə Şövkəti izlədi və aşağıdkı nəticələrə gəldi: Şövkət əvvəl gedir anasıgilə, sonra anasıyla gedirlər Minayə arvadın evinə. Minayə arvadı rayonda hamı tanıyırdı, məşhur türkəçarəçi olan bu arvadın sənəti mədə müalicə etmək idi… Bu belə. Camaatın yediyi-içdiyi haram olmuşdu, qazandığı, aldığı canına sınmırdı, gözünün qabağında ölüvayın biri Dünyanı vecinə almır, Araq içirdi, həmin bu ölüvayın arvadı, Bəbirxanlını bəyənməyən qurumsağın qızı Qız-Gəlini ər, nişanlı yanında xəcil eləmişdi, Camaat yaman məyus olmuşdu, bu bədbəxtlik Camaatın belini bükmüşdü, Camaat əlini qoynuna qoyub durmuşdu, hə, bir yay günü idi, Camaat əli qoynunda dayanmışdı.
BİR YAY GÜNÜ
Camaat gördü ki, Məhərrəmin ortancılı tuğaydan ildırım kimi şığıyıb çıxdı, bir göz qırpımında kənd yoluna çatdı və bu yolla kənd yuxarı qaçmağa başladı. Ortancılın əynində bircə trusik vardı, bədəni gündən yanıb qapqara qaralmışdı, qıçında, kürəyində palçıq quruyub qalmışdı. Ortancıl elə qaçırdı ki, ayaqları elə bil yerə dəymirdi, yumruqlarını düyünləmişdi, hərdən kənd uşaqları beləcə torpaq qopara-qopara qaçırlar, dişlərini də alt dodaqlarına sıxıb uğuldayırlar, guya maşındırlar, amma Ortancıl heç bir səs çıxarmırdı, dişlərini qıcamışdı, sözlü olduğunu başa düşmək çətin deyildi, elə bil bu söz ortancılın içində şişib böyüyürdü və Ortancıl qaça-qaça partlamağa gəlirdi. Ortancıl az qaçdı, çox qaçdı, axır ki, dayandı və elə bağırdı ki, bu Bağırtını, şübhəsiz ki, dünyanın çox yerində eşitdilər, eşitməyə bilməzdilər, çünki Ortancıl bağıra-bağıra hönkürmüşdü də, hönkürəndə gözlərindən yaş tökülmüşdü, bu Bağırtı Dünyanın hər yürində əks-səda verməliydi, bu barədə ayrı söhbət ola bilməz, ancaq Ortancılın bağıra-bağıra dediklərini Camaat eşitdi: “Ağacan bacımı döyür, Ağacan bacımı öldürdü!…”
ELƏ HƏMİN GÜN VƏ HƏMİN AN
Bu bağırtını kənd yolundan xeyli kənarda futbol oynayan uşaqlar da eşitdilər, onlarla bərabər Kərim də eşitdi. Kərim oynamırdı, öz qapılarından, yəni beş-altı addım aralı qoyulmuş iki daşın arasından keçən topları gördüyünə və mübahisə zamanı rəqiblərin xeyrinə danışdığına və, beləliklə, öz komandasının oyununa yalnız ziyan gətirdiyinə görə mübarizədən kənar edilmişdi və indi maykasını başına dolayıb oturmuşdu bir kənarda. Ortancılın bağırtısını eşidən kimi yerindən dik atılıb qaçmaq istədi, birdən yadına düşdü ki, mayka əynində deyil, maykanl tələsik geyib kənd yoluna yüyürdü, uçaqkar isə oynamağa davam edirdilər, çünki onlar yalnız Bağırtını eşitmişdilər, bağırtının içindəki sözlər isə onlara çatmamışdı. Kərimin qaçıb getdiyinə də fikir vermədilər, Kərim artıq yola çıxmışdı və indi adamların dalınca qaçırdı, bu adamlar tuğaya tərəf yüyürürdülər, əlbəttə, adamların bir qismi Ortancılın başına yığılıb qalmışdı, bunlar ahıllar və özlərini ahıl sayanlar, ürəyində qüsur olub qaçmaq, tullanmaq kimi hərəkətlərdən özlərini ciddi qoruyanlar, bir sözlə, məsələni Ortancılın özündən öyrənməyi üstün tutanlar idi. Tuğaya tərəf yüyürənlər başa düşürdülər ki, onlar ölümün pəncəsində olan adamın harayına getmirlər, Bəbirxanlıda hamı bir-birini tanıyırdı və Bəbirxanlıda hamı Ağacanı da tanıyırdı, bu uşaq adam öldürə bilməzdi, bəlkə də döyərdi, ancaq ayrı bir adamı, Şövkəri döyməyə onun əli qalxmazdı, yüyürən adamlar bu barədə fikirləşmirdilər, ancaq bu həqiqət onlara gün kimi aydın idi, bununla belə yürüşü dayandırmırdılar. Kərim qaça-qaça hamını ötürdü, az qalmışdı ki, lap qabağa keçsin, birdən geri dönüb evlərinə sarı cumdu, adamlar buna da fikier vermədilər, adamların nəfəsi təngimirdi, qaça-qaça elə bil yüngülləşirdilər, sanki neçə il idi bu yürüşün həsrətini çəkmişdilər, ancaq tuğaya çatmamış dayanmağa məcbur oldular, çünki Şövkət artıq yulğunların arasında görünürdü, sağ əliylə xalatının ətəyini ovuclamışdı, Şövkətin xalatı parçalançışdı, ancaq üz-gözündə döyüldüyünü göstərən heç bir əlamət yox idi, yanaqları qıpqırmızı qızarmışdı, yəqin ki, toy günü Şövkətin yanaqlarını rangləmiş qadın onu belə görsəydi, utanıb yerə girərdi. Şövkət çox gözəl idi… Camaat geri döndü…
ELƏ HƏMİN AN
adamlar gördülər ki, Kərim əlində qoşalülə tüfəng az qalıb çata onlara, hamı çaşmışdı, bu tüfəngi çox adam Məhərrəmin əlindən almışdı, ancaq indi heç kim Kərimə yaxınlaşmağa ürək eləmirdi. Adamlar aralanıb Kərimə yol verdilər, Şövkət artıq yulğunluqdan çıxmıışdı, gözləyirdilər ki, indicə Kərim tüfəngi tuşlayacaq onlara sarı, ancaq Kərim anasının da yanından ötüb keçdi, tuğaya girdi, adamların yadına indi düşdü ki, Şövkət orda tək deyildi, orda kimin olduğu da adamların yadına düşdü, elə bil indi ağıllarına gəldi ki, Kərimin əlindəki tüfəngdir və indicə qan düşə bilər, Camaat təzədən tuğaya yüyürdü, bir azdan bağırtı və şillə səsi gəldi, adamlar tuğaydan çıxdılar, qabaqdan gələnin əlində tüfəng var idi, biləyindən də qan axırdı, diş yerləri də görünürdü. Həmin adam qana fikir vermirdi, özündən çox razı qaldığı bilinirdi. Tüfəngi dizinə söykəyib belini sındırdı, ancaq qoşalülə bomboş idi… Tuğaydan Kərimin səsi gəlirdi, Kərim ağlayırdı…
BİRİNCİ MÜƏMMA
Deməli, delə. Şövkət döyülməmişdi, buna şübhə ola bilməzdi, bəs onda Ortancılın “Ağacan bacımı öldürür!” deyib bağırmasını necə başa düşməli? Məhərrəmin oğlanları analarına “bacı” deyirdilər, burası aydındır, ancaq Ortancıl görməyə bilməzdi ki, Ağacan anasını döymür, onun başına yığılmış ahıllar, ürəyi xəstələr soruşanda ki, “deyirsən Ağacan bacını döyürdü?” – Ortancıl üzünü yana çevirib demişdi ki, yox, döymürdü. Bu da belə. Şövkətin tuğaya qaz dalınca getdiyini güman etmək olardı, Kür qırağında qaz saxlamağın da əngəli var, qazlar gedib girir suya, çıxmaq istəmir, bir də gördün keçdilər o taya, bir də gördün yulğunun, söyüdün içində yoxa çıxdılar. Məhərrəmin də dövlətdən beş-altı qazı vardı, qazlar xasiyyətcə Bəbirxanlının başqa qazlarından fərqlənmirdi, hərdən uşaqlar, hərdən Şövkət özü onların dalınca tuğaya girməli olurdular, güman etmək olar ki, Ortancıl Kürdə çimirmiş, ancaq nə səbəbə tuğayın qalın yerindən, özü də tək qayıtdığı məlum deyil, çünki tuğayda tala vardı, adamlar bu tala ilə rahatca Kür qırağına gedirdilər, həm də kənd yuxarı getdikcə tuğay seyrəlirdi və hər üç-dörd evin arxasından sahilə yol uzanırdı, deməli, Ortancılın nə səbəbə belə bir marşrut seçdiyi məlum deyil. Belə bir ehtimal ağlabatandır ki, gördüyü mənzərə qeyri-adiliyi ilə Ortancılı çaşdırmış, o da ildırım sürətiylə şığıyıb tyğaydan çıxmışdı, gördüyünün mahiyyətini Ortancıl dərk edə bilməzdi, hər halda bütün aydınlığı ilə dərk edə bilməzdi və həmçinin gördüyünə nə ad verəcəyini də Ortancıl bilmirdi, buna görə də Camaatı necə haraylayacağını bilmədən kənd yoluyla qaçdıqca qaçmışdı. Beləliklə, biz yenə əvvəlki suala, yəni müəmmaya gəlib çıxırıq – bəs nə üçün “döyür”, “öldürür”? Çox güman ki, Ortancılın yadında iki il əvvəl baş vermiş hadisə qalmışdı. Ağacanın atası briqadir idi və Atanın tabeliyində olan pammbıq sahəsi bütün ailə tərəfindən qorunurdu. Ağacanın o vaxt on altı yaşı vardı, ancaq, deyəsən, onda da indiki kimi iri gövdəli, boylu-buxunlu idi, Ağacan o vaxt danası pambığa girmiş bir gəlinlə sözləşmiş, gəlin ona nə demişdisə, Ağacan həmin gəlini döymüşdü. O vaxt bu məsələni açıb-ağartmadılar, şikayətçi olmadı, pambıq vaxtı briqadirdən ya onun oğlundan şikayət eləməyi Bəbirxanlı Camaatı heç vaxt ağıllı iş saymayıb, ancaq o gündən hamı elə bil Ağacandan çəkinməyə başladı, əslində Ağacan gülərüz, salamlı-kalamlı oğlandı, ancaq Camaatın ürəyinə xal düşmüşdü, Ağacanı görəndə Camaat gülümsəməyə, onun kefini xəbər almağa tələsirdi, necəsən, bala, dərslə, məktəblə neynirsən və s. və i.a., guya Camaat Ağacanın borclusu idi, Deməli, bu hadisə Ortancılın yadında olmalı idi və deməli, birinci müəmma aydınlaşmış olur.
YENƏ HƏMİN GÜN
Camaat qəddini düzəltdi, əllərini qoynundan götürdü, dərindən nəfəs aldı, ancaq Camaat, deyəsən, bir az pərt olmuşdu, özü də hiss edilirdi ki, pərtliyinu gizlətməyə çalışır. Ortancıl da karıxıb qalmışdı elə bayaq dayandığı yerdə, üzünü gah sağa çevirirdi, gah sola çevirirdi, fısıldayırdı, deyəsən, ağlamaq istəyirdi, ancaq ağlaya bilmirdi. Camaat çox tədbirli Camaat idi, bilirdi ki, bu işi Məhərrəmə xabər vermək lazımdır, bu barədə Camaatən səhv edə biləcəyi ehtimalını bütünlüklə istisna edirik, çünki Camaat dünya görmüşdü, səhv edə bilməzdi, biz yalnız onun qərarının ağlauyğunluğunu əsaslandırmağa çalışacağıq. Məlumdur ki, sənə ya sənin ailənə dəxli olan bir hadisə baş veribsə, bu hadisəni nə qədər gizlətsələr də, gec-tez hökmən xəbər tutmalısan, ancaq bu hadisənin xəbəri sənə hissə-hissə çatır, çaşırdan, şübhə, güman, üzülüb əldən düşürsən, hadisənin ucundan-qulağından özəyinəcən yetişənəcən səndə can qalmır və Camaat Məhərrəmin bu tanrı müsibətinə dözməyinə razı ola bilməzdi, həm də ki, bu iş Məhərrəmə xəbər verilməsəydi, Camaatın gərək gecəsi-gündüzü olmayaydı, nə biləsən ki, Məhərrəm məsələni nə vaxt əməlli-başlı öyrənəcək və öyrənəndə nə hoqqa çıxaracaq, Bəbirxanlıda uşaq vardı, böyük vardı, bu adamların hamısının ürəyi vardı, sinir sistemi vardı, bu adamları səksəkə içində qoymaq olmazdı. Məhərrəm qazan buruğun yanında daha bir buruq qazılırdı, o buruğu qazanlardan biri Bəbirxanlıdan idi, Məhərrəm növbədən qayıdanda, O, növbəyə gedirdi, Məhərrəmlə O, yolda görüşürdülər, deməli, bu məsələni Məhərrəmə O çatdıracaqdı, deyəcəkdi ki, guya belə bir iş olub, ancaq sən heç fikir vermə, Camaat da heç inanmır, uşaq-muşaq çıxarıb deyəsən, bəli, O bunları deyəcəkdi Məhərrəmə, Camaat da gözləyəcəkdi ki, Məhərrəm gəlib neyləyir… Ağacanın kimin bacısı oğlu oolmağı Camaatın yadına bir az gec düşdü…
İKİNCİ MÜƏMMA
Baş verən hadisə ilə bu və ya digər dərəcədə tanış olan hər adam istər-istəməz belə bir sual qarşısında qalırdı: Bəs nə əcəb Məhərrəm xata çıxarmamışdı? Çünki bu hadisə əslində Məhərrəmin neçə ildən bəri arvadı, uşaqları, həmçinin kənd Camaatı qarşısında içdiyi andlara əməl etməsi üçün ən münasib məqam yaratmışdı. Məhərrəm adlarını bildiyi bütün şəxslərə, yerlərə, anasının goruna və öz canına dəfələrlə and içib elan eləmişdi ki, uşaqlarını, arvadını və özünü öldürəcək. Uşaqlarını o, Kürdə boğmaq fikrindəydi, iki şüşə arağın onu başdan çıxarıb qudurtduğu vaxtlarda hardansa bir kisə tapıb büdrəyə-büdrəyə həyətdən evə, evdən hayətə qaçır və guya çalışırdı ki, uşaqları tutub kisəyə bassın. Uşaqlar da çığıra-çığıra hərəsi bir tərəfə yüyürürdü, Şövkət qışqırıb haray salırdı, təkcə Məhərrəmin səsi çıxmırdı, o yalnız astadan donquldanırdı, belə hallarda qonşuların heç biri haraya gəlmirdi, çünki işin nə ilə qurtaracağını yaxşı bilirdilər. Ümumiyyyətlə, çox çəkməyən qaçdı-qovdudan sonra orqanizminin bütün enerjisi tükənir və Məhərrəm elə həyətdə də yıxılıb yatırdı. Uşaqları tapıb bir yerə yığandan sonra Şövkət ya Məhərrəmi evə sürüyür, bunu edə bilməyəndə isə köhnə ədyal, sırıqlı gətirib üstünə atırdı. Düzdür, son bir neçə ildə kisə əhvalatı olmurdu, Kərim böyümüşdü və onu kisəyə salıb Kürı aparmağın qeyri-mümkünlüyünü, nə qədər sərxoş olsa da, Məhərrəm başa düşə bilərdi. Kərimə birdəfəlik amnistiya vermək və oyunu kiçiklərlə davam etdirmək də, görünür ki, Məhərrəmi qane etmirdi. Bundan əlavə, Kərim istəsəydi, kisəni atasının əlindən alar və onu yatmamışdan qabaq da evə sürüyə bilərdi. Düzdür, belə şey olmamışdı və Məhərrəmin bu barədə bir şey düşünüb-düşünmədiyi məlum deyildi. Hər halda instinktiv olsa da, duymuşdu ki, bir neçə il ərzində onu əyləndirmiş oyun təbiiliyini itirir və Məhərrəm ona vaxtında son vermişdi. Arvadını öldürmək üçün seçdiyi vasitə orijinal olmasa da, daha müasir idi, Məhərrəm qoşalülə tüfəngi dəfələrlə Şövkətə tuşlamışdı və Şövkət ən azı ilk vaxtlarda ölüm qorxusunu bütün dəhşətiylə yaşamışdı. Məhərrəm bir neçə dəfə Şövkəti döymüşdü də, ona heç bir müqavimət göstərməyən arvadını gücü gəldikcə vurmuş, yumruğunu, təpiyini əsirgəməmiişdi, bəzən döydükcə vəhşiləşmiş, ağız-burnunu qanatmış, gözlərinin altını qaraltmışdı. Ancaq sonra döyməyi biryolluq tərgitmişdi. Məhərrəm arvadının ona əl qaldıracağından qorxa bilməzdi. O, arxayın idi ki, Şövkət bunu heç vaxt ağlına da gətirə bilməz. Demək də olmazdı ki, arvadına yazığı gəldiyi üçün onu döymür, çünki döyülmək qoşalülə qabağında qovulmaqdan, şübhəsiz ki, Şövkət üçün daha sərfəli idi. Deməli, cəza tədbirini Məhərrəm heç də humanist mülahizələrlə dəyişməmişdi. Bir məsələ var ki, sərxoş adam heç nəyin üstündı arvadını döyürsə, bunu əylənmək, həzz almaq üçün edir və çətin ki, arvadını döyməkdən Məhərrəm həzz ala bilərdi. Onun kiçik yumruqlarının Şövkətin iri sümüklü, ətli-canlı bədəninə endirdiyi zərbələr çox zəif idi, çox cılız idi, Şövkət üzünü qorumaq üçün əllərini irəli uzadırdı, hansı andasa müxtəlif formalı iki bilək üz-üzə gəlirdi – biləklərdən biri yoğun və ağappaq, o biri isə iri damarlı, açıq-qəhvəyi rəngli və nazik idi – bu anı Məhərrəm dumanlanmış şüuru ilə tuta bilir və qeyzlənirdi, məqam tapıb vae gücü ilə Şövkətin burnuna endirdiyi zərbə də, Şövkətin üzünü, boynunu, paltarını bulayan qan da Məhərrəmib kinini, qəzəbini yatırda bilmirdi. Tüfəng isə ayrı şeydir. Burda distansiya var. Qabağında özündən güclü bir deyil, lap on adam dayanıbsa da, yenə sən üstünsən, istədiyin vaxt tətiyi çəkə bilərsən, güllə də ki, yumruq deyil, qabağındakı adam sərilər yerə və bir daha qalxa bilməz, həm də arxayınsan ki, o səndən doğrudan da qorxur, özünü yalandan qorxan kimi göstərmir, bu isə cəza tədbirində ən mühüm məsələdir. Əlbəttə, Məhərrəmin məhz bu cür düşündüyünü iddia etmək düzgün olmazdı, ancaq iki cəza tədbirinin müqayisəsi belə bir nəticəyə gəlməyə imkan verir. İçib keflənəndən sonra Məhərrəm tüfəngi qapıb Şövkətə tuşlayır, o da əvvəl evdən, sonra həyətdən çıxıb başılovlu yüyürürdü qonşulara. Məhərrəm arvadını qonşunun çəpərindən içəri girənədək təqib edirdi, qaça-qaça mırıldanırdı, söydüyünü və hərdən “dayan, vuracam” dediyini çətinliklə başa düşmək olurdu. Şövkət özünü pələddən içəri girən kimiMəhərrəm dayanır, çəpərin həndəvərində gəzinir, hərdən xırıldaya-xırıldaya çığırıb arvadının çıxmağını tələb edirdi. Qonşular, təbii ki, Şövkəti evə aparırdılar, sakitləşdirirdilər. Məhərrəmin həyətindən yiyəsiz qalmış uşaqların çığırtısı gəlirdi, qonşuların iti Məhərrəmin hənirini götürüb özünü yırtırdı. Bu zaman Camaat üçün radio, televizor marağını itirir, evlərdə Məhərrəmin növbəti şəbehinin müzakirəsi başlanırdı. Ən yaxın qonşusu zırpı bir kişiydi, neçə dəfə çıxıb tüfəngi Məhərrəmdən almış, özünü də qabağına qatıb evinə aparmışdı. Qəribədir ki, qonşu həmişə qoşalüləni dolu görmüşdü, hər dəfə də güllələri çıxarıb aparmışdı. Tüfəng Məhərrəmə atasından qalmışdı, ancaq patrondaşı yox idi, güllələri harda gizlətdiyini heç kimi bilmirdi. Ova çıxan da deyildi, güman etmək olardı ki, Məhərrəmin hardasa gizli cəbbəxanası var. Deməli, Məhərrəm hər dəfə Şövkətə dolu tüfənglə hücum edirdisə, belə çıxır ki, hər halda onun haçansa tətiyi çəkmək niyyəti varmış və bu çülahizənin özü və bu mülahizənin özü Məhərrəmin nə üçün arvadını öldürmədiyi sualını doğurur. O ki qaldı özünü öldürəcəyi barədə içdiyi anda, onun səmimiliyi bir az şübhəlidir. Belə bir andı Məhərrəm nisbətən son vaxtlar, ailənin maddi çətinlik içində olduğu zaman içmişdi, əslində maddi çətinlik Məhərrəmin evləndiyi gündən başlanmışdı, maddi ehtiyac uşaqlardan qabaq doğulmuşdu, ehtiyacın son vaxtlar kəskinləşdiyini də demək olmazdı, çünki ehtiyac həmişə son dərəcə kəskin olmuşdu. Ancaq deyəsən günlərin birində mübahisələr, qarşılıqlı məzəmmətlər zamanı Şövkət Məhərrəmin heysiyyətinə toxunmuşdu. Görünür ki, həmin gün Məhərrəm kifayət qədər sərxoş olmamışdı və bəlkə elə buna görə də tüfəng asılan küncə heç üz çevirməmişdi, əvəzində əlinə keçən qab-qacağı sındırmağa, özü də vəhşi kimi qışqırmağa başlamışdı. Dediklərindən belə başa düşmək olardı ki, arvad-uşaq harınlanıb onun qədrini bilmir, soxar bıçağı ürəyinin başına, onda yaxşı dolanarlar. Atasının goruna and içmişdi ki, dediyini eləyəcək. Bununla belə, içdiyi andın səmimiyyəti şübhə doğurur. Çünki özünü bıçaqlamaq kimi əzablı intihara Məhərrəmin haçansa qərar verə biləcəyi ağla batmır. Deyək ki, uşaqları Kürdə boğmaq və özünü bıçaqla öldürmək kimi hədələrini şübhə altına aldıq, axı onun Şövkəti öldürə biləcəyi tamamilə mümkün bir iş idi. Kərimdən alınmış tüfəng həmişəki yerindən aslımışdı, çünki daha Kərim tərəfdən qorxu yox idi, Kərim tərksilah edilən kimi yoxa çıxmşdı. Bu yerdə kiçik bir fakt yadımıza çatır: Məhərrəm silahlı hücumları yalnız şüşə yarım ya iki şüşə araqdan sonra edirdi. Hadisədən xəbər tutandan sonra isə, görünür ki, içməyə macalı olmamışdı, kəndə gələndə tamam ayıq idi, belə bir dolaşıq məsələdə isə Məhərrəm ayıq başla heç bir qərar qəbul edə bilməzdi. Məhərrəmin gəlişinə Camaat, şübhəsiz ki, bəzi hazırlıq görmüşdü. Məhərrəm axşam gəlib heç kəsi evdə görməmiş və tor zənbilini sütundan asıb yola çıxmışdı. Bu yol bir-birindən üç-dörd kilometr arası olan dörd-beş kəndin içindən keçir və rayon mərkəzinə çıxırdı. Camaat şəhərə bu yolla getmirdi. Camaar Kürdən keçir, sonra avtobusa minirdi və şəhərə bu cür getmək sərfəli olurdu. Deməli, yola çıxmaqda Məhərrəmin rayon mərkəzinə getmək niyyəti yox idi, o yəqin ki, qonşu kəndə gedirdi, çünki həmin günlərdə Bəbirxanlının dükanında araq qurtarmışdı, yuxarıda dediyimiz kimi, Məhərrəm ayıq başla heç bir qərar qəbul edə bilməzdi, müəyyən bir qərara gəlmək isə zəruri idi. Məhərrəmin şüuru yalnız bu zəruriliyi dərk edə bilirdi və zəruriliyin dərk olunması onun yerişinə sürət, addımlarına qətiyyət verirdi. Kənardan onu müşahidə edən olsaydı, inanmazdı ki, bu adam bütün günü ağır iş görüb, şam da yeməyib. Yol gedə-gedə Məhərrəm elə bil yorğunluğunu da, ağır xəbər aldığını da unudurdu. O, qonşu kəndə çatıb dükançı qadını necə çağıracağını, Arağı necə alacağını, kənddən bir az aralanandan sonra yoldan çəkilib necə içəcəyini düşünür, düşündükcə ürəyi riqqətdən əsir və əməlli-başlı ilhamlanan kimi olurdu. Məhərrəm məqsədinə yaxın idi, kəndə lap az qalmışdı, yorulub əldən düşmüş üzgüçü sahilə necə tələsirsə, o da elə tələsir, heç nəyə fikir vermirdi. Qarşı tərəfdən gələn maşının da ona dəxli yox idi, sonra maşının işığı gözünə düşdü, Məhərrəm yolun qırağına çəkildi, ancaq yerişini yavaşıtmadı, onda maşın sürətini azaltdı və Məhərrəmin ayaqlarının yanında toz qoparıb dayandı. Ayrı vaxt olsaydı, Məhərrəm bu maşını uzaqdan tanıyardı. Səsindən, sürətindən, işığından tanıyardı, indi isə Məhərrəmin şüuru tamam ayrı şeylə məşğul idi, o, maşının yanından tez ötüb keçmək istəyirdi, ancaq maşının qapısı açıldı və maşından çıxan adamı görəndə Məhərrəm qeyri-ixtiyari dayandı, hətta mızıldandı da, yəqin ki, salam verirdi. Yuxarıda Məhərrəmin na dalınca getdiyindən danışmışdıq, deməli, Məhərrəmin tamamilə ayıq olduğunu söyləmək artıqdır, ayıq olanda isə Məhərrəm danışmazdı, hərdən nəsə mızıldanardı və bu mızıltının dəqiq mənasını yalnız onu yaxşı tanıyanlar anlayırdılar. Bu maşının işıqları başqa maşınların işıqlarından çox olmalıydı, çünki salonu çıraqban idi, yolu da xeyli mısafədə çıraqban eləmişdi, maşın “Jiquli”nin son modeli idi, yəni mühərrikində xeyli dəyişiklik edilmiş, salon genişləndirilmişdi, ancaq sahibi düşən kimi maşın elə bil kiçildi, balacalandı, çünki bu adam çox iri idi, elə iri idi ki, onun indicə bu maşından düşdüyünə təəccüblənmək də olardı. Bu adam Mirzəyev idi.
MİRZƏYEVİN HAQQINDA BİR NEÇI SÖZ
Mirzəyev, əlbəttə, soyadıdır, deməli, onun adı da var, lakin bir sıra adamlar yalnız familiyaları ilə tanınırlar, onların adlarının olduğunu düşünmək özü qəribə görünür. Mirzəyev… O da Bəbirxanlı kəndindəndir. Bakıda oxuyub gələndən sonra bir az iş icraçısı işlədi, sonra mühəndis, idarə rəisi və, nəhayət, trest müdiri. Mirzəhevin gövdəsini, boy-buxununu həmişə iri görmüşdülər, vəzifəsi də daim böyüməkdəydi, tutduğu vəzifələrdən təkcə iş icraçılığının hazırına gəlmişdi, qalan vəzifələrə öz bacarığı, zirəkliyi ilə yüksəlmişdi. Deməli, belə, bir adam vəzifədə böyüyürsə, bir pillə yuxarı qalxırsa, həmin pillədə ondan əvvəl dayanmış adam aydın məsələdir ki, öz yerini tərk edib getməlidir. Haraya? Bu adamların taleyi bizi az maraqlandırır, onu deyə bilərik ki, bu adamlar lap yaxşı işçi olsaydılar belə, Mirzəyev yenə onların yerini tutmalıydı, çünki Mirzəyev kimi adamların kiminsə əlinin altında işləməsi Camaata nəsə həmişə bir dolaşıqlıq, qəribəlik kimi görünmüşdü, bu məsələ onların ağlına batmamışdı və xoşbəxtlikdən dolaşıqlıq, qəribəlok tezliklə aradan götürülmüş, necə deyərlər, yer üzündə ədalət bərqərar olmuşdu. Beləliklə, Mirzəyevin tikinti idarəsinin rəisi vəzifəsinə yüksəlməyi çox çəkmədi, lakin bu vəzifə özü də, Camaatın fikrincə, Mirzəyevə layiq deyildi. Bundan əlavə, həmin vəzifədə Mirzəyevdən qabaq başqaları işləmişdilər, deməli, Camaat istər-istəməz həmişə başqaları ilə Mirzəyevi müqayisə edirdi, müqayisə, sözsüz ki, Mirzəyevin xeyrinə olsa da, Camaatı açmırdı, başqalarının da işləyə biləcəyi bir vəzifədə Mirzəyevi görmək Camaatın ürəyindən deyildi. Tezliklə bu kəm-kəsir də aradan götürüldü, rayonlararası trest yaradıldı və Mirzəyev bu trestə müdir təyin olundu. Rayonlararası trestə və onun məhz bu rayonda yaradılmasına nə dərəcədə ehtiyac olduğunu deyə bilmərik, bir şey məlumdur ki, bu trest yaradılmalıydı, çünki Mirzəyev daha bir pillə yuxarı qalxmalıydı, o daha yüksək vəzifə tutmalıydı, həm də elə vəzifə ki, əvvəllər başqaları tərəfindən tutulmamış olsun. Bir məsələ də var ki, hər adam işinin nəticəsiylə tanınır və Mirzəyevi Camaatın nəzərində daha mötəbər edən səbəblərdən ən başlıcası onun gördüyü işlərin nəticəsi idi. Yarımçıq xəstəxanalar, yarımçıq məktəblər, yarımçıq klublar, təmiri yarımçıq yollar, binalar və s. Belə obyektlər rayonun hər yerində vardı, Bəbirxanlı kəndindən qonşu kəndlərə yolu düşənlər belə obyektləri oralar da da görmüşdülər və bütün bunlar Mirzəyevin nüfuzunu fövqəladə artırmışdı. Camaat bu qənaətə gəlmişdi ki, Mirzəyev kefi necə istəyir, elə işləyir, deməli, bu yarımçıq obyektlər, həmçinin istismata keyfiyyətsiz verilmiş tikililər Mirzəyev hakimiyyətinin gücü və miqyası barədə etibarlı göstəricilərə çevrilmişdi. Lakin Mirzəyevin hakimiyyətinin gücü və miqyası barədə daha bir tezis də mövcud idi və bu tezis əvvəlkiylə nəinki ziddiyyət təşkil etmir, hətta onu tamamlayırdı da. İkinci tezis bu idi: Əgər istəsə, lap əla tikər. Bu tezis Mirzəyevin işiylə doğulmuşdu, rayon mərkəzində gözəl bir inzibati bina tikilmişdi və həmçinin Mirzəyevin rayon mərkəzindəki evi də bu tezisin tam həyatiliyinə sübut idi, bu evi Bəbirxanlıdan çox adam görmüşdü, əlbəttə, bayır tərəfdən, evin içərisi barədə nağıllar, əfsanələr, rəvayətlər dolaşırdı, şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında öz bədii ifadəsini tapan bu ev Mirzəyevi çoxlarının nəzərində adamlıqdan çıxarırdı, əlbəttə, bu, uğursuz ifədə oldu, yəni onu adi insan sifətindən çıxarır, nağıl, əfsanə, rəvayət qəhrəmanına çevirirdi. Bu evdə Mirzəyev arvadı və iki uşağı ilə yaşayırdı və elə bu yerdə deməliyik ki, arvadı, daha doğrusu, arvadının xəstəliyi Mirzəyev avtoretetinin mühüm komponentlərindən idi, xəstəliyin adını heç kəs bilmirdi, bilmirdi deyəndə təkcə Bəbirxanlı Camaatını yaxud rayon əhalisini nəzərdə tutmuruq, bu söz eyni dərəcədə həkimlərə və professorlara aiddir, çünki bu həkim və professorlar neçə il ərzində Bakıdan rayon mərkəzinə gətirilirdilər, qadın sağalmırdısa, deməli, xəstəliyin nə olduğundan baş açmırdılar. Mirzəyev arvadını Bakıya, Tiflisə, Moskvaya və Leninqrada aparırdı, onlar bir neçə sosialist ölkəsində də olmuşdular. Camaatın fikrincə, bu səfərlər hamısı müalicə məqsədi daşıyırdı, Mirzəyev Türkiyədə də olmuşdu, ancaq tək, yəni tamam tək də yox, biz arvadının onunla getmədiyinə işarə edirik, Camaat bu səfəri də Mirzəyevin arvadının müalicəsi ilə bağlamışdı, ancaq burası bir az qəlizdir, çünki Azərbaycan SSR-nin bir rayonunda qalmış arvadını Mirzıyevin Türkiyədəki həkim və professorlara necə müəalicə etdirə biləcəyi şübhəlidir, ancaq hər halda Camaatın öz məntiqi var. Bu uzun sürən müalicə, əslində əbədi müalicə Mirzəyevin şəxsiyyətində alicənablıq, nəciblik, genişqəlblilik kimi ünsürləri qabarıq şəkildə hamıya göstərir, onu hətta müəyyən dərəcədə müqəddəsləndirirdi. İndi Mirzəyevin arvadı iki uşağı ilə birlikdə müalizədə idi, bu müalicənin onun Yaltadamı, İssık-kuldamı, Yurmaladamı, Pitsundadamı keçdiyini bilən yox idi, ancaq belə bir inam mövcud idi ki, Mirzəyevin arvadı rayonda yoxdursa, deməli, müalicədədir, arvadının rayonda olmadığını çox adam son günlər Mirzəyevin kəndə gəlib-getməyindən başa düşürdü, Mirzəyevin kənddə də evi vardı, bu ev kəndin girəcəyində sağ sahillə rayon mərkəzinə aparan yoldan biq az kənarda, Kürün qırağındaydı və kəndin başqa evlərindən çox fərqlənmirdi, üçotaqlı, aynəbəndli sadə bir ev idi, kənddə son illər yaxşı evlər tikilmişdi, onlar Mirzəyevin kənddəki evindən çox üstün idilər və bu cəhət özü də Mirzəyev avtoritetinin bir komponenti idi, yəni özünü Camaatdan yuxarı tutmur, istəsəydi, imarət tikdirərdi, deməli, Camaatın hörmətini saxlayır, əsilli adamdır, nəcib adamdır, ağac bar berəndə başını aşağı dikir və s. Bu evin təmizliyi Mirzəyevin bacısının öhdəsində idi, arvadı rayonda olanda da Mirzəyev hərdən gəlib burda qalırdı, özüylə qonaq gətirən vaxtı da olurdu, həmişə hava qaralandan sonra gəlir, işıqlaşmamış gedirdi. Biz, deyəsən, Mirzəyevlə müəyyən dərəcədə tanış olduq və onun “Jiquli”də hara gerdiyini bildik. İndi bayaqkı söhbətimizə davam edə bilərik.
SÖHBƏTİN DAVAMI
Biz deyə bilmərik ki, Mirzəyev başqa bir vaxt Məhərrəmlə qarşılaşsaydı, maşını saxlayardı ya saxlamazdı, bununla bizim işimiz yoxdur. Ancaq belə bir şey əvvəllər olsaydı, güman edirik ki, Məhərrəm özünü itirərdi, çox kiçik və yəqin ki, çox da gözəl olmayan bir hissəsində yaşadığı Dünya, o cümlədən Bəbirxanlı kəndi onun nəzərində qat-qat gözəlləşərdi, bəlkə də sevincindən boğazı quruyardı. Hər halda bütün bunlar sadəcə gümandır, indicə isə Mirzəyev “Jiquli”ni düz Məhərrəmin ayaqlarının yanında saxlamışdı. Məhərrəmin dayanmağı və mızıldanmağı, yəni salam verməyi qeyri-ixtiyari oldu və Mirzəyevi tanıyan kimi Məhərrəmin qanı bərk qaraldı. Məhərrəm məqsədinə yaxın olduğu bir vaxtda qarşısı kəsiilmiş, yolunun üstündə MİRZƏYEV dayanmışdı. Bayaq Məhərrəm bütün başqa fikirləri özündən kənar etmişdi, yalnız qonşu kənddəki dükan və Araq barədə düşünürdü, lakin bu maşın və MİRZƏYEV aldığı xəbəri ona yenidən xatırlatmışdı, Mirzəyevin Ağacanın dayısı olduğu da tərslikdən bu yerdə Məhərrəmin yadına düşmüşdü və bütün bunlar barədə düşünmək, özü də ayıq başla düşünmək it əzabı idi. Bircə an əvvəl dükan, , araq yeşiyi, dolu şüşələr Məhərrəmin lap gözünün qabağındaydı, indi bunlar əlçatmaz bir arzuya çevrilmiş, bütün ümidlər puç olmuşdu, heç bir xiıas, qurtuluş barədə düşünməyə dəyməzdi, yolunun üstündə MİRZƏYEVÖZÜ dayanmışdı. Məhərrəmin bütün yorğunluğu birdən qudurub üzə çıxmışdı, çiyinləri bərk sancırdı, qıçları sızıldayırdı və Məhərrəm az qalırdı qeyzindən ağlasın. Məhərrəmin mızıltısına, yəni salamına Mirzəyev fikir vermədi, köynəyinin cibindəki qutudan bir siqaret çəxarıb yandırdı, əllərinin ikisini də şalvar ciblərinin üstündə gəzdirdi, yəqin ki, kibrit axtarırdı, dönüb maşına mindi, sükanın arxasında yerini rahatladı, əllərini təzədən şalvar ciblərinin üstündə gəzdirdi və yalnız bundan sonra maşının mücrüsündən kibrit çıxarıb siqaretini yandırdı, bir qullab vurandan sonra üzünü hələ də maşının yanında quruyub qalmış Məhərrəmə çevirərək dedi: “Gəl otur, gedək”. Biz artıq demişdik ki, maşın yolu çıraqban etmişdi və Mirzəyev Məhərrəmi hələ uzaqdan görməliydi və deməli, bilirdi ki, Məhərrəm kənddən gəlir və harasa gedir, Məhərrəm də bilirdi ki, Mirzəyev onu maşına mindirib qonşu kəndin dükanına aparan deyil, başa düşürdü ki, Mirzəyev onu Bəbirxanlıya aparacaq. Məhərrəm bunu birdən-birə başa düşmədi, bu həqiqət dərk olunanacan əzablı saniyələr keçdi, ancaq bu həqiqəti öz malı edən kimi Məhərrəmin bədəni bircə anda yüngülləşdi, onun bədəni ancaq Araqdan sonra yüngülləşirdi, indi isə nəinki içməmişdi, hətta Arağın iki addımlığında Mirzəyev Ərəbzəngi kimi yolunu kəsmişdi, ancaq bədəninin yüngülləşdiyinə şübhə ola bilməzdi. Məsələ burasındadır ki, indicə Məhərrəmin halal malına çevirdiyi həqiqətin arxasında daha bir mühüm həqiqət dayanırdı ki, bunu hələ Məhərrəm özü açıq-aydın dərk etmirdi, ancaq əzablarını yoxa çıxaran məhz bu idi, Mirzəyevin onu qaytarıb Bəbirxanlıya aparacağı əsas deyildi, əsas bu idi ki, Məhərrəmin it əzabı çəkməsinə, müəyyən bir qərara gəlməsinə daha heç bir ehtiyac qalmırdı, bütün qərarları MİRZƏYEV özü qəbul edəcəkdi. Bu yerdə bir faktı xatırlatmağı lazım bilirik.
FAKT
Bu faktı xatırladırıq və eyni zamanda nəzərə alırıq ki, onun səhihliyi şübhə doğura bilər: Mirzəyevlə Məhərrəm eyni məktəbdə oxumuşdular. Güman etmək olar ki, onlar eyni sinfin şagirdi olmuş, bir parta arxasında oturmuşdular. Ancaq bunu özümüz də dəqiq bilmirik, bizə məlum olan onların eyni məktəbdə oxumasıdır. Lakin ən qəribə burasıdır ki, neçə illərdən bəri Məhərrəm bir dəfə də olsun Mirzəyevlə bir məktəbdə oxumağı barədə düşünməyib və, əlbəttə, indi onunla ratlaşıb maşınına minəndən sonra da düşünmədi. Bəbirxanlı məktəbinin o vaxtkı müəllimlərindən indi kənddə qalanı yoxdur, öləni ölüb, qalanı da başqa yerə köçüb gedib və Bəbirxanlı məktəbinin o dövrünü indi az adam xatırlayır – müharibədən sonrakı ilk illər, aclıq, xəstəlik…çox adama o vaxt məktəbin olması faktının özü qəribə gəlir, indi heç kim Mirzəyevin keçmişini bir neçə il əvvəl buldozerə verilmiş birmərtəbəli uçuq-sökük məktəb binası ilə bağlamaq istəmir, əslində Camaat onun iş icraçılığını, baş mühəndisliyini də xatırlamır, idarə rəisi olmağı yalnız bəzilərinin yadındadır və buradan görünür ki, Mirzəyevlə məktəb yoldaşı olduğunu Məhərrəm xatırlaya bilməzdi, ümumiyyətlə şagirdlik dövründən Məhərrəmin yaddaşında heç nə saxlanmayıb. Aclıq olub, şaxtadan gömgöy göyərmiş yalın ayaqlar olub və yenə aclıq, yenə soyuq… Məktəb isə… Yox, Məhərrəm bunu xatırlamırdı…
SÖHBƏTİN DAVAMI
Həyət-baca işıqlı idi, ancaq bir adam görünmürdü. Zala girənəcən həyətin, aynabəndin qapısından keçdilər, bu qapıların qıfılsız olması Məhərrəmə qəribə gəldi, ancaq zalın da qapısı kilidlənməmişdi, sadəcə çəkilib örtülmüşdü. Məhərrəm buna da çox təəccübləndi, ancaq zala girəndən sonra Mirzəyev ona “keç otur” deyəndə Məhərrəm əməlli-başlı çaşdı, çünki zalda oturmağa yer yox idi, əslində yer lap çox idi, ancaq bu yerlər Məhərrəmə, daha doğrusu, Məhərrəm bu yerlərə layiq deyildi. Zalın yuxarı başında siyirməli stol, stolun yanında gümüşü bər-bəzəyi olan hündür söykənəcəkli stul qoyulmuşdu, sağ tərəfdə meydan kimi geniş divan vardı, divanın üstünə xəz salınmışdı, bu xəz Məhərrəmə gördüyü heyvanların heç birini xatırlatmırdı, divanla üzbəüz iki böyük şkaf, arada, nisbətən qapıya yaxın yerdə üçkünc örtüksüz stol və iki kreslo qoyulmuşdu. Vəssalam. Göründüyü kimi, elə bir yer yox idi ki, Məhərrəm keçib otura bilsin və buna görə də qapının ağzında quruyub qalmışdı. Mirzəyev bir dəfə “keç otur” deyəndən sonra ona fikir vermədi, divanın baş tərəfində həyətə baxan pəncərənin pərdəsinni qaldırıb bir müddət eləcə dayandı, sonra pərdəni buraxdı və döş cibindən siqaret çıxarıb damağına qoydu, sonra yenə hər iki əlini şalvar ciblərinin üstündə gəzdirdi, dönüb yuxarı başda qoyulmuş stola tərəf getdi, siyirməni çəkib kibrit çıxardı və sioqareti odladı, elə üzü stola tərəf olduöu halda dərin bir qullab vurdu və elə bil tüstünü buraxmağa yer axtarırmış kimi çevrildi, bu zaman Məhərrəmə baxdı və bəlkə də onun nə səbəbə burda olduğunu yadına salmaq üçün vaxt qazanmağa çalışaraq tüstünü dodaqları arasında sıxaraq ehmalca üflədi və dedi: “Keç otur!” Bu artıq təklif deyildi, əmr idi, Məhərrəm çoxdan buruq qazırdı, amiranəliyi tanımaqda səhv eləməzdi, onun bütün nüanslaırna bələd idi və indi Məhərrəmə bundan artıq bir şey lazım deyildi, bu amiranəlikdə o öz əlacını, xilasını görürdü, hər şey həll olunacaqdı, onun nə ayıq, nə sərxoş vəziyyətdə baş sındırmağına ehtiyac yox idi Məhərrəm dərhal üçkünc stolun yanında qoyulmuş kreslolardan birində oturdu. Mirzəyev yenə gedib pəncərənin qabağında durdu, pərdəni qaldırıb həyətə baxdı, hərdən siyirməli stola tərəf gedib siqaretin külünü stolun üstündəki külqabıya, yəni yekə bir balıqqulağına çırpır, yenə pəncərənin yanın qayıdır və Məhərrəmə sarı baxmırdı, Məhərrəm də Mirzəyev sarı baxmırdı, çünki Məhərrəm canının hayındaydı, oturduğu kreslonun fövqəladə yumşaqlığı onu əməlli-başlı çaşdırmışdı, kreslonun qoltuqları da çox yumşaq və çox iri idi, Məhərrəm heç olmasa qollarını bu əcayib yumşaqlıqdan xilas etməyə çalışır, ancaq dirsəkləri yenə kreslonun qoltuqları üstünə düşürdü, Məhərrəmə elə gəlirdi ki, bütün bədəni də bu yumşaqlığın içində əriyib gedəcək, ancaq durmağa da ürək eləmirdi, çünki “keç otur” əmrinin sədası hələ qulaqlarından getməmişdi, Məhərrəmin nəfəsi təngiyirdi, qıçlarının damarlarını sanki tutub dartırdılar və Məhərrəmin gözü şkaflara sataşmasaydı, bəlkə elə bu kresloda bağrı çatlayacaqdı, əslində Məhərrəmi ölümdən qurtaran şkaflardan biri oldu, kitab yığılmış ikinci şkafın bu məsələyə qətiyyən dəxli yoxdur. Deməli, bu xilaskar şkafın bütün rəfləri siqarət qutuları ilə dolu idi, həm də bu qutular elə gözəl şəkildə yığılmıışdı ki, onların siqaret olduğunu Məhərrəm bəlkə də başa düşməzdi, ancaq bu qutuların içində “Avrora” da vardı, “Avrora”nı Məhərrəm tanımaya bilməzdi. Şkaf Məhərrəmin əzablarına bircə anda son qoydu və Məhərrəm özünü ağrıyan dişi çəkilmiş adam kimi hiss etdi, bu şkaf Məhərrəmin şəkillərdə, kinolarda gördüyü gözəl mülklərə bənzəyirdi, fərq yalnız bundaydı ki, bu mülkün mərtəbələri siqaretdən tikilmişdi, Məhərrəmin bir vaxt əsgərlikdə çəkdiyi ucuz siqaretlər də bu mülkün yaraşığını pozmurdu, bu mülkdə maxorka qutusuna da yer tapılmışdı, ancaq müxtəlif yekəlikdə olan siqaret qutularının çoxu alışıb-yanırdı, onların üstündə nələr yox idi: çiçəklər, avtomobillər, qızlar, gəmilər, ağaclar, təyyarələr… Məhərrəmi heyrət elə alıb aparmışdı ki, Mirzəyevin verdiyi sualı əvvəlcə başa düşmədi, ancaq Mirzəyev sualı təkrar etmədi və Məhərrəm yuxudan ayılan kimi oldu, bayaq qulağına elə bil ki, hardansa uzaqdan gələn sözlər indi təzədən səsləndi və Məhərrəm bu dəfə onları eşitdi: “Ramazanı tanıyırdın, Məhərrəm?” Əlbəttə, Mirzəyev Bəbirxanlı Ramazanı soruşa bilməzdi, birincisi, Bəbirxanlıda hamı bir-birini tanıyır, ikincisi, Bəbirxanlı Ramazan ölməyib, top kimidir, deməli, Mirzəyev tacir Ramazanı soruşur. Məhərrəmin bir nəticəyə gəlməsi xeyli çəkdi, sonra mızıldandı, yəni demək istəyirdi ki, tanıyıram. Məhərrəmin mızıltısı Mirzəyevə lazım deyildi, onsuz da Məhərrəmin Ramazanı tanıdığını yaxşı bilirdi. Bu sualı Məhərrəm eşitməsəydi də Mirzəyev onu təkrar edən deyildi, çünki bu sualı verdiyinə Mirzəyev artıq peşman olmuşdu, ancaq pərtliyini gizlətməyə, sakit görünməyə çalışırdı.
TACİR RAMAZAN
O, rayon ticarətinin şefi idi. İki ildir öldüyü. Rayon qəzetində çıxan nekroloqu oxuyanda Camaat yaman təəccüblənmişdi, çünki heç kim inanmazdı ki, mərhumun yetmişə yaxın yaşı varmış. Arvad-uşağı çoxdan Bakıda olurdu, özü uzun müddət dövlət mənzilində yaşamış, sonra şəhərin nisbətən ucqar hissəsində, Kür qırağında yer alıb ev tikdirməyə başlamışdı. Tacir Ramazanın evi təxminən iyirmi beş il müddətində tikilməkdə davam edirdi. Əslində ikimərtəbəli, altıotaqlı evin tikintidi çoxdan qurtarmışdı, ancaq iri həyətdə daim yeni-yeni əlavə tikililər meydana gəlirdi və məlum məsələdir ki, Məhərrəmin bu boyda tikintidən xəbəri olmalıydı, lakin bu, azdır, onlar bir-birini yaxşı tanıyırdılar. Bu öz yerində. Ramazanın mülkü Şövkətin ata evinin qonşuluğunda idi və Şövkətin atası ömrünün təxminən on ilini elə tacir Ramazan üçün işləmişdi. O, yaxşı suvaqçı idi, yaxşı rəngsaz idi, içməyi və ağır işləməyi üzündən tikinti idarələrinin heç birində duruş tuta bilmirdi. Ancaq onun içməyinin tacir Ramazana dəxli yox idi, içir, qoy içsin, canı cəhənnəm, ağır işləməyinə görə də ona bir söz demir, tələsdirmirdi. Ramazan küçədə, qar-yağəş altında qalmamışdı. Deməli, Ramazan bala-bala tikdirir, Şövkətin atası da bala-bala suvayır, bala-bala rəngləyirdi. O, Ramazanın hesabına istədiyi qədər çaxır içir, çox vaxt gecələri də mülkün bir küncündə yatıb qalırdı. O, yeddi-səkkiz il bundan qabaq ölüb, ancaq Mirzəyevin yaxşı yadında deyil ki, kişi öz evində, ya elə tacir Ramazanın mülkündə keçinmişdi. Şövkətin anasa da bu mülkə çox gedib-gəlir, silib-süpürür, yuyub-təmizləyirdi. Şövkət də anasıyla. O vaxt uşaq idi, əlbəttə, ancaq düzünə qalanda Şövkətin heç uşaq vaxtı olmayıb, onu həmişə ətli-canlı, dolu sinəli görüblər. Deməli, belə. Ramazan iki il əvvəl öldü. Bakıda yaşayan oğlanları gəlib mülkü satdılar. Ev gec satıldı. Baha deyirdilər, müştəri tapılmırdı. Əlbəttə, rayonda pullu adamlar az deyildi, ancaq hamı özünü ləkələməkdən qorxurdu. Ancaq axır ki, aldılar. Hə, Ramazanı da aparıb Bakıda dəfn etdilər.
SÖHBƏTİN DAVAMI
Yuxarıda xatırlatdığımız sual Məhərəmə rast gələndən Mirzəyevin dilinin ucunda idi. Ancaq indi sualı verən kimi pərt oldu. Gözünün qabağına Ramazan gəlirdi, Ramazan görkəmli kişiydi, son illər gözləri zəifləmişdi, eynək taxırdı, ancaq heç kim ona əllidən çox yaş verməzdi, hörmətli adam idi, sözünün yerini biləndi, mərifət, qanacaq gözləyən idi, indi Mirzəyev tacir Ramazanı xatırlaya-xatırlaya Məhərrəmə baxdı, ancaq kresloda büzüşüb oturmuş bu adamın təkcə hülqumunu gördü. Məhərrəmin hülqumu çox irəli çıxmışdı, bu hülqum qazma briqadasında çox söz-söhbətə səbəb olurdu, Məhərrəmin qanını çox qaraldırdı və indi Mirzəyev bu hülquma baxa-baxa sualının yersizliyini hiss elədi və başa düşdü ki, bu sualı verəndən sonra deməyə hazırlaşdığı sözlərin də yeri deyil, daha doğrusu, onları bu hülqumun yiyəsinə deməyin mənası yoxdur, hülquma xeyli baxandan sonra Mirzəyev pərtliyini unutdu, kefi duruldu,divanın yanına qoyulmuş, Məhərəmin görmədiyi çox kiçik bir soyuducunu açdı və ordan bir şüşə araq çıxardı, bayaq yolda Mirzəyevlə rastlaşanda Məhərrəmə elə gəlirdi ki, ömrü boyu bir də Arağın üzünü görməyəcək, indi budur, Mirzəyev dopdolu şüşəni stolun üstünə qoydu, siqaret mülkünün alt mərtəbəsini – bəlkə buna zirzəmi demək daha düzgün olardı – açdı və ordan iki qədəh götürüb onları da şüşənin yanına qoydu və oturdu. Məhərrəmin gözü Mirzəyevdə idi, Mirzəyev isə gözünü dikmişdi şüşəyə, daha dəqiq desək, düz şüşənin qapağına, guya bu qapağı açmaq çox mürəkkəb bir iş idi və Mirzəyev bu işin öhdəsində necə gələcəyi barədə baş sındırırdı. Məhərrəmin hövsələsi daralırdı. Mirzəyev yenə ayağa durdu, soyuducunu açıb iri bir limon çıxardı, siqaret mülkünün zirzəmisindən iki kiçik boşqab və bıçaq götürüb stolun üstünə yığdı, oturub limonu səliqə ilə boşqablara dilimlədi və sonra yenə ayağa durdu və bu an Məhərrəmin ürəyində Mirzəyevə qarşı elə güclü kin baş qaldırdı ki, bu adamın ixtiyarını Məhərrəmə versəydilər, Məhərrəm onu, şübhəsiz ki, tikə-tikə doğrardı. Mirzəyev bu dəfə “zirzəmidən” iki xırda çəngəl götürdü, oturub şüşənin qapağını açdı və qədəhləri doldurdu, birini qaldırıb Məhərrəmə dedi: “Götür sən də iç”. Məhərrəm bu vaxtacan çox araq içmişdi, ancaq ya həmişə tək, ya özünə bab adamlarla, Mirzəyevin evində oturub onunla Araq vurmaq Məhərrəmin ağlına da gəlməzdi, ancaq indi naz-qəmzənin yeri deyildi, həm də Mirzəyevin gücünü Məhərrəm bayaq “Gəl otur!” deyəndə görmüşdü, istəməsəydi də, içməliydi, üstəlik Məhərrəm içmək istəyirdi, daha səbri-qərarı qalmamışdı, Mirzəyev qədəhi dodaqlarına yaxınlaşdıran kimi Məhərrəm özününkünü götürüb bir qurtuma başına çəkdi, Mirzəyev buna da fikir vermədi, arağı içib ehmalca qədəhi stolun üstünə qoydu və çəngəəllə bir dilim limon götürüb dodaqlarının arasında sıxdı. Məhərrəm arağı içən kimi Mirzəyevə qarşı bayaqki kini dərhal yox oldu, onun yerini dərin hörmət və minnətdarlıq duyğuları tutdu. Əlbəttə, Mirzəyev bu limonun əvəzinə stolun üstünə bir tikə çörək qoysaydı, daha yaxşı olrdı, çünki Məhərrəm günorta yeyən idi, acımışdı, ancaq Məhərrəm acqarına da içə bilirdi, elə limon da pis deyildi və o da bir dilim limon götürdü, ancaq əliylə, çəngəli ya görmədi ya özünü görməzliyə vurdu. Sonra Mirzəyev qədəhləri bir də doldurdu, bir də içdilər, bundan sonra Mirzəyev soruşdu ki, Dostalı kişi deyəsən Türkiyədə olub, hə? Dostalı kişi Məhərrəmin babasıydı, Məhərrəm onu əməli-başlı xatırlamırdı da, ancaq babasının bir vaxt Türkiyəyə getdiyini eşitmişdi, deməli, bunu Mirzəyev də eşidib, əlbəttə, Mirzəyev hər şeyi bilir, Mirzəyevin də Türkiyədə olmağından Məhərrəmin xəbəri vardı, ancaq bu Türkiyənin babasının getdiyi Türkiyə olub-olmadığı barədə düşünməmişdi, şəksiz ki, Dostalı kişinin müsavat vaxtı getdiyi Türkiyə ayrı yer olmalıydı, Dostalı kişi hara, Mirzəyev hara, Məhərrəmin dili açılmışdı, daha mızıldanmırdı, açıq-aşkar danışırdı, dedi ki, eşitmişəm, deyirlər babam gedib çıxıbmış Türkiyəyə, bunu eşidəndə Mirzəyev təzədən durdu ayağa, bu dəfə kitab şkafına sarı getdi, ordan gözəl cildli bir albom götürüb qayıtdı, oturub albomu bir az vərəqlədi, sonra onu Məhərrəmə uzadıb dedi: “Bax, Məhərrəm, gör Dostalı kişi necə yerlərdə olub”. Məhərrəm albomu açdı və ehtiytla vərəqləməyə başladı, çirkləndirməkdən qorxurdu, ancaq elə ilk səhifələrə baxan kimi qorxunu unutdu, bədənini tamam başqa duyğular çuğladı, albomun hər səhifəsinə iki şəkil vurulmuşdu, bu şəkillərin birində küçələr, avtomobillər, minarələr, günbəzlər, körpülər, gəmilər, imarətlər təsvir olunurdu və bəlkə də Dostalı kişi bunları görə bilərdi, ancaq hər səhifədəki ikinci şəkidən gözəl-göyçək, mələk kimi qızlar baxırdılar, oturmuş, ayaq üstə durmuş, uzanmış bu çılpaq pərilərin yaşadığı ölkəyə Dostalı kişinin, şübhəsiz ki, ayağı dəyməmişdi. Bu şeytan balalar Məhərrəmin huşunu apardılar, o, əllərinin əsdiyini hiss edir, çətinliklə udqunurdu, bircə şeyə təəssüf edirdi ki, bu .şəkillərə Mirzəyevin hüzurunda baxır, heyf ki, tək deyil, çəkiləsən xəlvətə, baxdıqca baxasan… Gözəl anlar, gözəl anlar, heyf sizə! Heyf sənə, həyat, heyf! Aılbomun vərəqləri qurtardı. Mirzəyevin hüzurunda Məhərrəm albomu təzədən bir də vərəqləyə bilməzdi. O, albomu örtüb qaytardı, Mirzəyev omun gözlərində tez alışıb tez öləziyən işığın son qığılcımlarını görə bildi… Albomu şkafa qoyub qayıtdı, qədəhləri doldurdu və buna görə Məhərrəm yenə Mirzəyevə minnətdar oldu, çünki o, içmək istəyirdi, İçdi və ürəyində Mirzəyevə qarşı şəfqət hissi bir az da artdı, evinə gedib Şövkəti görmək istədi… Ancaq şüşədə hələ Araq qalmışdı, bunu içməmiş Məhərrəm getmək istəmirdi, bir də ki, onun getməyi Mirzəyevdən asılı idi, Mirzəyev buyurmamış gedə bilməzdi, ancaq bir şey onu təlaşa salan kimi olurdu, yayın ən bürkülü günlərindən biri idi, kənd alışıb-yanırdı, ancaq bu zalda istidən əsər-əlamət yox idi, nə içki, nə albom onu tərlədə bilmişdi, Məhərrəm hətta azarladığına görə bədəninin öz-özünə soyuduğundan şübhələnmişdi, ancaq canında heç bir ağrı hiss etmirdi, otaqdakı sərinlik onu yaz nehi kimi xoşhallandırırdı, əslində belə də olmalıydı, Mirzəyevin evi ayrı evlər kimi cəhənnəm tək yanmayacaqdı ki. Sonra Mirzəyev başı ilə kitab şkafına sarı işarə edərək dedi: “Belə-belə şeylər var, Məhərrəm” Bu daha həmrəylik idi, buna ayrı ad vermək olmazdı. Məhərrəmin ürəyi güldü, dili də bayaqdan açılmışdı. Dedi: “Yaxşı şeydir”. Mirzəyev köynəyini döş cibindən siqaret qutusunu çıxardı, qutudan bir gilə götürüb damağına qoydu, yenə əllərini şalvar ciblərinin üstündə gəzdirdi, durmaq istədi, nə isə fikirləşib üzünü Məhərrəmə tutdu: “Kibritin yoxdu, Məhərrəm?” Məhərrəmin kibriti də vardı, “Avrora”sı da, ancaq Mirzəyevlə rastlaşandan nədənsə çəkmək həvəsinə düşməmişdi, bəlkə də Mirzəyevin zəhmi basmışdı onu, həm də bayaq bu üçkünc stolun üstündə külqabı yox idi, Məhərrəm siqaret yandırsaydı, külünü tökməyə yer tapmayacaqdı, o da Mİrzəyev kimi otaqda gəzişib külü balıqqulağına çırpa bilməzdi ki, ancaq indi həmin yekə balıqqulağı stolun üstündəydi, Mirzəyevin onu nə vaxt gətirdiyindən Məhərrəmin xəbəri olmamışdı. Bir yandan Mirzəyevin ondan kibrit istəməyi, bir yandan da içində siqaret kötükləri olan külqabını görməyi — Məhərrəmin ürəyi birdən yaman siqaret istədi, əlini birtəhər cibinə soxdu və kibrit qutusunu çox çətinliklə çıxarıb Mirzəyevə uzatdı. Mirzəyev siqaretini odladı, qutunu Məhərrəmə tərəf itələyib dedi: “Götür çək, niyə çəkmirsən?” Məhərrəm dedi ki, varımdır, əlini o biri cibinə atdı və bu dəfə asanlıqla “Avrora” qutusuna çıxardı və bir giləsini damağına qoyub odladı, tüstünü ciyərlərinə çəkən kimi ürəyi güldü, Mirzəyev ona çox doğma, çox əziz göründü, Məhərrəmin ürəyində yenə Şövkəti görmək arzusu baş qaldırdı. Mirzəyev yenə başı ilə kitab şkafına işarə edərək gülümsədi. “Gördün də”. Məhərrəm də gülümsədi. “Hə, yaxşı şeydir”. Mirzəyevin bu təbəssümü Məhərrəmə çox ümidlər verdi, kim bilir, bəlkə o albomdan biri də vardı şkafda, bəlkə də Mirzəyev şəkillərdəki qızlardan yaxşı bir şey danışacaqdı, Məhərrəmin kefi əla idi. Mirzəyev siqaretə dərin bir qullab vurub tüstünü üfürdü və başladı, hə də, Məhərrəm, sən görüb-götürmüş adamsan, hərdənbir belə eylərə baxasan gərək, belə şeylər sənin üçün nədir ki, heç nə, ancaq, Məhərrəm, görürsən ki, belə şeylər düşür uşaq-muşağın əlinə, uşaq-muşaq da baxır belə şeylərə — bu yerdə Məhərrəm ürəkdən təəssüf elədi ki, belə şeylər uşaq-muşağın əlinə düşür – bizim Ağacan kimilərin əlinə — Ağacanın adını eşidəndə Məhərrəmin ürəyi titrəyən kimi oldu, Mirzəyevin Ağacandan söz salmağını Məhərrəm heç istəmirdi – uşaqdılar də, görürlər belə şeyləri, kinoya-zada baxırlar, indi özün də uşaq olmusan də, Məhərrəm. Yenə Məhərrəmin gümrah əhval-ruhiyyəsi bərpa oldu, Ağacan doğrudan da uşaq idi, Məhərrəm isə bayaqdan Mirzəyevlə Araq vururdu, limon sorurdu, onunla bir yerdə siqaret çəkib külünü bir külqabıya çırpırdı, Məhərrəm özünü Mirzəyev boyda, Mirzəyev ağırlıqda hiss edir və boy-buxunlu, çəkisi yetmişdən az olmayan Ağacan Məhərrəmin nəzərində dılğır bir uşaq kimi canlanırdı, sevincdənmi, başqa bir duyğudanmı Məhərrəm kövrələn kimi oldu, yenə Şövkəti görmək istədi, bi yerdə Mirzəyev soruşdu: “Məhərrəm, sən elə bilirsən o uşağın əlindən bir şey gələr?” Əslində Mirzəyev bu sualı elə-belə verməmişdi, o bu sualı Məhərrəmin Araqdan yüngülcə dumanlanmış beyninə mismarlamışdı. Məhərrəm beynində ağırlıq hiss etdi, sonra bu ağırlığa da alışdı, görünür, beyni keyiyirdi, əlbəttə, heç nə gəlməz əlindən, indi Məhərrəm qürrələnirdi, özünün kişiliyi ilə Məhərrəm heç vaxt öyünməmişdi. Mirzəyev yenə Məhərrəmin hülqumuna baxırdı, yenə yadına tacir Ramazan düşmüşdü….
TACIR RAMAZAN
Mirzəyev yaşca tacir Ramazandan çox kiçik idi, az qala ionun oğlu yerindəydi, ancaq hələ mühəndislik dövründən Ramazan onunla yaxınlaşmışdı, Mirzəyevlə öz tay-tuşu kimi davranmışdı, irəli çəkilməsinə kömək etmişdi. Mirzəyev də, əlbəttə, borclu qalmamışdı. Tacir Ramazan ağır adam idi, çox danışmağı sevməzdi, hər adamıa oturub-durmazdı, Mirzəyevə nədənsə əvvəldən ürəyi qızmışdı, Mülkün gələcəyi barədə planlarından, arvad-uşağından danışmışdı. Özü Mirzəyevi axtarıb-tapırdı, evinə aparırdı. Mülkün tikintisinə də Mirzəyev rəhbərlik edirdi. Dəfələrlə Bakıda, Moskvada və başqa şəhərlərdə bir yerdə olmuşdular və Ramazan günlərin birində öz həyatının sirli tərəflərini də Mirzəyevə açmışdı. Əlbəttə, Mirzəyev istəməzdi ki, Ramazan bu barədə onunla danışsın, hətta Ramazan danışanda Mirzəyev həmişə gözəl və təmiz geyinən bu kişidən iyrənən kimi olmuşdu, ancaq ürəyinin dərinliklərində bir məmnunluq da duymuşdu, adı nəinki rayonda, hətta Bakıda da gur-gur guruldayan bir adam öz sirrini – özü də necə sirri! – ona etibar edirdi. Qərubədir, uzun müddət elə bir işlə məşğul olursan ki, bu, başqalarının ağlına da gəlməz, ya da bu işi görməyə cəsarət etməzlər, səndə isə bu cəsarət var, bu iş az qala həyatının mənasına çevrilir, sənin üçün bütün bəşəri zövqlərin mənbəyi bu məşğulluqdadır, ancaq sən yenə narazı kimisən, hərəkət, fəaliyyət azadlığı dönüb əsarətə çevrilir, arxayınsan ki, bu barədə heç kim bilməyəcək və bu arxayınlıq aldığın bütün nəşə və sevinci heçə çevirir, deməli, belə çıxır ki, bütün qəhrəmanlıqların, hünərlərin də dəyəri bu barədə başqalarının rəyindədir, düzdür, Ramazanın gördüyü işə qəhrəmanlıq, hünər demək olmazdı, ancaq bu iş qeyri-adi idi, eşidəndə Mirzəyev kimi adam da bərk təəccüblənmişdi, görünür ki, Ramazan həyatının bu sirli tərəfi barədə daim kiməsə danışmaq ehtiyacı duymuşdu, belə bir adam çox gec, həm də Mirzəyevin simasında tapılmışdı. İndi Məhərrəmin hülqumuna baxa-baxa Mirzəyev düşünürdü ki, nə əcəb görəsən Şövkəti əməlli-başlı bir adama verə bilməyiblər, axı Ramazan öz qızlarına onların sonradan uğurla ərə getməsinə mane ola biləcək heç bir xətər toxundurmurdu, bəlkə də anası sonrasından qorxub, bəlkə də Məhərrəmi Şövkətə nişanlanandan sonra göstəriblər, olur belə şeylər. Ağacan da atasına çəkib deyəsən, Bəbirxanlı kişiləri kəmfürsət deyillər, bu külbaşın ev-eşiyi də yoxdur, Mirzəyevin yadına düşdü ki, bayaq Məhərrəmlə rast gələndə hazırlaşmışdı tacir Ramazandan danışsın, desin ki, heç atılıb-düşmə, əvvəlində elə belə olub, indi Mirzəyev Məhərrəmin qarşısında söyləyəcəyi nitqin təxmini mətnini yadına salıb yenə bir balaca pərtlik hiss eələdi, bu hülqumun yiyəsinə belə bir nitq söyləməyin nə mənası vardı, bir də ki, indi Məhərrəm çox yazıq görünürdü…
SÖHBƏTİN DAVAMI
Kənardan baxan hər kəsə Məhərrəm bəlkə də yazıq görünə bilərdi, ancaq Məhərrəmin halı yaxşı idi. Dünya gözəlləşmişdi, bülbüllərin səsi gəlirdi, zalda yaylaq havası vardı, yalan sözdür ki, guya hardasa top atırlar, avtomat qurşayıb adamları qırırlar, hamısı yalandır, o uşaq da bir qələtdir eləyib, indi ona baş qoşmaq bu boyda adama yaraşmaz, Hindistanda istidən əlli nəfərin öldüyü barədə ustanın dediyi də yalandır, Əlcəzairdə olduğuna baxma, hərdən yaman basır gopa, istidən adam ölə bilməz, özü də belə sərində, ay öldü ha, özü də əllisi birdən, bircə Mirzəyev düz deyir, özü də Mirzəyev olan yerdə atıb-vurmaq söhbəti yalandır, heç kim bir-birinə güllə ata bilməz, indi adamların bir-birinə heç çırtma vurmağa da ixtiyarı yoxdur, o uşaq da bir qələtdir eləyib – və bu son cümləni Məhərrəm bərkdən dedi deyən kimi də şəkləndi, ancaq bu, Mirzəyevin xoşuna gəldi deyəsən: “Qələt eləyib, Məhərrəm, bə nə, qələt eləyib, qulağını buraram onun, basaram gedər payızda əsgərliyə, ağıllanar orda, daha Bakıya-zada qoymaram onu”. Mirzəyev belə deyəndə Məhərrəmin yadına özünün əsgər getməyi düşdü, komissarlığın həyədində büzüşüb qaımışdı, anası da ağlayırdı, Məhərrəm də, əslində Məhərrəm əsgərlikdən qorxmudru, bu rayondan onunla gedənlərdən qorxurdu, qatarda onlala bir vaqona düşsəydi, günü qara olacaqdı, Məhərrəmin də torbası vardı və bu torba bəlkə də başqalarınkından kasıb deyildi, ancaq ağlayanda bu torbanı açıb bu hay-küyün, basırığın içində çörək yemək ona qeyri-mümkün görünürdü, Məhərrəmə elə gəlirdi ki, əsgərlik yerinə sağ-salamat gedib çıxmayacaq, Məhərrəm belə düşünmək istəmirdi, çünki belə düşünəndə ağlayırdı, Məhərrəm ağlamaq istəmirdi, bilirdi ki, sonralar ağlamağı da başına qaxınc olacaq, ancaq yenə qüssəli fikirlər başına dolur, gözünün yaşı axıb gedirdi. İndi o uzaq gün yadına düşəndə Məhərrəmin Ağacana ürəyi yandı, həm də xəcalət çəkən, sıxılan kimi oldu, necə olsa da, Ağacan Mirzəyevin bacısı oğludur və Mirzəyev uşağı Bakıya qoymayıb əsgər göndərirsə, bunu Məhərrəmə görə edirdi, əlbəttə, burası yaxşı olmurdu. Bu yerdə Mirzəyev qalan arağı da süzdü. “Bunu da içək getsin, Məhərrəm”. Doğrudan da Dünya gözəlmiş, Məhərrəm Şövkəti görmək istəyirdi, Mirzəyev dedi ki, get, Məhərrəm, işdən gəlmisən, get yat, Məhərrəmin ürəyi bir yandan gülür, bir yandan kövrəlirdi, Məhərrəm, balası, gəl gözümün ağı-qarası, Məhərrəmin gözlərində yaş gilələndi, o, həyətə çıxanda gözlərinin yaşı daha dayanmayıb sel kimi axdı, həyət sərin deyildi, bərk bürkü idi, ancaq həyət başdan-başa çıraqban və Dünya Mirzəyevin zalı kimi gözəl idi…
SÖHBƏTƏ ƏLAVƏ
Məhərrəmin bir balaca səhvi vardı, elə Mirzəyevin zalı da başqa evlər kimi bürkülü olardı, bəlkə lap cəhənnəm istisi kimi alışıb-yanardı, ancaq Mirzəyevin zalında kondisioner qoyulmuşdu, görsəydi, şübhəsiz ki, tanıyardı, çünki Əlcəzairdə işləmiş o gopçu ustannın da vaqon-kabinetində belə bir kondisioner qoyulmuşdu, Məhərrəm hərdənbir o vaqon-kabinetə çağırılır, danlanırdı, tərbiyə olunurdu.
İİ. TƏZƏ EVİN TİKİLMƏYİNİN TARİXİ
Bəbirxanli kəndi öz keçmişini itirmək təhlükəsi qarşısında qaldı. Məhərrəm təzə ev tikirdi və Bəbirxanlıda hələ heç kim təzə evi tikəndən sonra köhnə evi əzizləyib saxlamamışdı. Bəbirxanlı məktəbinin tarix müəllimi də yeganə əyani vəsaitdən, onun dərslərində vacib maddi abidə rolunu oynayan bir obyektdən mərhum olurdu. Ancaq hələlik köhnə ev yerindəydi. Əvvəlcə köhnə evin yanındakı damları sökdülər, çünki bu damlarda saxlamağa Məhərrəmin heyvanı yox idi, damlar da uçulum-uçulum deyirdi, kərpiclərdən salamat çıxanını bir təırəfə yığdılar, yerini hamarlaıdlar və hmin o damların yerində təzə evin bünövrəsi qoyuldu. Camaat da bu evin tikintisində həvəslə işləyirdi, çünki bundan əvvəl Camaatın üstündən ağır bir yük götürülmüşdü, indi özünü təzədən dünyaya gəlmiş kimi hiss edirdi, camaat indi hər hansı işin öhdəsindən gələ bilərdi, material əlinin altında, ustası da var, köməkçisi də, sudan korluq çəkmirsən, Briqadir Pambığın suyundan səxavətlə bir qol ayırıb Məhərrəmin həyətinə, belə olan şəraitdə evi tikməsən də öz-özünə tikiləcək, sənə qalır bir balaca əl tərpətmək. Camaat əlini həvəslə tərpədirdi, kənd sovetinə gedib material üçün kağız yazdırırdı, kağızı götürüb gedirdi şəhərə, ordan materialı maşına yüklətdirib gətirirdi, əlbəttə, Bəbirxanlı kəndinə milis az-az gəlirdi, Mirzəyevin kəndində oğurluq material axtarmaq, əlbəttə ki, ağıllı iş olmazdı, buna baxmayaraq Camaat işini ehtiyatlı tuturdu, milisdi də, azdı birdən, gəldi çıxdı Bəbirxanlıya, soruşdu Məhərrəmdən ki, yaxşı, bu daşı, bu sementi hardan almısan, gətir kağızlarını, Məhərrəm də qalacaq mızıldaya-mızıldaya, Məhərrəm içməyəndə dili açılmırdı, içməyi də ki, tərgitmişdi və bircə bu məsələ Camaatın kefini pozurdu, Camaat Məhərrəmdən söz gözləyirdi, ancaq bu sözü Məhərrəm demirdi, camaat bilirdi ki, Məhərrəm içməsə, bu sözü deyən deyil, Məhərrəm isə içmirdi. Əslində Camaat həvəslə işləyirdi, ancaq elə bil ki, işlədiyi canına sınmırdı, Camaat təzə evin tikintisində işlədiyi günlərdə nahar vaxtı bir az Araq vururdu ki, bu, Bəbirxanlıda tarixi yaxın keçmişdə başlanan, ancaq gələcəkdə inkişaf edib möhkəmlənəcəyi aydın görünən bir ənənə idi, ancaq Məhərrəm bu ənənəni də pozurdu. Camaat belə hallarda adətən içməyəni məcbur edirdi, ancaq Camaat başa düşürdü ki, Məhərrəmi məcbur etmək olmaz, Camaat dünya görmüşdü və anlayırdı ki, Məıhərrəm içmirsə, bu elə-belə deyil və Camaat dərdini içində saxlayırdı, bu Camaatın bəxti beləydi, onun işi gərək həmişə bir tərəfdən əyiləydi, yaxşı, bu o adam deyildi ki, iki şüşəni birdən içib elə bu həyətdə şəbeh çıxarırdı, yaxşı, bu adam o qurumsaqla içə bilərdi, biizmlə yox, ancaq Camaatın şüuru onun hisslərini cilovlayırdı, Camaat başa düşürdü ki, Məhərrəm içmirsə, deməli, gərək içməyə, o söz də deyilməyəcək, neynək, qoy deyilməsin, daha belə gətirib bizimki. Təzə ev Bəbirxanlı inşaatının bütün qayda-qanunlarına uyğun tikilirdi, yəni Bəbirxanlıda bünövrəsi bu yayda qoyulmuş evlər növbəti yayda başa çatdırılırdı. Təzə evin bünövrəsi hazır oldu, alt döşəməsini düzdülər və bünövrəni qara kağıza bürüyüb gözlədilər yazı, yaz gəldi və Camaat işi yeni bir həvəs və yeni bir bir coşqunluqla davam etdirməyə başladı. Camaat yenə kənd sovetinə, rayon icraiyyə komitəsinə, ordan material bazasına qaçdı, ordan da dolu maşınlarla özünü yetirdi Bəbirxanlıya. Təzə ev durmadan ucalırdı, tezliklə sütunları da qalxdı və Qız-Gəlin sütunlara xələt bağladı, sonra evin üst döşəməsi qoyuldu, daşı suvandı, o vaxt rayonda şifer bir az qıt idi, üstünün örtülməsi bir az təxirə salındı. Döşəmə, tavan da hazır oldu, içəridən suvaq çəkildi, qapı-pəncərə salındı. Məhərrəmin ailəsi bu gün-sabah təzə evə köçməliydi, gözləyirdilər ki, şifer gəlsin, birdəfəlik üstü də örtülsün, ancaq elə bu vaxt xoşagəlməz bir hadisə baş verdi, gecənin bir aləmində Məhərrəmin qonşuları səs-küyə yuxudan oyanıb gördülər ki, peşə məktəbində olduğu güman edilən Kərim dayanıb Təzə evin qabağında, şalvarının ciblərini doldurub çaydaşı ilə, çıxarır bir-bir daşları, çırpır pəncərələrin şüşəsinə. Adamlar Kərimi tərksilah edənəcən pəncərələr hamısı kor qaldı…
KƏRİMİN HƏYATINDAN BƏZİ QEYDLƏR
Əslində Kərim ayaq tutub yeriyəndən Camaata bir dərd olmuşdu. Bəbəirxanlının hər yerindən Məhərrəmin evi göründüyü kimi, Bəbirxanlının hər tərəfindən Kərimin səsi eşidilirdi. Camaat bilirdi ki, Kərim dikbaş uşaqdır, dili acıır, buna görə də kəndin uşaqları tez-tez Kərimi döyürdülər, məktəbə də çox vaxt döylə-döyülə gedir, döyülə-döyülə qayıdırdı, al qanına buçanmış Kərimi uşaqların əlindən almaq Camaaqtın abrını aparmışdı. Kərim özünə qoyulmurdu, Kərim məktədə də özünü yaxşı aparmırdı, hər işə baş soxurdu, buna görə də bəzi müəllimləri, o cümlədən tarix müəllimini antipedaqoji hərəkətlərə sövq edirdi. Məlumdur ki, uşaq oyunlarının, uşaq yığıncaqlarının müəyyən qayda-qanunları olur, beş uşaq bir yerə yığıldımı, kiçik, lakin mürəkkəb daxili həyatı olan bir cəmiyyət yaranır. Kərim belə cəmiyyətlərə yaxın buraxılmırdı, yaxın buraxılsa da, tez kənar edilirdi, çünki o bu cəmiyyətdə ədalət axtarırdı, tam hüquq bərabərliyi axtarırdı, yəni bir növ kommunizm, uşaqlara isə bu, sərf eləmirdi, onların cəmiyyəti şəxsi mənafeyə, təşəbbüskarlığa və azad rəqabətə əsaslanırdı, yəni bir növ kapitalizm, belə bir cəmiyyətdə baş dolandırmaq uşaqlara asan görünürdü, güclülər tez irəli çıxırdılar, hər şey onların iradəsi ilə həll edilirdi, zəiflərə, yarımzəiflərə və tamzəiflərə elə bu lazım idi, onlar qərar qəbul etmək iqtidarında deyildilər və başqasının iradəsinə tabe olmağı üstün tuturdular, Kərim də ki, atılırdı bir yandan, bu, düz olmadı, o, düz olmadı, bu cəmiyyət hər halda anarxist cəmiyyət deyildi, onun öz asayiş keşikçiləri vardı, qoyurdular Kərimin ənginə, nə düz olmadı? Bu düz olmadı? al gəlsin. Kərim öz ideyaları uğrunda axıracan vuruşurdu, yəni ya əldən düşənəcən, ya Camaat onu asayiş keşikçilərinin əlindən alanacan müqavimət göstərirdi, demək olmaz ki, Kərim bədəncə zəif idi, əksinə, boy-buxun cəhətdən yoldaşlarından geri qalmırdı, ancaq Kərimin düşmənləri çox idi və Kərim təkbaşına onların öhdəsindən gələ bilmirdi. Camaatın fikrincə, Kərimdə nəsə vardı, tibbi ədəbiyyat oxuyanlar bunu Məhərrəm-Araq ittifaqı ilə bağlayırdılar. Kərim aşağı siniflərdə yaxşı oxuyurdu, əlaçı idi və Kərimin əlaçılığı Bəbirxanlı Valideynlərini çox dilxor edirdi, Kərim öz əlaçılığı ilə əlaçı olmayan uşaqlardan üstünlüyünü göstərirdi, əlaçı uşaqlarla bir sırada durduğunu sübut edirdi ki, bu da Valideynlərə xoş gələ bilməzdi, xoşbəxtlikdən, yuxarı siniflərə keçdikcə Kərim başladı pis oxumağa və tezliklə Kərimin istedadlı uşaq olduğu barədə yayılmış mif dağılıb getdi, bu işdə Babirxanlının tarix müəllimi, əlbəttə, görkəmli rol oynadı. Hadisə baş verəndə Kərim səkkizinci sinfi təzəcə qurtarmışdı, onu da xoşbəxt bir gələcək, uğurlu bir tale, şərəfli əmək yolunun başlanğıcı gözləyirdi, şəhadətnaməsində çoxlu “üç” olan başqa yoldaşlarıyla bərabər o da rayon mərkəzindəki sənət məktəbinə getməli və orda nəcib peşələrdən birinə yiyələnməli idi. Hadisədən sonra Kərim yoxa çıxdı, sonra məlum oldu ki, qonşu kənddə yaşayan bibisigildədir. Sentyabrda bibisinin əri onu sənət məktəbinə aparmışdı. Bəbirxanlı məktəbinin məzunlarından şəhadətnaməsində çoxlu “üç” olan təkcə Kərim deyildi və Bəbirxanlı Camaatı Kərimin sənət məktəbindəki həyatı barədə məlumat ala bilirdi. Qeyd olunmalıdırr ki, hadisədən sonra Camaat Kərimə qarşı münasibətini dəyişmiş, iltifatlı olmuşdu, bir tərəfdən Kərimin, demək olar ki, evə getməməyi, daimi olaraq sənət məktəbinin yataqxanasında yaşamağı Camaatın ürəyindəki bəzi telləri titrətməyə bilməzdi. Deyilənlərə görə, Kərim pis oxumurdu, yəni bəxtinə düşən peşəni pis öyrənmirdi və Kərimin bu uğuru da artıq Camaatı pərt eləmirdi, əksinə, Camaat bir az qürrələnən kimi də olurdu, hər halda Kərim Bəbirxanlı balası idi və onun uğurları Camaatın başucalığı idi, ancaq orda da Kərim hərdənbir köhnə xasiyyətini göstərirdi, guya orda da hər işə qarışırdı, ay təqaüddən kəsdilər, vay səhər yeməyindən belə kəsdilər, ay əti belə apardılar, yağı belə daşıdılar, əlbəttə, bunlar Camaatı çox məyus edirdi. Kərim bu müddət ərzində cəmi iki dəfə kənddə olmuşdu, bibisinin əri bazar günləri gətirmişdi onu, qəribədir ki, özündən kiçiklərlə heç vaxt münaqişəyə girməyən, hətta onların ən ağır təhqirlərinə dözüb cavab verməyən Kərim hər gələndə Ortancılı möhkəm döymüşdü, heç nədən dava salmış, qardaşını əzişdirmiş, ağız-burnunu qanatmışdı və Ortancılı güclə Kərimin əlindən almışdılar və onu da demək lazımdır ki, Ortancıl böyük qardaşına əl qaldırmamışdı, Kərimin zərbələrinə mətanətlə dözmüşdü. Bu hadisələr də Camaatı məyus etmişdi. Hər iki dəfə Kərim axşama qalmamış, bibisinin ərinə qoşulub getmişdi.
SÖHBƏTİN DAVAMI
Sənət məktəbində hələ dərslər qurtarmamışdı, məlum deyildi ki, gecənin bu vaxtında Kərim hardan gəlib çıxıb. Camaat çox darıxmışdı, ev hazır kimiydi, bircə şifer çatışmırdı, Məhərrəm də iki gün sonra işdən gələcəkdi, üç-dörd günə köçə bilərdilər Təzə evə, bu uşaq da gəlib belə peşmanlıq elədi. Hər iş yaxşı gedirdi, Məhərrəm də içmirdi, Briqadir özü də qoşulmuşdu Camaata, o, gəlmə idi, aqronom kimi gəlmiş, Mirzəyevin bacısına evlənib qalmışdı Bəbirxanlıda. Camaat həmişə ondan bir az çəkinirdi, indi Briqadir də Camaata yaxın olmuşdu, o da Təzə evin tikintisində həvəslə çalışırdı, eh, bu yaman dikbaş uşaqmış, gecənin bir aləmində vur pəncərələri qır ki, iş bilmişəm, yekə oğlansan sən axı, axı bu hoqqa nədir çıxarırsan. Bu məzəmmətləri Camaat elə öz-özünə deyirdi, çünki tərksilah edilən kimi Kərim yoxa çıxmışdı, elə bil ki, Kərim göyə çəkilmişdi, Camaat Kərimi bir də sübh çağı gördü….
KƏRİMİN ÖLÜMÜ
Həmin səhər elə bil təkcə Bəbirxanlı camaatı üçün açılırdı, qaranlıq əriyib gedir və kənd elə yaraşığa, elə cilvəyə girirdi ki, bi halında Bəbirxanlı, şübhəsiz ki, dünyanın ən gözəl yerlərindən də gözəl idi və bu Vətəni Bəbirxanlı camaatı Dünyanın heç bir dağına, heç bir yaylağına, dənizinə, təyyarəsinə, otelinə, qadınına dəyişməzdi. Kərim də uzun sərgərdanlıqdan sonra Vətənə dönmüşdü, Camaat da həmin səhər tezdən ayılmışdı, elə bil ona aşkar olmuşdu ki, bu səhər məxsusi Bəbirxanlı Camaaatı üçün açılır və Kərimin sübh tezdən kənd yoluyla üzü günçıxana getdiyi də aşkar omuşdu. Kərimin əynində yarımqol köynək vardı, şalvarının balağını çırmalamışdı, ayaqları yalın idi, bu görkəmi, bu geyimi ilə Kərim əvvəlki Kərim idi, ancaq Kərimin çiynində qoşalülə tüfəng vardı, bu tüfəngi Camaat bir dəfə Kərimdə görmüşdü, ancaq o vaxt qoşalülə boş idi, indi isə Camaat başa düşürdü ki, qoşalülə doludur, çünki Kərim addımlarını çox təmkinlə atırdı, bu, qurğuşun ağırlığı idi, Camaat bunu görməyə bilməzdi, Kərim başını dik tutub gedirdi, adamlar da bir-bir evlərindən çıxır, Kərim gedən səmtə yol alırdılar. Bəbirxanlını bürümüç seyrək duman da çəkilib gedirdi, ağaclar, otlar şehli idi, qarşıdan günəşin ilk şəfəqləri görünürdü, Günəş ilk dəfəydi ki, belə çıxırdı, Camaat görürdü ki, Günəş həyəcan içindədir, Günəşin nəfəsi təngiyən kimiydi, yəqin ki, günəşin ürəyi də bərk çırpınırdı, Günəş qıpqırmızı idi və Kərim də Günəşə doğru gedirdi, çiynində də qoşalülə. Kərim arxaya baxmırdı, arxada Camaat gəlirdi, evlərdə bircə nəfər də qalmamışdı, südəmər körpələr də analarının qucağında Kərimin dalınca gedirdilər, Camaat çoxdandır ki, bir yerə yığılmamışdı, yəni Camaatın elliklə bir yerə yığıldığı heç kimin yadında deyildi, əvvəllər heç kimin ağlına gəlməzdi ki, Bəbirxanlıda bu qədər adam var, bu adamların içində bir-birini tanımayanlar da vardı, ancaq onların hamısı Kərimi tanıyırdı, Kərim də çiynində qoşalülə başını dik tutub gedirdi. Bəbirxanlının həndəvərində turaclar vardı, ceyranlar vardı, ancaq Camaat bilirdi ki, Kərim nə turaclara, nə ceyranlara güllə atar, qarşıda Günəş görünürdü, Camaat yaxşı bilirdi ki, Kərim günəşə də güllə atmaz, ancaq Camaatın ürəyi yerindən qopmuşdu, Camaat bilirdi ki, qoşalülədəki güllələr hökmən atılacaq. Kərim gedib-gedib kənd yolundan çıxdı və şehli otların arasıyla Günəşə doğru aparan cığıra girdi. Günəşin həyəcanı artırdı, Günəşin canı odlanırdı, yəni ki, ürəyi də od içindəydi. Otluğun sıxlaşıb cığırı bürüdüyü yerdə Kərim dayandı, qoşalüləni üzünə sıxıb düz yuxarı tuşladı. Güllə səsi Caamaatı diksindirmədi, heç körpələr də çığırışmadılar, elə bil Kərim sükuta atəş açmış, gülləsi yan keçmişdi. Sonra Kərim Camaata sarı çevrildi, Camaat gördü ki, Kərimin gözlərindən yaş axır, bəlkə də bu, göz yaşları deyildi, çünki həmin anda Kərim ot kimiydi, ağac kimiydi, bulaq kimiydi. Kərim qoşalülənon qundağını yerə qoydu, lüləsini sinəsinə tərəf çevirdi, sonra özü lülənin üstünə əyildi, bütün ağırlığını qoşalüləyə saldı… İkinci güllənin səsini hamı eşitdi, körpələr də çığırışdılar, quşlar qıy çəkdi, ceyranlar da hardasa ağlayırdı, Kərimin qana bulaşmış bədəni şehi yamam qurumamış otların üstünə düşmüşdü…
28 sentyabr-11oktaybr 1980, Ərəbqardaşbəyli
Понравилось это:
Нравится Загрузка...