KƏLLƏ

Keçsən də əldən-ələ,

Zəfər kubokuna yox,

Əcəl camına, kəllə,

Sənin bənzəyişin çox.

 

Vaxt vardı ki baş idin,

Üstündə dəri vardı.

Beyin vardı içində,

Düşünərdin, arardın.

 

Sənə dayaq çiyinlər,

Bəlkə səhəng daşıyıb,

Bəlkə tüfəng – bilinmir

Məşğələn, yaşayışın.

 

Harda, haçan – qaranlıq,

Bu dünyaya gəldiyin.

Neçə il yaşadığın,

Niyə öldürüldüyün.

 

Üstündə nəinki qan,

Göz yox, qaş yox, ağız yox.

Kim öldürüb və haçan –

Bir şahid yox, kağız yox.

 

Çəkişirlər ölkələr,

Qətiyyətlə, inadla.

İş açır məhkəmələr,

Hərbi tribunallar.

 

Vurnuxur diplomatlar,

Ordular nizamlanır.

Nə qədər and içən var,

Ala sənin qanını.

 

Bəlkə də Habilinsən,

Qabilinsən bəlkə sən.

Qüdslü, babillisən –

Sən insan kəlləsisən.

 

Görkəmdə qlobussan,

Kiçik yer kürəsisən.

Sən hamıya məxsussan,

Sən heç kimin deyilsən

09 may2007 Samara

 

 

Boris Pasternak. HAMLET

               pasternak                                

Uğultu yatdı. Və mən səhnədəyəm,

Dayanmışam qapıya söykənərək.

Sanki göylrədən axan səssə bu dəm,

Başıma anladır nələr gələcək.

 

Neçə yüz durbinin gözündən axan,

Gecə toranlığı gözümdə itir.

Sən əgər, mümkünsə, tanrım, atam

Bu əcəl camını məndən yan ötür.

 

İnamlı fikrinə qəlbimlə varam,

Və hazıram bu rolu oynamağa.

Qızışır indi fəqət özgə dram,

Və bu yolluq məni əsirgə daha.

 

Fəqət bütün gediş qərarlanmış,
Və dönülməz olub yolun sonu da.

Mən tək, aləm riyaya aldanmış,

Bir su içmək deyil ömür yaşamaq.

1946

Tərc.: avq.—sent. 1987