Ah, nə gözəl, gəzməli yerdir bura!
Nəşə dolur qəlbinə baxsan hara.
—
Ah, nə qəşəngdir, nə yaşıldır yamac,
Kölgəli ya meyvəlidir hər ağac.
—
Fasiləsizsdir çıxışı quşların,
Möcüzədir səsləri ölmüşlərin.
—
Ah, necə də görməli yerdir bura,
Bax, daraşıb göy çəmənə mal-qara.
—
Çoxdu qoyun, həm iribuynuzlular,
Ermənidən qalma donuzlar da var.
—
Puddan ağır bəlkə qoçun quyruğu
Eşqi coşur, yox dayanıb durduğu.
—
Saz dəyənək əldə, yorulmur gizir,
Düzdə, yamacda gecə-gündüz gəzir.
—
Mal-qaranı hərdən elə haylayır,
Qorxu düşür canlarına hayların.
—
Eşq ilə heyvan otarır qəhrəman,
Razıdır ondan general hər zaman.
—
Vaxtaşırı təqdim edir ordenə,
Başla ayaq da verir hərdən ona.
—
Ah, nə gözəl, ah, nə qəşəng hissədir!
Fıştırıq əsgər özünü hiss edir!
—
Təlimi çoxdan unudub leytenant,
Mürgü vurur minaatan, avtomat.
—
Hər səhər-axşam kapitan mal sağır,
Yaxşı sağır, olsa da bu iş ağır.
—
Zəhməti polkovnikin də az deyil,
Hər donuzu şəxsən özü yemləyir.
—
Razıdır işdən general yüz faiz,
Pul gətirir çoxlu xüsusən donuz…
—
Ah, nə gözəldir, nə qəşəngdir Vətən!
Gübrələnib qanla yamac, həm çəmən!
—
Ah, nə gözəl burda çiçəklər bitir,
Qan qoxusu versə də hərçənd ətir…
—
Ah, nə gözəl, görməli yerdir bura!
Həndəvəri zəbt eləyib mal-qara.
—
Ermənidən qalma donuzlar da var,
Əsgərim işlər, general yağlanar…
—
Ah, tutub ətrafı səsi quşların,
Qəlb dağıdır nəğməsi ölmüşlərin…
30. 07. 2022, Samara