Ağ maşın, zavoddan təzəcə çıxan –
Vurnuxur haçandan qoca yanında.
Qabaqdan gah baxır, gah da arxadan,
Hərdən özünə də baxır aynada.
—
Oğlu, Lyoşa Malov çox arzulardı,
Belə bir ağ maşın ağlı kəsəndən.
BMV, Mersedes bəlkə alardı,
“Lada Qranta” da pis dyil hərçənd.
—
Yəqin dal şüşəyə Georgi lenti
Çəkərdi, “На Берлин!” yazardı hələ.
Ukraynada ölmək oldu qisməti,
Heç gedib çıxmadı Kiyevə belə.
—
Onun “qan pulu”na alınıb maşın,
Ha baxır, baxmaqdan atası doymur.
Diliylə az qalır silib-yalasın,
Uşağı-muşağı yaxına qoymur.
—
Oğlu tankda yanıb qonşu ölkədə,
Niyə, kimdən ötrü – düşünmür ata.
Hərdən qəbri üstə gedər bəlkə də,
Qanıyla alınan bu ağ maşında.
—
Tamahdan başını itirən kişi!
Çıx yola, qazı bas, kefdəsən daha.
Yaz vur dal şüşəyə “На кладбище!» —
Hamı buraxacaq səni qabağa…
20.07. 2022, Samara