ARX ÜSTDƏ, BUDAĞI ÇATIR ÇƏPƏRƏ…

                                                 Adıgözəlin xatirəsinə

Arx üstdə, budağı çatır çəpərə —

Hələ də bu narın barı yeyilir.

Sən onun altında çox gecələri,

Oyaq keçirmisən, qardaş, deyirlər.

 

Deyirlər daş üstə döşəkçə salıb,

Gəzməkdən bezəndə oturmağını.

Bəlkə də sökülüb, yunu çırpılıb,

Həmin döşəkçənin. Daşsa göz dağı.

 

Ha bu xəstəliyə tanrı dərdi de –

Ağrılar cəhənnəm ağrılarıdır.

Gələni-gedəni salıb heyrətə,

Sızıldamadığın, ağlamadığın.

 

Dindən uzaq idin. Bəlkə usanıb,

Tək olan tanrını yada salmısan.

Canının odundan gecə uzunu,

Bəlkə ulduzları sadalamısan.

 

Əziz… Sağlığında, nə gizlədək ki,

“Qardaş” da demirdik bir-birimizə.

“Qardaş” qardaşına gözətçi deyil” –

Nədən qan hayqırır, yaş tutur gözü?

 

Bu nar çiçəkləyir həmin həvəsdə,

Arxdakı bu su da o suya bənzər.

Təkcə oturan yox daha daş üstdə,

Çəpərdən boylansaq, qəbrin görünər…

20-21.03.2007, Samara