Архив тегов | ailə haqqında

    “ŞƏHƏRDƏ ƏJDAHA TƏBİƏTİ VAR…”

                       Seyfulla Süleymanlıya

Gəlmisən böyük bir şəhərə, kəndin,

Uzaq olmasa da, qalıb arxada.

Bir neçə milyonun birisən indi,
Hamı hərəkətdə, hər kəs axarda.

 +

Şəhərdə əjdaha təbiəti var,
Səni uda bilər başlı-ayaqlı.

Ya da ki, çeynəyər, gəvələr, atar,
Zədəli, ağrılı, ürəyi dağlı.

 +

Başla yubanmadan  mübarizəni,
Vermə rəqibinə zaman möhləti.

Dolsun enerjiylə əzələlərin,
İrəli addımla əzmli, qəti.

 +

Cəld və amansız ol bank yaran sayaq.
Mənimsə şəhərdə nə varsa yaxşı.

Elmə iti olsun tamahın ancaq,

Biliyin üstünə qırğı tək şığı.

 +

Ata hesabından pul çıxaran tək,
Özününkü elə mədəniyyəti,
Şubert havasıını ciyərinə çək,
Hopdur ürəyinə incəsənəti.

 +

Mahir detektiv tək dolaş şəhəri,
Onun sirləri var özü tək qədim.

Səylə tədqiq elə tikililəri,
Öyrən kərpic qoyan, suvaq çəkən kim.

 +

Ayaq izləri var səkilərində,
Barmaq izləri var divarlarında.

Öyrən bu izlərin sahibi kimdir,

Öyrən tarixini adamların da.

 +

Açıq ol dünyaya, dinlə, bax, oxu,

Nə duysan, anlasan, yaddaşına yığ.

Yaddaşdan qiymətli xəzinə yoxdur,

Yaddaş zəngindirsə — diriyik, sağıq.

 +

Mənimsə şəhəri qarış-qarış sən,
Özününkü elə yaxşı nəyi var.

Gününü qonaq tək əgər keçirsən,

Günlərin bir günü çeynəyib atar —

Şəhərdə əjdaha təbiəti var

24.12. 2022, Samara