Noyabrın 19-da qardaşım qızı Sevincin 45 yaşı tamam olardı…
1984-cü ilin son və 1985-ci ilin bir neçə ayı ərzində Mskvada Karpovla Kasparov arasında şahmat tacı uğrunda sonu görünməyən final yarışı keçirilirdi. Mən Moskvadan təzə gəlmişdim, işsizdim, tez-tez Süleymangildə olurdum. Bir dəfə on iki yaşlı Sevinc məndən soruşdu:
- Əmi, Kasparovgil nə qədər pul alacaqlar?
Dedim ki, ikisinə beş milyon dollar (səhv etmirəmsə, mükafat fondu bu qədərdi).
Sevinc, əlbəttə, beş milyon dolların nə qədər olduğunu təsəvvür edə bilməzdi, ancaq başa düşürdü ki, bu, çox puldur. Bir az fikrə gedib dedi:
- Mən də yaxşı şahmatçı olsaydım, çoxlu pul udardım…
- Çoxlu pulu udub neyləyəcəksən? – soruşdum.
-Xərcləyərdik də, — Sevinc dedi. Sonra məni gözdən keçirib əlavə etdi:
— Əmimə də üst-baş alardım…
Bir neçə ay idi ki, işsiz və pulsuz idim. Əynim köhnəlirdi…
On iki yaşlı Sevincin dediyi uzun ömrüm boyu eşitdiyim ən yaxşı sözlərdəndir…
Dərman kimi xatirələr var, ürəyin tutanda qoyursan dilinin altına…
Sevincin xatirəsi belə xatirədir…
23.11.2017
Samara