Архив тегов | Azərbaycan dili haqqına şeir

“NƏSİL KƏSİLMİRMİ KƏSİLƏNDƏ DİL?..”

U LENİ. KİNO

Xəbəri uzlaşmır mübtədasıyla

Zamanı, cinsi də dəyişik salır.

Bacarmır nəinki sifətlə, sayla,
Burcudur, əl vermir ismin halları.

 +

Dilini ağzında güclə hərlədir,
Tərini əliylə silir üzündən.

Xam yeri şumlayır xışla elə bil,
Gedir məşəqqətlə, getsə də üzdən.

 +

Hakim qarşısında deyil bu kişi,

Nə də müstəntiqə verir ifadə.

Doğma balasıyla cənab danışır,
Danışır nədənsə urus dilində.

 +

Atası azəri, həm də anası,
Uşaq azəricə danışa bilmir.
Valideyn özü nəslini kəsir! —

Nəsil kəsilmirmi kəsiləndə dil?

 +

Deyən yox danışma ana dilində.

Yox qadağan qoyan, yox sıxışdıran,
Üstəlik səni öz evində güdən,

Zorla rus dilində yox danışdıran.

 +

Kölə təbiətli, nökər xassəli,
Yadın əyilirsən qabağında sən.

Ayıb, ar sayırsan dili və əsli,
Nəslin ayıbı da, arı da sənsən…

 +

Bitirir övladla cənab söhbəti,

Deyir üç-dörd dəfə “davay” və “ladna”.

Bir vaxt öz atası ona deyərdi:
“Allah amanında,  qadanı allam…”

20. 05. 2023, Samara