Архив тегов | Azərbaycanda iş yerləri

PREZİDENT DÜZ DEYİR, TƏZƏ İŞ YERLƏRİNİN SAYI BƏLKƏ YÜZ MİNDİR…

Azərbaycan prezidenti və birinci vitse-prezidentin əri İlham Əliyev bu günlərdə elan edib ki, ölkədə 85 min yeni iş yeri açılıb. Çox təəssüf ki, xalq içində bu vacib məlumata tək-tük də olsa şübhə edənlər tapılıb. O adamları polis idarəsinə aparıb yaxşı yoxlasan, hələ beş-altı polis dəyənəyi vursan, məlum olar ki, onlar heç Allaha da inanmırlar və arxayındırlar ki, insan meymundan əmələ gəlib…

Bu adamlar başa düşmürlər ki, prezidentlər sadə insanların danışdığı dildə danışmırlar, onların dilini başa düşmək üçün gərək yüksək intellekt sahibi olmasan da, gərək əmlak sahibi olasan, biznesin ola, ya da yaxşı qazanc gətirən dövlət qulluğun ola. Onda başa düşərsən ki, prezident nə demək istəyir.

Prezident demk istəyir ki, ölkədə 1 (bir) iş yeri açılıb. Yəni birinci vitse-prezident yeri. Ancaq bu iş yeri 85 min iş yerinə dəyər. Elə xəzinəyə də bu vəzifə 85 min işçinin maaşından da baha oturur və bəlkə bundan da artıq. Yəni yaxşı hesablasan, vitse-prezident vəzifəsi 100 min iş yerinə bərabərdir. İndi daha İlham müəllim dərinə getməyib. Xırdalamayıb. Xalqımızım müdrikliyinə, qanacağına arxayın olub. Xalq doğrudan da müdrikdir, qanacaqlıdır. Ancaq, təəssüf ki, xalqın içində elələri var ki, nəinki prezidentə, heç Allaha da inanmırlar. Allah onları düz yola qoysun, günahlarından keçsin.

Allah vitse-prezidenti qorusun, 85 min iş yerini bir nəfər tutur, maşallah!

Mirzə ƏLİL