BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: “MƏMMƏDRƏHİM, RAYKOM KATİBİ SƏNİ MİNƏ BİLƏR?…”

bəxtiyar

1979-cu ilin yayında ya da elə bu ilin dekabrınn son günlərində və 1980-ci ilin yanvarında mənim sonuncu universitet sessiyalarım olub, bu zaman Bəxtiyar Vahabzadə bizdə Cəfər Cabbarlının yaradıcılığından ixtisas kursu aparırdı. Qiyabiçiliyi yalnız şərti olaraq tələbəlik saymaq olar, hər fəndən beş-altı dərs olur, müəllimi güclə yadında saxlayırsan, müəllim isə heç kimi tanımır. Ancaq bəzi şeylər, o cümlədən Bəxtiyar Vahabzadə ilə bağlı bir neçə epizod yadımda qalıb.

5-ci kursda bizə bizdən uuxarıda kursda qalan bir neçə qiyabiçi qoşulmuşdu. Onlardan birinin adı Məmmədrahim idi. Yaşı otuzdan çox olardı. Kolxoz suçusuna oxşayan iri qulaqlı, arıq bu kişinin filologiyaya hətta lap uzaq münasibəti olduğuna inanmaq mümkün deyildi. Onunla tanışlığım yoxdu, səsini də eşitməmişdim. Bəlkə adını da ilk dəfə onu Bəxtiyar Vahabzadə ayağa qaldıranda öyrənmişdim.

Bir dəfə Bəxtiyar Vahabzadə Azərbaycan xalqının necə müti olduğundan, partiya-sovet məmurlarının zülmünə necə dilsiz-ağızsız dözdüyündən danışırdı. Birdən orta sırada oturmuş bir qiyabiçini qaldırdı:

— Adın nədir?

— Məmmədrahim…

— Məmmədrəhim, raykom katibi səni minə bilər?..

Məmmədrahim gözünü döyə-döyə Bəxtiyar Vahabzadəyə baxır, dinmirdi. Ancaq yerdən onlarla qiyabiçi səs-səsə verdi: “Əlbəttə minər, necə miməz…”

İndi görürəm ki, Bəxtiyar Vahabzadə 1979-cu ildə “Səbr edirik” adlı bir şeir yazıb və özünün dediyi kimi, o vaxtlar “sandıqda” saxlayıb. Kim bilir, bəlkə bu şeiri elə Məmmədrahimin yazıq üzünə baxandan sonra yazıb…

Şeir uzundur. Cəfəngiyat çoxdur. Bir az Xəlil Rzanın “37” şeirnə oxşayır, həmin səkkizliklər, həmin pafos və s. Bəxtiyar Vahabzadə bir az keçmişdən başlayır, 30-cu illərə toxunur:

“Xalq yolunda candan keçən ərənləri

«Xalq düşməni» damğasıyla

Ləkələyib məhv etdilər”.

Deməliyəm ki, bu şeirdə sözçülük, qafiyəçilik çoxdur, bunlar şeirin xeyrinə deyil:

“Hamar gördük çuxuru biz.

Saray bildik axuru biz.

Görəmmədik qat bağlayan paxırı biz…”

“Çuxur”, “axur”, “Paxır” – burda fikir qafiyənin əsiridir, belə qafiyələr pis zövqün göstəricisidir, təəssüf ki, Vahabzadənin şeirlərində bu bəd zövq (дурновкусие) həmişə var…

Sonra bizə yaxın illər gəlir: 60-70-ci illər:

“Həyatda yox,

qəzetlərdə göstərdilər

bizə yalnız xeyri-şəri.

Şirin-şəkər yalanları yeyə-yeyə

Biz inandıq gələcəyə.

 O gəlmədi,

 Düz əyildi,

Əyriliklər düzəlmədi…”

Şeirdə aktual səslənən misralar çoxdur:

“Hər cəfaya dözə-dözə

Biz alçaldıq addımbaşı.

Qul etdilər vətənində vətəndaşı,

Ayaq altda palaz oldu ləyaqəti….”

Hə? Necədir?

“Qara günü ağ söz ilə pərdələdik.

Zənn etməyin, bədbəxtliyi özümüzə dərd elədik.

«Biz xoşbəxtik, bəxtəvərik» — sözlərini

Şüar kimi dilimizdə vird elədik…”

Bu hansı illərə aiddir?

“Qırıb qalın meşələri
Pambıq əkdik…”
Tanıyıram! Doğma 70-ci illər! Gəncliyim! Bir milyon 300 min ton (guya) pambıq!

“Yüz hektarın məhsulunu on hektara,

On nəfərin məhsulunu bir nəfərə yaza-yaza,

Həm insanı, həm torpağı

Necə verdik biz güdaza…”

Yerin Salyandır! Elə bil Salyanı yazıb!

Bəlkə Bərdəni? Ağcabədini? Kürdəmiri? Hər yerdə bir cür deyildimi?

“Orden, medal yarışında

Dumanladıb beyinləri

DDT-ylə zəhərlədik

Yüz-yüzləri, min-minləri…”

Yetmişinci illər! DDT Azərbaycanda adamları da zəhərlədi, Kürü, Arazı da, bu çaylardakı balıqları da…

“Bircə çəngə ağ pambığa

Qurban verdik gənc qızlan, gəlinləri.

 Bu dünyaya göz açmamış körpələri

 Bətndəcə zəhərlədik”

Düz sözə nə deyəsən? DDT Macarıstanda 1968-ci ildə, Norveç və İsveçdə 1970-ci ildə, Qərbi Almaniyada və ABŞ-da 1972-ci ildə qadağan olunub. Bizdə isə SSRİ dağılanacan tətbiq ounurdu… Bəxtiyar Vahabzadə elə o vaxt bunun ziyanını bilirmiş…

Sonra yenə xeyli cəfəngiyat gəlir Şer belə bitir:

“Səbrimizin laylasında xumarlandı qeyrətimiz.

Bu dözümə,

Bu zülümə

Heyrətdədir heyrətimiz…”

Qeyrətimiz, heyrətimiz…

Yox, boynuma alım ki, mən Bəxtiyar Vahabzadən sevmirəm. Sevmirəm, vəssalam!

A kişi, sən bilirsən ki, körpələri zəhərləyirlər, şeir yazıb sandığa niyə qoyursan, bu şeiri göndər xəlvətcə Amerikanın səsi radiosuna, Azadlığa, Birləşmiş Millətlər Təşkilatına, Mərkəzi Kəşfiyyat İdarəsinə… Soljenitsın kimi… Qoy səni tutsunlar! Öldürməyəcəkdilər ki. Bir az yatardın. Ancaq bütün dünyada adın çıxardı. Bəlkə DDT-ni də əvvəlkimi hara gəldi tökməzdilər. Bəlkə beş-on gəlini, beş-on körpəni xilas edərdin. Yox, sən bunu yazıb qoyursan sandığa, ancaq Leninə yazdığın poemanı qapıb aparırsan Əliyevin üstünə, Əliyebv sənə Dövlət mükafatı verdirir, orden verdirir…

Bəxtiyar Vahabzadə, təəssüf ki, bütün ömrünü belə yaşayıb…

Ona görə bizim oriyentirəlrimiz yoxdur. Ona görə belə nal-məxa vurmuş adamları imam sayırıq, çünki özümüz də əqidə ilə yaşamağı zülm sayırıq, özümüz də nala-mıxa vura-vura yaçayırıq…

Ona görə hardyıqsa, ordayıq…

Yəni, ruslar demişkən, ayıb olmasın, v polnom …der…. DDT…

03.01. 2019

Samara

Реклама

AZƏRBAYCAN ŞAİRLƏRİ YARADICILIQ EZAMİYYƏTİNDƏ: BUDAPEŞT, TEŞT, TEŞT..

Sovet vaxtı sovet yazıçı və şairlərinin qabaqcıllarını xarici ölkələrə “yaradıcılıq ezamiyyətinə” göndərirdilər. Kapitalist ölkələrinə gedənlər o olkələrdən tənqidi əsərlər, sosialist ölkələrinə gedənlər tərifli əsərlər yazırdılar. Mənim yadımdadır ki, tez-tez xarici səfərlərdə olan Bəxtiyar Vahabzadə qayıdandan sonra bir şələ şeir çıxarırdı. Məsələn, Bəxtiyar Vahabzadə Qərbi Berlindədir. Baxır yanına-yörəsinə, hər şey ürək açan, gözəl, abad, yemək-içmək bol, mağazalarda dünyanın ən yaxşı paltarları. Bəxtiyar müəllim də alıb çamadanlarını dolıdurub. Ancaq narahatdır. Tənqid eləməyə bir şey tapmır. Birdən görür ki, ölü aparırlar. Yekə ağ mərasim maşınında. Aha! Maşının yanında üzünü-gözünü cıran, özünü maşının altına atmaq istəyən qohum-əqraba yoxdur!

Tabut gedir ağ avtomobildə,
Tabut gedir, ardınca gedən yox…

Hayıf deyil bizim sovet Azərbaycanı, oğul cənazəni qucaqlayır, deyir, ata, qoymaram gedəsən, getsən, mən də özümü atacam sənin yanınfa qəbrə…

Qırışmal elə dünən deyirdi ki, “qurumsaq haçandan zarıyır, ölmür…”

Bu, ayrıı söhbətdir. Bəxtiyar müəllim bir şələ ezamiyyət şeir yazdı, qərb cəmiyətininin atasını yandırdı, jurnalda çap eləyib pul aldı, sonra kitabında çıxarıb pul aldı…

Yadınıza salım ki, Bəxtiyar müəllim Qərbi Berlinə də xəzinə hesabına getmişdi…

İndi danışaq sosialist ölkələrinə gedənlərdən…

Azərbaycan sovet şairləri Macarıstandan ötrü ölürdülər, ölkənin mağazaları SSRİ — yə baxanda firavan idi, gedənlər satlıq mal da gətirə bilirdilər. Həm də… Burası yaşı 18-dən çox olanlar üçündür: Macarıstan Avstriya ilə qonşudur, ona görə də burda Avstriya telekanalları yaxşı tutulurdu. Gecələr kanalların bəzilərində erotik filmlər göstərilirdi. İni təsəvvür edin ki, Azərbaycan şairi keçən əsrin 70-ci illərinin ortalarında Budapeşt mehmanxanasında ikiqat olub erotik filmə baxır… Qayıdandan sonra o adam özü kinoteatra dönürdü, baxdığı erotik flmmlərin məzmununu şair yoldaşlarını başına yığıb danışırdı…

Bu bizə aid deyil… Şair yaradıcılıq ezamiyyətindədir. Qayıdandan sonra gərək tərifli şeirlər yaza. Birinci gərək ölkənin paytaxtına tutarlı bir şeir həsr oluna. Budapeştə. Bu şəhərin də şoğarib adına Azərbaycan dilində bir qafiyə tapılmır. Bircə söz var, o da “teşt”.

Budapeşt, budapeşt, qızıl teşt, gümüş teşt…

(Yox, ləyən, bardağ…)

Bunu, ya təxmimən bunu, səhv etmirəmsə, Musa Yaqub yazmışdı…

Əlbəttə, mən iddia eləmirəm ki, Musa Yaqub da Budapeşt mehmanxanasında erotik filmlərə baxıb. Allah eləməsin! Ola bilsin ki, gecə yerinə girəndə Musa müəlılim üç dəfə televizorun ekranına tüpürüb, sonra Leninin tam külliyatınının 39-cu ya 47-ci cildini açıb oxuya-oxuya elə kitab qucağında şirin yuxuya gedib…

Və gələndən sonra sosialist Macarıstanına bir şələ şeir həsr edib “Azərbaycan” jurnalından bir ətək pul alıb. Sonra kitabanda çıxardıb yenə bir ətək pul alıb. Hamısı da büdcə pulu, sovet dövlətinin və sovet xalqının pulu.

Buna dövlət davam eləyərdi?

Vallah, mənə nə deyirsiniz deyin, sovet dövlətini Azərbaycan şairləri yıxdılar. Boyunlarına almırlar.

Budapeşt, teşt…

Allah abrınızı tökəydi…

Mirzə Əlil

12.09. 2018

Samara

«HEÇ VAXT, HEÇ VAXT, HEÇ VAXT…»

“SƏN BİR DƏ QAYITMAZSAN…”

 

Mənim övladım yoxdur və buna görə övlad itkisi barədə nə yazsam, nəinki başqalarını, heç özümü də inandırmayacaq – övlad itkisinin, eləcə də övlad məhəbbətinin nə olduğunu mən bilmirəm. Bəşər dühası bunu öz qəhrəmanının diliylə belə ifadə edir:

“ Lear. And my poor fool is hang’d! No, no, no life!
     Why should a dog, a horse, a rat, have life,
     And thou no breath at all? Thou’lt come no more,
     Never, never, never, never, never!..”

“Sən bir də geri dönməzsən. Heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt…”

Cənab Tofiq Yaqublunun əvəzində prezidentdən onun bağışlanmasını xahiş edən adamları başa düşürəm, ancaq bunu səhv sayıram. Tofiq Yaqublunun əfv xahişini eləmək dolayısı ilə onun cinayət törətdiyini təsdiq etməkdir. “İctimaiyyət”, bəlkə özü də başa düşmədən, ədalətsiz hökmü legitimləşdirir.

Prezidentə müraciət belə ola bilərdi: “Cənab prezident! Siz Tofiq Yaqublunu qisas üçün türməyə salmısınız. Bunu başa düşürük. Ancaq cənab Yaqublunun nəslini kəsmək fikriniz yoxdursa, onu buraxın. Qisasınızı onsuz da almısınız”.

Bütün başqa formalarda müraciət Yaqublunun cinayət törətdiyini təsdiq edir.

Müstəbid hakimlər hamısı kinli, qisasçıdır, hakimiyyətdə oturduqları müddət artdıqca, kinləri, qisasçılıqları daha da artır, çünki kölgələrindən də şübhələnirlər.

Azərbaycan hakimiyyətini bu müstəbidlər içində fərqləndirən onun sadizmidir. Hakimiyyət İnsan nalələrindən həzz alır. Axı məhkumlar özləri ağlamasalar da, onların anaları, bacıları uşaqları ağlayırlar. Və hönkürtülər, nalələr hakimiyyətə ləzzət verir. Bu, klinik haldır, psixi sağlamlıq problemidir. Ancaq sağlam hakimiyyət Leyla Yunusu ya Xədicə İsmayılı damda çürütməz.

İntiqam Əliyevdən qisas alırdılarsa, alaydılar. Ancaq yeddi il yarım iş – bu, sadist ehtirasların doyuulması üçündür. Bunu başqa cür yozmaq mümkün deyil.

Azərbaycan sadistlər ölkəsidir. Biri tutulanda, polis dəyənəy yeyəndə, minlərlə televizorun qabağında on minlərlə adam xorla deyir: “Canın da çıxsın!”

“Məmmədrəhim, raykom katibi səni minib çapa bilər?” – Bəxtiyar Vahabzadə 1979-un sonunda ya 80-nin əvvəlində qiyabiçi tələbələrin birindən soruşdu. Yerdən xorla qışqırdılar: “Əlbəttə, çapar!”

Bizdə hamı bir-birini minməyə çalışır. Guya rejimə qarşı olanların çoxu demokrat-zad deyil, sadəcə onlar yerlərini dəyişmək istəyirlər: onlar bellərindəkiləri atıb özləri minmək arzusundadırlar.

“Qaçın, qarovulçu gəldi, Qoçu oğlu qoçu gəldi!” – bunu gənc İsa İsmayılzədə yazıb.  Bizdə qarovulçu, təhkimçi, briqadir, sədr, katib, müvəkkil – hamısı əhalini minib-çapıblar. Əhali də uşağını bir ətək pulla da olsa oxutmağa çalışıb ki, o başqalarını minsin, onu minməsinlər…

Mən Azərbaycan polisləriylə az üzləşmişəm, ancaq briqadir, təhkimçi, sovxoz direktoru, katib görmüşəm. Onlardan bir ayrı vavt. Mən Azərbaycan qatarlarından bir neçə kəlmə yazmaq istəyirəm. Bir vax Tümün-Bakı marşrutuyla Azərbaycan qatarları da gedirdi. Mən bu vaqonda nəinki ayaqyolunda, hətta ayaqyolundan qıraqda da ayağının nəcisə batdığından yazmıram. Bu da ayrı vaxt. Mən ayrı şeyi demək istəyirəm. Azərbaycan qatarına minən kimi bələdçilər pasportunu alıb saxlayırlar. İki gün yarım olursan dustaq. Sənədsiz, hüquqsuz. Azərbaycan torpağına keçən kimi milli rəmzlərlə bəzədilmiş gözəl paltarlar geymiş əsgərlər, zabitlər, gömrükçülər, polislər vaqonlara girib başlayırlar soydaşlarını soymağa…

Aleksey Karamazov bir dəfə deyir: “Mən bəlkə heç allaha  inanmıram”.

Mənə hərdən elə gəlir ki, mən Azərbaycanı sevmirəm…

İndi insan nalələrindən həzz alan hakimiyyətdən Yaqubluya əfv istəmək düzgündürmü? Hünəriniz var, gedin evini alın mühasirəyə, deyin ki, bu kişini qoymarıq qayıda türməyə…

Hərçənd öz işinizdir. Neyləyirsiniz, eləyin. Bir söz idi, dedim. Kimdi mənim sözümə baxan?

 

26.04. 2015 Samara

 

 

ZEYNƏB XANLAROVA. KiŞİ QIZI tam mətn

        

Yəqin ki, səksəninci illərin sonlarıydı, məzunuyyətdən qayıdanda Bakıdan “Leyli və Məcnun” operasını aldım, üç böyük valdan ibarət bir albom idi. 60-cı illərdə bu operanın Axundov adına teatrda 600-cü tamaşası oldu, tamaşa birbaşa translyasiya edilirdi. Bizim kəndin bütün musiqisevənləri qonşumuz Ərəstunun evinə yığışmşdı. Operanın ilk iki pərdəsində Məcnunu Arif Babayev oynayırdı (əslində oxuyurdu). Üçüncü pərdədən onu Qulu Əsgərov əvəz etdi. Camaat səhəri gün danışırdı ki, guya gənc Arif Babayev rolun öhdəsindən gələ bilməyib, fasilədə gedib Qulunu maşına mindirib gətiriblər… Bizim Ərəbqardaşbəyli kəndində o vaxtlar cəmi iki ya üç evdə televizor vardı, telefon heç yox idi, ancaq Bakıda o vaxtın məşhur artistlərinə aid söhbət və qeybətlər ildırım surətiylə gəlib ora çatırdı… Yəni ki, mən bu valı almamışdan qabaq Arif Babayevin Məcnun rolunda oxusunu canlı eşitmişdim, bir növ dadı damağımda qalmışdl. Hərçənd yetmişinci illərdə, xüsusən bu onilliyin sonlarında Azərbaycan televiziyasında musiqi verilişlərinin səviyyəsi çox aşağı düşmüşdü, əh hörmətli müğənnilər fonoqramla oxuyurdular, canlı oxuyanda da utanmaz-utanmaz “xoruz buraxırdılar”. Yəni ki, bir növ Heydər Əliyev xalq musiqi sahəsində estetikanı dinməzcə ləğv eləmişdi. Pambıqçıların, tütünçülərin, taxılçıların qondarma qələbələrindən sonra tarlalarda Aərbaycan incəsənət ustalarının iştirakıyla konsertlər keçirilirdi və tədricən Azərbaycan müqənniləri çöldə necə oxuyurdularsa, elə televiziyada da, teatrda da elə oxumağa başladılar…

O vaxt Kuybışev adlanan  Samaraya gəlib çıxan kimi çaydan, çörəkdən qabaq “Leyli və Məcnun”un vallarını oxutdum və halım çox pərişan oldu,. Yəni ki, bu pərişanlıq qəhrəmanların faciəli taleyindən deildi, xalq artistləri Arif Babayevlə Zeynəb Xanlarovanın açıq-aşkar xaric oxumağından idi…O vallara daha qulaq asmadım və sonralar bir yataqxanadan başqa yataqxanaya köçəndə onları zibil qutusuna atdım…

Əslində Zeynəb Xanlarova üç dəfə xalq artistidir: Azərbaycan, Ermənistan, SSRİ xalq artisti. Hərçənd bir vaxt Zeynəb xanımın nəinki Azərbaycanın xalq artisti adını alacağı, hətta onun yetmişinci illərin əvvəllərində onun adına qoyulmuş qadağanın götürüləcəyi də şübhəliydi…

İndi bunu xatırlayanlar, əlbəttə azdır, o dövrün adamları ölüb-gedirlər, mənim kimi qalan tək-tükdür… Təssüf ki, dəqiq tarixini deyə bilmərəm, yəqin ki, yetmişinci illərin əvvələriydi. Birdən Zeynəb Xanlarova yoxa çıxdı. O vaxtlar Azərbaycan musiqisi Aərbaycan televiziyasıyla həftədə bir dəfə verilərdi, o da cəmi on beş-iyirmi dəqiqə. Yəni ki, Zeynəb Xanlarovaya nə isə olduğunu camaat əvvəlcə radiodan başa düşdü, çünki radio ilə hər gün kənd zəhmətkeşləri üçün konsert verilərdi və Zeynəb xanım da az qala hər gün efirdə səslənirdi. Və birdən-birə onun yoxa çıxması hamını məəttəl qoydu. Əvvəl şaiyə yayıdı ki, Zeynəb ağır xəstədir, bu gün-sabah ölər.                                                   

Sonrakı şayiələrlə Zeynəb Xanlarovanın ölüm xəbəri gəldi, özü də deyirdilər ki, xəstəlikdən ölməyib, “iksus” içib özünü öldürüb…

Biz azərbaycanlıların sirkə turşusunu niyə rusca adlandırmağımız aydındır, o vaxt Rusiyadan gələn malların çoxunun adları təhrif olunmuş şəkildə rusca deyilirdi. Ancaq bizim adamların “uksus” yox, “iksus” deməyi təəccüblüdür, çünki, “uksus” bizim ahəng qanununa uyğundur, “iksus”da isə incə saitdən sonra qalın, özü də dodaqlanan sait gəlir…Mənim yanımda Rusiyada satıcıdan “iksus” soruşublar və  soruşanın azərbaycanlı olduğunu səhvsiz bilmişəm…

Hə, nədənsə o vaxtlar kəndə tanınmış müğənnilərin ölüm xəbəri gəlirdi. İntihar – ölüm səbəblərindən birincisiydi. Zeynəb xanımın niyə “iksus” içdiyi barədə danışıqlar çox idi. Bu danışıqlarda Ələkbər Tağıyevin adı çəkilirdi. Çünki Zeynəb xanım “Qonşu qız” mahnısıyla tanınan gündən söhbət gəzirdi ki, müğənni xanım Ələkbər Tağıyevin “adamıdır”, “adamıdır” sözü isə, məlum olduğu kimi, bizim abır-həyalı azərbaycanlıların dilində “məşuqə” “oynaş” deməkdir…

Ümumiyyətlə, Azərbaycanda yalnız kommunust ya komsomol qəzetlərinin çıxdığı vaxtda insanlar sevimli artistlərin şəxsi həyatından bütün bildikləri şaiyələrdən ibarət idi. Bu şayiələri kimin birinci uydurmağı və necə sürətlə yayılmağı sirdir. İnsanlara sevgi tarixləri, sevgi intruqaları lazım idi və cəmi iki dəfə televiziyada görünən müğənni şifahi “leyliməcnun”un qəhrəmanına çevrilirdi. Əlbəttə, musiqiçilərin həyatı barəsində gedən söhbətlərin bir qismində həqiqət payı da vardı. Çünki by artistlər adi insan həyatı yaşayırdılar, onların qonşuları vardı, ünsiyyətdə olduqları adamlar vardı, bir də ki, o vaxt qapalı qəsrlər də yox idi və adi insanlarla “yarlmallahlar” bir-birlərini  bazarda, poliklinikada, nəqliyattda da görə bilərdilər. Zeynəb Xanlarovanın cavan qız vaxtından Ələkbər Tağıyevin məşuqəsi olduğuna mənim heç bir sübutim yoxdur, mən uşaq vaxtı camaatın ağzından eşitdiklərimi xatırlayıram. Ancaq şifahi Xanlarova-Tağıyev dastanı elə düyünlərlə inkişaf edirdi ki, onun uydurma olduğunu güman etmək çətindir… Bəlkə də Zeynəbin efirdən itməyi 1972-ci ildə olub və ən azı il yarım davam edid. Müxtəlif şayiələri bir yerə yığsaq. sonralar kriminala və detektivə çevrilmiş bu sənət və eşq ittifaqının inkişafını və qalmaqallı iflasını təxminən bu cür ifadə etmək olar:

Əlbəttə, yenə deilənlərə görə, prokuror Ələkbər Tağıyevlə Bakı rayonlarının, deyəsən, Abşeron rayonunun, rəhbəri arasında ədavət yaranır. Bəstəkarın tapşırığı ilə Zeynəb Xanlarova  həmin məmurla tanışlıq qurur, sonra bu tanışlıq intim yaxınlığa çevrilir. Şayiələrə görə, Zeynəb xanım çarpayının altına maqnitafon qoyurmuş və məmurla aralırında olanların səsli hissəsini yazırmış. Sonra guya Ələkbər Tağıyev maqnitafon yazısıyla başlayıb məmuru şantaja…Qalmaqal çatır Heydər Əliyevin qulağına və o da “eşq” üçbucağının hər üç tərəfini cəzalandırır. Abşeron (ya da ayrı rayon) rəhbərinin başına nə gəldiyini deyə bilmərəm. Ancaq Ələkbər Tağıyev və Zeynəb Xanlarova təxminən il yarıma (mən, əlbəttə, səhv edə bilərəm) qadağan altında qaldılar. Bu qadağanı Heydər Əliyevin necə götürdüyünü, hansı mülahizələrlə götürdüyünü dəqiq demək çətindir. Ancaq Heydər Əliyev ustedadlı olanı istedadlı olmayandan ayırmağı bacarırdı. Və öz janrlarında Ələkbər Tağıyevin və Zeynəb Xanlarovanın bərabərləri yox idi. Bir də ki, Heydər Əliyev onları niyə bağışlamayaydı ki? Bu iki sənətkarın “çarpayı” əməliyyatı əsil KGB üslubunda həyata keçirilmişdi və bu da Heydər Əliyevdə, ola bilsin ki, rəğbət də doğura bilərdi…

Əslində Zeynəb Xanlarova guya yaxınlıq elədiyi məmuru ya lap Ələkbər Tağıyevi öldürsəydi də, Əliyev ona bağışlardı.Çünki Zeynəb xanım əliyevçiliyin mədəniyyət dəstəyinin çox vacib elementi idi.

Yetmişinci illər Azərbaycanın dinamik şəkildə iqtisadi və əxlaqi bataqlığa yuvarlanma dövrüdür. İqtisadiyyatın bütün rəsmi göstəriciləri yalan idi və buna görə də rəsmi təbliğatda bir kəlmə də doğru söz yox idi. Rekord pambıq, taxıl, çay, üzüm məhsulları dövlət idarələrində qondarılırdı və bunun belə olduğunu gözlə görmək üçün Azərbaycan mağazalarına girmək kifayət idi. “İri addımlarla adımlayan Azərbaycan”ıın mağazaları  boş idi, guya bir milyon tondan çox pambıq yığan respublikanın apteklərində camaata tibbi pambıq satılmırdı! Təhsil, səhiyyə ildən-ilə ən parlaq korrupsiya zonalarına çevrilirdilər. Bunların hamısından pis mənəvi-əxlaqi tənəzzül idi, adamlar üçün əzilmə, tapdanma normaya çevrilirdi, 60-cı illərdə kolxoz sədrinin elədiklərini 70-ci illərdə briqadir də edə bilərdi: yəni tarlada gəlinləri saçlayıb döyə bilərdilər – bunlar öz gördüklərimdir. Rüşvətxorluq Heydər Əliyevin vaxtında normaya çevrilmiş, rüşvətxor cəmiyyətin ən hörmətli adamı olmuşdu. “Ala bilməyənlər” əfəl, vecəyaramaz sayılırdılar…

Uşaq vaxtı kənd şənliklərindən hələ əllinci illərdə, aclıq vaxtı, qarmon çalan bir nəfərdən söhbətlər eşitmişəm. Bu adam naşı imiş, yəni “qırıldadırmış”, cəfəngiyyat çaldığını camaat başa düşməsin deyə yanındakı nağara çalana tez-tez göz eləyirmiş: “Bərkdən vur!” (Uzun illər sonra indi həyatdan getmiş qarmonçunun musiqi alətini gördüm: primitiv bir qarmon, yarımpərdələrsiz!).

Əliyevə də ölkədəki vəziyyətin bərbadlığını ört-basdır eləmək üçün güclü təbil zərbələri lazım idi. Respublikada olan bütün incəsənət adamları Əliyev üçün təbil vururdular – Rəşid Behbudovan tutmuş Zeynəb Xanlarovaya qədər. İndi diktaturaya qarşı mübarizəyə qalxmış Rüstəm İbrahimbəyov Əliyevin korrupsiyaya qarşı necə amansız mübariz olduğunu göstərən filmlər çəkirdi… Noyabrın ortalarına qədər yağış altında pambıq tarlalarında zorla saxlanan arvad-uşaq çəkdiyi nahaq zülmü hansı rayondasa planın dolmağna həsr olunmuş konserti görəcəyi ümidiylə unudurdu. Axşamlar Bərdədən ya Ağcabədidən konsert göstərilirdi. Küləkdən saçları pırpızlanan müğənnilər atılıb-düşür və yem gözləyən heyvan mələməsinə oxşayan səslər çıxarırdılar… Əlbəttə, hər müğənnin öz yeri vardı, rayonlar arasında musiqiçiləri iqtisadi potensial və şöhrətlə mütənasib bölüşürdülər… Zeynəb Xanlarova rayonlara çox getməzdi, onu Lenin adına sarayda Moskvadan növbəti Qırmızı bayrağın alınmasına həsr olunmuş konsertə saxlayırdılar. Xalq intizarla gözləyirdi və bu şirin intizar ona çəkdiyi zülmləri qismən unutdururdu… Sonra məlum oldu ki, briqadir, aqronim, kolxoz sədri, raykom katibinin tapdağı altında əzilən xalqın yeterdiyi oğullar döyüşməyə qadir deyillər, kölə kimi boy atmış gənclərdə döyüş ruhu ola bilməz. Və indi Lenin adına sarayın səhnəsində döşlərini oynada-oynada atılıb düşərək “Azərbaycan, Azərbaycan!” oxuyan Zeynəb Xanlarovanı ürək bulantısıyla xatırlayıram…

Üstündən qadağan götürüləndən sonra Zeynəb Xanlrova müğənnilik fəaliyyətini əvvəlki qaydada davam etdirdi, bir fərqlə ki, o daha Ələkbər Tağıyevin mahnıların oxumurdu. Prokuror bəstəkarın mahnılarının indi yeni ifaçısı vardı: Nisə Qasımova. Nisəni, indi dəbdə olan ifadədən istifadə etsək, “kaslıblar üçün Zeynb Xanlarova” da adlandlrmq olardı, bu müğənnidə orijinal heç nə yox idi. O ki qaldı Zeynəbin özünə, məcburi fasilə dövründə onun səsi xarablaşmışdı. Əslində Zeynəb xanımın yaxşı səsi 60—cı illərdə olub, keyfiyyətli studiya yazıları da o dövrə aiddir, indi You Tube-a qoyulmuş yazıların əksəriyyətinə qulaq asmaq mümkün deyil – mahnılrın musiqi materialı keyfiyyətsizdir, müğənninin səsi xarabdır və açıq-aşkar xaric oxuyur. Ancaq Heydər Əliyev tərəfindən bağışlanmış müğənni xanım səhnəyə ikiqat expresssiya ilə qayıtdı və bu expressiya bir tərəfdən musiqi ifaçılığını üstələyən, digər tərəfdən səsin keyfiyyətsizliyini ört-basdır etməyə çalışan aqressiyaya çevrilirdi. Səhnədə atılıb düşməklə, parlaq paltarlarla, mahnılar arasında vətənpərvər ritorika ilə tamaşaçılara müraciətlə Zeynəb Xanlarova xoşbəxt həyat və işıqlı perspektivlər illyziyası yaradırdı: səhnədəki belə karnavaldan sonra kim şübhə edərdi ki, ölkədə həyat pisdir?

Ələkbər Tağıyev 1981-ci ildə ölüb, 59 yaşında. Zeynəb xanımla bağlı kriminal əhvalat (şayiələrə görə) nə dərəcədə onun ölümünü yaxınlaşdırıb, demək çətindir. Yazırlar ki, 200-dən çox mahnısı var. Güman edirəm ki, bunlardan ən azı beşi yüksək keyfiyyətli musuqi əsəridir ki, bu özü peşəkar bəstəkarlar üçün də az deyil. Və bu mənada cənab Tağıyev öz xalqının minnətdarlığına layiqdir. Və Ələkbər Tağıyevin yaradıcılığın yaxşı dövrü əllinci illərin axırında və 60-cı illərdə olub – o vaxt Azərbaycanda hələ Əliyev və Əliyev antiestetikası hökmranlıq eləmirdi. İndi az adam fikirləşir ki, Əliyevə qədər Tofoq Quliyev olub, Rəşid Behbudov olub, Müslim Maqomayev olub, “Qaya” olub, Flora Kərimova olub, Əli Kərim olub, Hökumə Qurbanova olub, “Neftçi” SSRİ çempionatında bürünc medal alıb…

80-ci illərin əvvəllərində mənim elmi rəhbərim mərhum Xalıq Koroğlu Bakı alimlərinin süni şəkildə 12-ci əsi Azərbaycan ədəbiyyatını Avropa İntibahı fenomeninə bağlamaq cəhdlərinə gülərək deyirdi: şair hökmdara müraciət edərək deyir ki, mən sənin qapının itiyəm. Yaradıcı insanın  hökmdar arasında bu cür kölə-ağa münasibəti halında hansı İntibahdan danışmq olar?

Eləcə də Zeynəb Xalarovanın özünü “kişi qızı” adlandırmağı gülməlidir. Səhnədə döşlərini ata-ata “Partiymın eşqilə sən, Güləcəksən hər bir zaman, Azərbaycan, Azərbaycn”, oxuyan adamın özünü “kişi qızı” adlandırmağa haqqı varmı? Ümumiyytələ, o dövrdə yaşamış və fəaliyyətini  Əliyevin Moskvada şərəfləməsinə hərsr etmiş hansı sənətkar özünü “kişi oğlu” ya “kişi qızı” adlandıra bilər? Onların hansının tarla gözətçisindən tutmuş raykom katibinə qədər bütün hakimiyyrət nümayəndələrinin tapdağı altında olan xalqdan xəbəri vardı?

Bəxriyar Vahabzadə (1980-cı il) deyirdi ki, Əliyevin azərbaycanlı qocaları Brejnevin qabağında oynatmağı onu dəhşətə gətirir. “Yaxşı, sizi yığıb gətiriblər Brejnevin pişvazına, boynunuza lent atıblar. Daha oynamaq niyə?”

Azərbaycanlıların qocalı-cavanlı rusların qabağında yallı getməyini Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekəyəsində yaxşı təsvir edib. Əliyevə təzə ssenari yazmaq lazım deyildi… ancaq qəribə burasıdır ki, deyilənlərə görə, Bəxtiyar Vahabzadə özü də qoca vaxtında oynayırmış. Əliyevin qabağında…

Adətən Zeynəb Xanlarovanın ən böyük xidməti kimi onun “Azərbaycanı dünyaya tnıtması”nı deyirlər. Əlbəttə, bir vaxtlar Zeynəb xanım Türkiyədə məşhur olub, onu İranda tanıyıblar, müğənni Avropada konsertlər verib. Ancaq biz əsil dünya şöhrətli şərq müəğənnilərini tanıyırıq: Mərziyə xanım, Ququş, Feyruz, Nezrin Sipahi… Bu müğənnilərin hər birinin ifasında onlarla yüksək keyfiyyətli melodiyalar lentə alınıb. Feyruz həm də Livanın rəmzinə çevrilib, yetmişinci illərdə vətənində gedən vətəndaş müharibəsinə etiraz olaraq oxumaqdan imtina edib.(Kişi qızı!) Mərziyə xanım ahıl vaxtında xaricdəki mücahid təşkilatına qoşulmuşdu. Molla rejimiylə mübarizə aparırdı. (Kişi qızı!) Ancaq hər halda sənətkar üçün ən vacibi onun yaradıcılığıdır. Zeynəb Xanlarovanın son qırx ildəki yaradıcılığı isə yüksək sənət deyil, buna ruslar “popsa” deyirlər… O ki qaldı bizi dünyada tanıtmağına… Rusiya böyük ölkədir, Azərbaycanla da qonşudur. Zeynəb Rusiyaya nəinki Azərbaycanı, hətta özünü də tanıda bilməyib. Avropadakı konsertlərin dolu zalları bizi azdırmamalıdır, bu zalları dolduranların çoxu yerlilər deyil, Şərq ölkələrindən olan mühacirlərdir. Deyək ki, lap elə Zeynəb Azərbaycanı xeyli ölkəyə tanıdıb. Bununla hansı problemimiz həll olunur? Azərbaycanın məktəbləri dağılıb, səhiyyəsi dağılıb, məmurlar oğru və hampazordur – dünyanın çox ölkələrində bunu bilirlər, çünki kürüyə satılmayan jurnalistlər bunları yazırlar. Və bu problemlər o cümlədən ona görə həll olunmur ki, ölkə parlamentində kişi oğlu kişi İlqar Məmmədov yox, Zeynəb Xanlarova oturub…

Nə keyfiyyətli işə, nə şücaətli savaşa hazır xalq möcüzə gözləyir. Çox insan elə fikirləşir ki, bizim müğənnilərimizin Türkiyədə dolu zallar yığmağıyla biz ağ günə çıxarıq. Çıxmarıq! 1992-ci ildə ermənilər bizim xalqı türklərin gözünün qabağında qırıb-tökdülər. Zəngilanın, Ağdamın, Kəlbəcərin qayıtmağının dünyada bizim tanınıb-tanınmağımızdan heç bir asılılığı ypxdur. Bu, bizdə qeyrətin olub-olmamağından asılıdır. Yəni toyuq lax yumurta üstündə oturan kimi illərlə parlamentdə oturub xalqın bir ətək pulunu xərcləyən adamların ildə bir dəfə “mən kişi qızıyam” ya “mən kişi oğluyam” deməyinin bir qara qəpik qiyməti yoxdur. Millətə özüadlanan “kişi qızları” ya “ kişi oğulları” lazım deyil. Millətin ehtiyacı kişilərədir…Və, əlbəttə, vətənpərvər qadınlara…

 

15-17 aprel 2013 Samara

 

BƏXTİYAR VAHABZADƏDƏN EŞİTDİKLƏRİM

Bəxtiyar Vahabzadənin 1979 ya 1980-cı ildə Azərbaycan universitetinin filologiya fakültəsində ixtisas kursu apararkən dediklərindən.

Polad Bülbüloğlu haqqında

“Vallah, bu Bülbülün oğlu qəhrəmandır!” (Müəmmalı pauza, auditoriya mat qalıb). “Vallah bu Bülbülün oğlu çox igid oğlandır!” (Yenə pauza, qiyabiçi tələbələr sarsılıblar). “ Vallah, o səslə ki Polad Bülbüloğlu səhnəyə çıxıb oxuyur, buna böyük igidlik lazımdır!”

 

                         Zeynəb Xanlarova haqqında

“Qeyrəti olan Azərbaycan oğlu ona baxmaz!”

Flora Kərimova haqqında

“Flora – bax, bu əsil müğənidir. Ancaq deyəsən axır vaxtlar o da…quqquldayır…”