Архив тегов | Basatın Təpəgözü öldürdüyü boy

TƏPƏGÖZÜN SONDA BASATA DEDİYİ

(Basatın Təpəgözü öldürdüyü boy)

Deyirdim bir qalxıb durum yerimdən

Oğuz bəyləriylə pozum əhdi mən.
Qırım təzəliklə doğulanları,

Yeyim adam əti doyunca barı.

Birdən Qalın Oğuz bəyləri qalxsa,
Salaxan qayası olar xilasım.

Qoyub mancanağa ağır daş atım,
Düşsün öz başıma, ölüb qurtarım.

Məni ala gözdən, igid, ayırdın!

Canından ayırsın səni Tanrı da!

TƏPƏGÖZ DAHA SONRA DEDİ

Ağsaqqal qocalar çox ağlatmışam,
Bəlkə qarğışları gözümü tutdu?

Ağbirçək qarılar çox ağlatmışam,
Bəlkə göz yaşları gözümü tutdu?

Bığ yeri tərləmiş çox igid yedim,
Bəlkə az yaşları gözümü tutdu?

Əlləri xınalı qızları yedim,
Bəlkə qarışları gözümü tutdu?

Elə ki çəkirəm bu göz zülmünü,
Tanrı heç igidə verməsin görüm!

Yalnız gözüm!

Əziz gözüm!

11. 04. 2021, Samara

BASILACAĞINI DUYANDA TƏPƏGÖZÜN DEDİYİ

(Basatın Təpəgözü öldürdüyü boy)

Gözüm, yalnız gözüm, incim, əzizim!

Səninlə Oğuzu sındırıb əzdim!

İgid, ala gözdən məni ayırdın,
Canından ayırsın səni Tanrı da!

Bu göz zülmünü ki, çəkirəm indi,

Tanrım çəkdirməsin heç bir igidə!

 

Təpəgöz yenə dedi:

 

Durduğun, qopduğun, igid, nə yerdir?

Azsan qara gecə, ümidin nədir?

Bəs hansı xanınız döyüş günündə,
Byarağı qaldırıb yürüyür öndə?

Ağsaqqal atanın bəs nədir adı?
Adını gizlətmək ərə ayıbdı,

İgid, söylə mənə, öz adın nədir?

 

08-09. 04. 2021, Samara

QAZAN XANIN BASATA DEDİYİ

(Basatın Təpəgözü öldürdüyü boy)

Qara əjdaha tək qalxdı Təpəgöz,
Göydə cəhd elədim, yenə bilmədim

Qara qaplan kimi qalxdı Təpəgöz,

Dağda dəf elədi məni yenə də.

Quduz bir aslana döndü Təpəgöz,
Döndüm, qamışlıqda döyüş gedəndə.

Nə qədər olasan, Basat, igid, ər,

Olmazsan Qazana bil ki, bərabər!

Ağsaqqal atanın qəlbi dağlanar,

Ağlayar ağbirçək anan da zar-zar!

08. 04. 2021, Samara

BASATIN AĞLAYIB QARDAŞI ÜÇÜN DEDİYİ

 

(Basatın Təpəgözü öldürdüyü boy)

 

Qara torpaq üstdə tikdyin evi,
Qardaş, o zalımdır yıxıb dağıdan.

Şahbaz atlarını, girib tövləyə,
Qardaş, o zalımdır seçib aparan.

Sənin təkhürgüclü dəvələrinin,
Odur yaxşını seçən qatardan.

Toylara kəsdiyin kök qoyunları,
Qardaş, o zalımdır qırıb-dağıdan.

Gəlin gətirmişdin sevimli yarı,

Qardaş, o zalımdır sizi ayıran.

Ağsaqqal atamı dərdin əzirdi,
Elə “oğul” deyib ağladı, qardaş.

Ağ üzlü anam da dərdə əsirdi,
Ovunmaq bilmədən sızladı, qardaş.

Qarşı qara dağın zirvəsi qardaş,
İşığım, belimin qüvvəsi qardaş!

07-08. 04. 2021, Samara

TƏPƏGÖZÜN APOLOGİYASI

2

Təpəgöz qolunu yaradan insan!

Əsirəm, aşiqəm istedadına!

Sənin əsərini oxusam haçan,
Yenə yaş axıtdım, ağladım yenə…

Getməsin heç kimin uzağa fikri,
Məni ayrı şeydir ağladan tamam.

Məni Təpəgözün törətdikləri,

Necə sarsıtsa da, yaş axıtmıram.

Elə ki, tək gözdən olur Təpəgöz,
Naləsi ucalır göyə elə ki,
O anda bəs deyil mənə iki göz,

Axıdam qan-yaşı, gedə sel kimi.

Təpəgəz boyunu yaradan düha!

Tanrı vergisiylə doğulan insan!

Qopur Təpəgözün elə ki, ahı,
Mənim ürəyimdən qara axır qan!

“Məni ala gözdən, yigit, ayırdın,

Səni tatlu candan ayıra Tanrı…

Göz dağı verməsin heç kimə Qadir…”

Bəlkə bir oxumuş, ya da ziyalı,
Tibbə, fəlsəfəyə baş vurar indi.

Qatilə, caniyə canıyananlıq,

Deyər Stokholm sindromudur.

Nə deyim…Bəlkə də… Oxuyun ancaq,

Bir də Təpəgözün monoloqunu.

Tanrı hüzuruna yaxınlaşınca,

Haçan, nə törədib, alır boynuna!

Baxın dünyamıza! Adamyeyənlər,

Görün nə qədərdir! Azmı ağladan
Qocanı, qarını? Görün nə qədər,
Xınalı gəlinin həyatı viran!

Nə maldan, nə puldan gözləri doyan,

Azmı həndəvərdə? Yad ömürlərə,
Qəsd edən, yetimə, kasıba qıyan,

Minləri qırdıran bircə əmrlə?

Qız-gəlin qarğışı, qarı qarğışı,
Birini tutubmu? Ya da haçansa,

Lap ölüm qabağı, axıdıb yaşı,
Üzr və mərhəmət diləyib hansı?

Talayır dünyanı ikigözlülər,
Nə sapsız qılınc var, Basat var nə də.

Dayanmaz, yaş axar, qan da tökülər,
Yenə yalnız gözün çıxan yerindən…

23.02. 2021, Samara