Архив тегов | Bodlerin şeirləri

ŞARL BODLER. AMİNA BOSKETTİ[i]NİN BRÜSSELDƏ DE LA MONNE TEATRINDA DEBÜTÜNƏ

бодлер

Sur les débuts d’Amina Boschetti Au Théâtre de la Monnaie à Bruxelles

 

Amina pərvazlanır, hərlənir, gülümsəyir;

Qall[ii] deyir: Bunlar mənə hamısı ağ yalandır,

Pöhrəlik nimflərindən söhbət əgər gedirsə,
Montagne-aux-Herbes-potagères-dədir məim tanıdıqlarım.

 

Şümal ayaqlarından gülən göünə qədər,
Ruh, dəli-divanəlik yayılır  Aminadan;

Qall deyir: “Uzaq olun, aldadıcı nəşələr!

Belə xoş hoqqalar yox mənin öz arvadımda”.

 

Duruşları müzəffər qadın, çalışırsınız,

Öyrədəsiz bayquşa nəğməni, filə valsı,

Leyləyəsə gülməyi, xəbəriniz yox ancaq,

 

Bütün bu zülmünüzə Qall deyəcəkdir: “Haro[iii]!”

Baxusun öz əlindən burqonu tez qaparaq,

Monstr deyinəcək: “Gətirin mənə faro[iv]!”

 

Fransızcadan tərcümə

30-31.08. 2018

Samara

[i] Amina Bosketti – görkəmli Milan balerinası

[ii] Orijinalda: Welche; almanları, xüsusən İsveçrə almanlarınin fransızlara və italyanlara verdikləri təhqiramiz ad

[iii] Haro – qışqırarq kiməsə acıq tökmək üçün işlədilən ifadə

[iv] Faro – şəkər və quzu əti qatılmış Belçika pivəsi

FRANCISCAE MEAE LAUDES[i]

бодлер

Franciscae meae laudes

 

Mən təzə nəğmələr deyərəm sənə,

Ey cavan maralım, rəqs eləyirsən,

Mənim ürəyimin təkliyində sən.
Tərtəzə çələnglə bəzənsin alnın.

Ey incə qadın,

Məim kimilərin günah yuyanı!

 

Sanki səxavətli Leta suyusan,

İçirəm mən sənin şirin busəni,
Ötürsən maqnitin cazibəsini.

Sən gəldin xilaskar bir ulduz kimi,

Ağır fəlakətə yaxınkən gəmi…

Götür mehrabına sən ürəyimi!

 

Ləyaqətlə dolu  hovuzsanmı sən
Ya əbədi gənclik fəvvarəsisən?

Hökm elə yenidən açılsın səsim!

 

O zaman ki günah qasırğaları,
Süpürdü yolları və çığırları,
İlahə, biz gördük sən xilaskarı

 

Natəmiz olanı oda qaladın,
Kobud nə vardısa, sən hamarladın,

Sağaldı, bərkidi xəstə olan da.

 

Ac bir yolçuyamsa, karvansarasan,
Qaranlıq gecəmə işıq salırsan.

Məni haqq yoluyla daim apar sən.

Ver mənə gücündən, bərkisin canım,
Suları mülayim, məlhəm hamamım,

Ətrafa xoş, şirin ətir yayanım!

Çanağım üstündə daim işıqlan,

Dualı, serafik suya salınan,
Mənə sədaqətlik kəməri olan!

 

Qiymətli daşlarla parıldayan cam,
Dadlı-duzlu  çörək və ləziz təam,
İlahi şərabım, ah, Fransiskam.

 

Şeir latınca orijinalından tərcümə edilib

29-30.08. 2018

Samara

[i] Mənim Fransiskamın tərifi (latınca)

ŞARL BODLER. ÜZÜN VƏDİ

бодлер

Les Promesses d’un visage

 

Sevirəm, ağuş gözəl, qıyıq qaşlarını mən,
Onlardır elə bil ki, yayan toranlıqları,

Çox qaradır gözlərin bəlkə, məndə onların,

Oyatdığı fikirlər yaslı deyildir hərçənd.

 

Bu zil qara gözlərin gözəl uyuşur sənin,
Qara da saçlarınla, parlaq, hamar yalınla.

Qara gözlərin mənə deyir xumarlanaraq:
Gözəl Pəri məşuqu, varsa əgər istəyin,

 

Gedəsən ürəyində bizim oyatdığımız

Ümidin və sevimli nəşələrin dalınca,

Bilərsən ki, göbəkdən sağrılarımızacan,
Gözə görünən nə var, həqiqətdir hamısı.

 

Taparsan iki iri, gözəl döşün başında,
Böyük, rəngi bürüncə bənzəyən medalları,

Buddapərəst dərisi kimi sarı-qaralı,

Hamar və məxmər kimi qarnın aşağasında
Bir zəngin topa tük ki, bacısıdır, doğrudan

 

 

Başdan boyun aşağı tökülən gur tellərin,

Yumşaq və qıvrılandır, onlar elə bil eyni,
Ulduzsuz bir gecəylə, həm dumanlı, həm qara.

Fransızcadan tərcümə

29.08. 2018

Samara

ŞARL BODLER. BƏZƏKLƏR

бодлер

          Les Bijoux

Çılpaq idi əzizim, yaxşı bilib könlümü,

Üstündə saxlamışdı bəzəklərini  ancaq.

Bu zəngin daş-qaşla o, müzəffər görünürdü,

Xoş günündə sevinən Məğrib kənizi sayaq.

 

Şölələnən bu metal və incilər dünyası,
Oynaq və şən səslərin rəqsini başlayırkən,
Ekstaz sarır məni, qaynayır ehtirasım,

İşıq və səs qarışan hər şeyi sevirəm mən.

 

Verir ixtiyarıma özünü, uzanaraq,
Divan ucalığından razıca gülümsəyir,

Tükənməz eşqimlə ki, uca qayalıqlara

Dərin, xoş dəniz necə qalxar, elə yüksəlir.

 

Əhil pələng tək mənə gözlərini zilləyib,

Tez-tüz duruş dəyişir, xumar və məst havalı,

Onda səmimiyyətin və şəhvətin birliyi,
Metamorfozlarında  ayrı cazibə alır.

 

Əlləri, ayaqları, qarnı və baldırları,
Yağ kimi cilalanıb, qu kimi dalğalanır,
Keçəndə aydıngörən gözüylə qabağımdan;
Onun qarnı, döşləri, bu üzüm salxımları,

 

Oyatmağa qəlbimi dincə daldığı zaman,

Gəlir, daha füsunkar xəta Mələklərindən,

Onu zorla qopara büllur bir qayalıqdan,

Tənha və həyəcansız qərar tutduğu yerdən.

 

 

Dedim yeni rəsmdə görürəm ki, birləşib,

Antiopun budları büstü ilə  oğlanın.

Gövdəsi onun necə çanağıyla uyuşur,
Əsmər dərisi üstdə ənliyi gözəl yanır!

 
— Zaman keçdi, nəhayət, keçindi çırağım da,
İndi ocaqdı yalnız otağa işıq salan.

Hər dəfə ucalanda onun içindən bir ah,
Kəhrəba dəri altdan qızarırdı qızıl qan.

 

Fransızcadan tərcümə

26-27.08. 2018

Samara

ŞARL BODLER. HİMN

бодлер

       Hymne

Səninlə nurlanır ürəyim mənim,

Gözəl, sevimli yarım,

Ölməzlik salamı, ölümsüz sənəm,
Sənə yollaram!
O mənim ömrümə hopur, yaxılır,

O, duz dolu havadır.

Doymaz və tamarzı ruhuma axır,

Əbədiyyətin dadı.

 

Əziz bir guşənin ətrini yayan
Saşeyə bənzər.

Ya gecə xəlvətcə sanki buxurdan,
Özü tüstülər.

Necə təsvir edim, dəyişməz eşqim,
Oxşasın həqiqətə?

Əbədi sancılıb toxumu müşkün

Ürəyimin dibində!

 

Səninlə nurlanır ürəyim mənim,

Gözəl, sevimli yarım,

Ölməzlik salamı, ölümsüz sənəm,
Sənə yollaram!

Fransızcadan tərcümə

27.08. 2018

Samara

ŞARL BODLER.   LƏNƏTLƏNMİŞ QADINLAR (DELFİN VƏ HİPPOLİT)

бодлер

Femmes Damnées (Delphine et Hippolyte)

 

Ağımtıl işığında xumarlanan çırağın

Başını ətir hopmuş balınclarda qərq edən,
Hippolit xəyallanır gənclik açılığının,

Pərdəsini qaldıran sevgi məzələrindən,

 

Qasırğadan təlaşlı gözləriylə  axtarır,

Saflığının elə bil uzaq səmalarını.

Səyahətçi necə ki, qanrılır geri, baxır,

Səhər açalan zaman mavi üfüqlər sarı.
Yaş axıdan gözləri ifadəsiz və donuq,
Çaşqın, pərt görünüşlü, qüssə doğuran məzə,
Gərəksiz silah kimi yanında əli-qolu,

Hər şey uyuşur, hər şey onu göstərir gözəl.

 

Uzanıb ayaqları alrtda şən və mehriban,
Alovlu gözlərini Delfin ona zilləyib,
Şikarını izləyir necə yırtıcı heyvan,

Yaxşıca nişanlayıb iti dişiylə əvvəl.

 

Güclü gözəl diz çöküb zərifin qabağında,
Möhtşəmdir içərkən öz zəfər şərabını

Ehtirasla və sanki almağa cavabında,

Şirin təşəkkürləri ona sarı uzanır.

 

Rəngi qaçmış qurbanın gözlərində axtarır,

Görsün onlarda həzzin oxuduğu lal himni.

Görsün onlarda incə, ali minnətdarlığı,

Ki, göz bəbəklərindən çıxar uzun ah kimi.

 

“Bu işlərdən, Hippolit, canım, nə düşünürsən?

İndi anlayırmsan qönçələrinin əgər
Müqəddəs ocağını vəhşi, qızğın nəfəsə,
Yaxın versən, çiçəklər solub gedə bilərlər?

 

İncədir öpüşlərim axşam böyük göllərin,
Ayna suları üstdə pərvazlanan böcək tək.

Oynaş öpüşlərisə səndə iz salar dərin,
Ataba kimi ya da kotan tək şırım çəkər.

 

İri sürüsü kimi atların, öküzlərin

Üstündən keçər onlar, rəhm eləməz, tapdalar…
İppolit, bacım mənim, mənə çevir üzünü,
Mənim canım, ürəyim, yarım və mənim tamam,

 

Göylə, ulduzla dolu gözünlə  mənə bax sən,
Nazlı bir baxışına sənin, ilahi balzam,

Qaldıraram pərdəni ən incə nəşələrdən,
Tükənməz bir yuxuda mən səni yırğalaram.

 

Fəqət İppolit bu vaxt gənc başını qaldırır:

“Yox, peşman deyiləm mən, məni nankor da sayma,

Delfinim, qəlbim üzgün, məni əzab ağrıdır,
Müdhiş gecə kefləri ağrıdar necə sonra.

 

Duyiram ki, bürüyür məni ağır qorxular
Qara kabus alayı alır həndəvərimi

İstəyirlər dəyişən bir yola çıxaralar,
Qanlı üfüq qapayır yolun hər tərəfini.

 

De, bizim hərəkətdə varmı qəribə nəsə?

İzah elə, bacarsan, bu qorxu, təlaş nədir:

Titrəyirəm, elə ki,  “Gəl, mələyim! deyirsən,
Duyuram sənə doğru dodağım ancaq gedir.

 

Gəl mənə belə baxma, mənim fikrim, düşüncəm,
Seçib sevdiyim bacı, əbədi məhəbətim.

Tələyə də çevrilsən mənə bir gün əgər sən,

Başlansa da səninlə qaçılmaz fəlakətim.

 

Delfinsə faciəvi yalını silkələyir,

Sanki naxış basaraq dəmir üçayaq üstdə
Göz fatal, amiranə səsiylə cavab verir:

— “Məhəbbətin önündə nə cəhənnəm söhbəti?

 

O vecsiz xəyalpərpər həmişə lənətlənə,
Kütlüyündən girişdi  kim ki, birinci  dəfə,

Həlledilməz, steril məsələnin həllinə,
Məhəbbət işlərinin qarışdırdı şərəfə.

 

 

Get, əgər istəyirsən, axtar küt bir adaxlı;
Məsum qəlbi təslim et heyvərə öpüşlərə;

Peşman və qorxu dolu, meyit kimi ağarıb,

Qayıdarsan yanıma təhqir olmuş döşünlə…

 

Bir ağa burda ancaq hökm edə bilər yəqin!”

Uşağınsa qəlbini qüssə durmadan didir,

Ağlayır: “Nəsə mənim içimdə genişlənir,

Bu, girdabdır işaran, bu girdab ürəyimdir.

 

Vulkan kimi qaynayır, boşluq kimi dərindir,
İnildəyən monstru doyura bilməz heç nə,
Təşnəsini yatırmaz heç nə Emenidlərim,
Əlini yandırırsa, yandırar iliyəcən.

 

Ayrılaq bu dünyadan qapalı pərdələrlə
Qoy bu yorğunluq bizə dinclik həm də gətirsin.
Döşlərin arasında mən yox olub gedərəm,
Sinən üstdə soyudar məni məzar sərini.

 

Enin, enin, zavallı qurbanlar, siz, nəhayət,
Yürüyün cəhənnəmin əbədi yollarında!

Ən dərin uçuruma gömülün, hər cinayət,
Göydən əsməyən külək çırpıb əzəcək orda,

 

Haray salıb qaynaşın, bənzəyin qasırğaya,
Dəli kölgə tək qaçın ehtirasın dalınca.

Söndürə bilməzsiniz candakı odu heç vaxt,
Öz ehtirasınızdan cəzanız doğulacaq.

 

Mağaranıza heç vaxt düşməz soyuq bir şüa,
Divar çatlaqlarından titrəşən miazmlar,
Sızıb girər və orda çıraq kimi alışar,
Hopar bədəninizə üfunət dolu qazlar.

 

Sizin işrətinizin acı sterilliyi,

Təşnənizi artırar, qurudar dərinizi.

Şəhvət ehtirasının gurlayan küləyiylə,

Köhnə bir bayraq kimi çırıpılır bədəniniz.

 

Sərsəri, lənətlənən! Uzaqlara bəşərdən,
Yürüyün canavar tək, keçib boş düzənləri.

Taleyiniz yazana, çaşqın qəlblər, baş əyin,

Sonsuzluqdan qaçın ki, o da içinizdədir.

 

Fransızcadan tərcümə

21-24.08.2018

Samara

ŞARL BODLER. LETA[i]

бодлер

       Le Léthé

Gəl sinəm üstünə, qəddar ürəklim,
Gözü məst monstr, füsunkar pələng,
Titrək barmaqlarla qalın və qəşəng,
Yalında oynayım, sığal da çəkim.

 

Sənin ətir dolu tumanlarınla,
Bürünsün ağrılı başım qoy mənim,

Solğun çiçək kimi, ölən eşqimin

Kif hopmuş qoxusu sinəmə dolar.

 

Arzum yaşamaq yox, yuxudur indi,

Ölüm tək şirin bir yuxuda sənin,

Öpərəm cilallı, gül bədənini

Vicdan ağrıları bilmədən nədir.

 

Ən yaxşı girdabdır sənin yatağın.

Hönkürtülərimi alar, qərq elər,
Yaşadar ən güclü unutqanlığı,

Ağzın, Leta axar öpüşlərinlə.

 

Mənə indən belə tale həzz və eşq,

Ona baş əyirəm önyazılı tək.

Günahsız məhkumam, həqir əzabkeş,

Zülmümü artırır etdiyim hər səy.
Könül acısını ovundurmağa,
Mən nepent[ii] soraram, gözəl siqö[iii] də,

Ürəyin heç zaman qorumadığı,
Döşlərinin incə gilələrindən.

 

Fransızcadan tərcümə

18-19.08. 2018

Samara

[i] Yunan mifologiyasında Erisin qızı, unutqanlığın təcəssümüm. Tez-tez Leta çayı ilə, Cəhənnəmdəki “unutqanlıq çayı” da adlanan beş çaydan biri ilə qarışdırırlar.

 

[ii] [ii] Nepent (Nepenthe) —  guya qüssəni qovan uydurma dərman

 

[iii] Siqö (ciguë, ciguë, sikuta) – zəhərli bitki, ya ondan alınan zəhər

ŞARL BODLER. MÜQƏDDƏS PYOTRUN DÖNMƏKLİYİ 

бодлер

Le Reniement de Saint Pierre

 

Əziz Serafimlərə bütün gün ünvanlanan,

Qarğış dalğalarıyla Tanrı neyləyir görən?

Müdhiş küfr harayında bəlkə şirin mürgülər.

 Necə ki, bol yeməkdən, şərabdan köpən tiran,

 

İztirab çəkənlərin, məzlumların naləsi,
Bir simfoniyadır ki, yəqin xumarlandırar.

Zira alınırsa da onların həzzi qanla,

Doyub-dolanan deyil göylər hələ deyəsən.

 

İsa, Zeytun Bağını bəlkə yada salasan!

Sadəliyindən dua eləyirdin diz üstdə.

Cəllad canına sancan mismarların səsindən,
Yəqin ki, xoşallanıb göydə gülürdü osa.

 

Görən zaman səndəki ali müqəddəsliyi,
Küt və şərəfsiz əsgər və qab dibi yalayan,

Elə ki duydun bütün Bəşəriyyət yaşayan,
Kəlləndə sənin tikan çələngi yer eləyir;

 

Əzilmiş bədəninin müdhiş ağırlığından,

Sallananda qolların, rəngi qaçmış alnını,

Bürüyəndə sel kimi axan tərin və qanın, 

Durarkən hədəf kimi hamının qabağında,

 

Xatırladınmı Vədi yerinə yetirməyə

Gəldiyin əzəmətli və möhtəşəm günləri.

Yoluna döşədilər budaqları, gülləri,
Ulaq üstdə kütlənin qabağında getməyə.

 

Cəsarətlə, ümidlə böyüyən ürəyinlə,

Öz əlinlə vuranda sən lotu dəllalları,

Nəhayət, ustalaşdın? Peşmanlıq ağrıları,

Sancıldımı içinə iti nizədən əvvəl?

 

Mənə qalarsa, şəksiz, cana doyub gedərdim,
Arzu ilə hərəkət uyuşmayan dünyadan.

Qılınc qaldırb elə qılıncıla məhv olaydım!

Döndü Pyotr İsadan… o, yaxşı da elədi!

Fransızcadan tərcümə

12-13.08. 2018

Samara

ŞARL BODLER. BİLGİGÜDƏNİN ARZUSU

бодлер

 

              Le Rêve d’un Curieux

                                             Feliks Nadara

Mənim kimi tanışmı sənə də dadlı qüssə,

Deyiblərmi sənə də “Ah, qəribə adamdır!”

 — Mən ölürdüm, eşq ilə dolu ürəyimisə

Üzən həvəslə qorxu qarışıq bir azardır;

 

Əzab və işıq ucu, uzaq qiyamçılıqdan.
Fatal bu qum saatı nə qədər boşalırsa,

İşgəncəm daha acı, həm daha qan qaynadan;

Mənim ürəyim tamam dünyadan uzaqlaşar.

 

Tamaşa ehtiraslı mən bir uşaq kimiydim,
Pərdədənsə bezirdim, çünki o, maneəydi…
Soyuq həqiqətlərin üstü açıldı indi:

 

Təəccüb eləmədim ölümə və bürüdü,
Məni qorxuc bir şəfəq. Necə? Nə varsa budur?

Qaldırımışdı pərdə, hələ də gözləyirdim.

 

Fransızcadan tərcümə

08-09. 08. 2018

Samara

À Félix Nadar

   ŞARL BODLER. KİFERAYA SƏYAHƏT

бодлер

Un Voyage à Cythère

Sevinclə pərvazlanır ürəyim quşcuğaz tək,

Və azad qanad çalır, adlayıb ciyəlıəri,

Yırğalanır altında gəmi təmiz göylərin,

Günəş şüalarıyla sanki xumardır mələk.

 

Bu qara və qüssəli ada nədir? – Kifera,

Deyirlər, mahnılardan tanınır onun adı

Köhnə məktəblilərçin bayağı Eldorado.

Yaxşı baxın; sən demə kasıb bir diyar bura.

 

Burda neçə sirr yaşar, bayramlar ürək oxşar!
Şirin bir ətir kimi üstündə dənizlərin,
Gözəl surəti qalxar  Veneranın elə bil,

Xumarlıqla, eşq ilə ruhları o doldurar.

 

Yaşıl mərsin bürümüş gül-çiçək dolu ada,
Əbədi hörməti var ona bütün xalqaların,

Sıyrılar bura məftun ürəklərin ahları,
Qızıl gül bağı üstdən fimiam tək yayılar

 

Şirin nəğməsi kimi ağacdələnlərin ya!

— Torpağı sısqa, simic bir ölkədir Kifera,
Qıyyalarla narahat yeknəsəq qayalıqlar!

Mənsə görürəm ancaq bir məkan ki, yox tayı.

 

O, ağac kölgəsində duran məbəd deyil ki,

Gizlin ehtirasların alovu bədənində,

Çiçəklərin vurğunu cavan kahinə gedə,
Donunu yarı aça sərin dəniz küləyi.

 

Üzdük elə yaxın ki, dənizin qırağına,
Quşları qorxutdular bəyaz yelkənlərimiz.

Birdən biz üçayaqlı gördük dar ağacını,
Seçilirdi səmada uca, qara sərv kimi.

 

Başlamışdı yırtıcı ziyafəti quşların,

Didilirdi ölünün artıq şişən bədəni

Murdar dimdiklərini alət tək basır onlar,
Qan sızan hər yerinə asılıb çürüyənin;

 

Gözlərinin yerində iki deşik, qarnının,
Çıxb bağırsaları, düşüb ayaqlarına.

Və onu cəlladları həzz ilə xumarlanıb,
İti dimdikləriylə deşib axtalayıblar.

 

Ayaqları altında bir sürü dördayaqlı,

Burunları dikəlib, fırlanır, hərlənirlər.

Heyvanın ən irisi vurnuxur ortalıqda,
Yanı köməkçilərlə dolu rəhbərə bənzər.

 

Kiferanın sakini, gözəl göydən törəyən,

Sən sakitcə dözürsən bütün bu təhqirlərə.
Bəlkə bağışlatmağa rəzil pərəstişi və

Günahları ki, cənə məzarı yasaq edər.

 

Miskin meyit, doğmadır iztirabların mənə!
Baxdıqca duyuram mən sallaq əzalarına,

Qusuntu kimi qalxır dişlərimin dibinə,
Ötən qüssələrimin ödü dalğalanaraq.

 

Xatirəsi sevimli yazıq şeytan, mən sənin

Önündə yenə duydum bir vaxt necə həvəslə
Quzğunların dimdiyi və qara panterlərin,
Çənəsi bədənimi parçalayırdı belə.

 

— Səma göz oxşayandı, dəniz səthi hamardı;

Mənə hər şey qaraydı, qanlıydı indən belə,

Heyhat! Məim ürəyim bu alleqoriyada,

Kəfən bürünmüş kimi həmişəlik gömülər.

Ah, Venara, adanda taraz tapdım bircə şey,

O da dar ağacı ki, surətimi asıblar.

Ah, Cənab! Mənə güc ver, mənə cəsarət də ver,
İkrahsız baxa bilim bədənimə, ruhuma!

 Fransızcadan tərcümə

16-18.08. 2018

Samara